Pəhriz çörəkləri - Menyu

13:49 17.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qədim zamanlardan  çörək ən təməl qida hesab olunur. Çörəyin kökü buğdadan gəlir. Buğda üyüdülərək un əldə edilir, ardınca  həmin undan çörək hazırlanır. Buğdadan alınan un da müxtəlif üsullarla arıtlanıb, ağ çörək, tam buğdalı çörək, kəpəkli çörək hazırlamaq üçün istifadə olunur. Bundan başqa, qarğıdalı və çovdar kimi dənli bitkilərin də unundan növbənöv çörəklər bişirilir.

Bir zamanlar cəmiyyətdə doğru bilinən  yanlış düşüncə formalaşmışdı ki, guya çörək insanı kökəldən başlıca qidadır. Daha sonra onun orqanizmə olan faydaları və zəruriliyi nəzərə alınaraq, belə fikirlər bir qədər arxa plana keçdi. Hələ də pəhriz saxlayan zaman ilk olaraq çörək yeməkdən imtina edənlər mövcuddur. İndi marketlərdə pəhriz saxlayanlar üçün müxtəlif növ unlardan xüsusi olaraq hazırlanmış, azkalorili çörəklər piştaxtaları bəzəməkdədir.

Bəs görəsən, pəhriz çörəkləri ənənəvi üsulla hazırlanmış çörəklər qədər orqanizmə fayda verirmi? Yoxsa onun xeyrindən çox ziyanı var?

Əvvəlcə onu deyək ki, kəpək ağ una, yəni ayrılmış una əlavə edilir və nəticədə, pəhrizlərin vazkeçilməzi olan kəpəkli çörək bişirilir. Bu məhsullar ağ çörəkdən daha çox pəhriz lifinə malikdir, lakin vitamin və mineral baxımından ənənəvi çörəklərdən daha kasıbdır. Buna baxmayaraq, doyurucu və tox saxlamaq kimi özəlliyi olduğu üçün pəhriz saxlayanlar belə çörəklərə üstünlük verir.

Hazırda yerli satış obyektlərində pəhriz çörəklərinin qiyməti 45 qəpikdən başlayaraq, 60-85 qəpiyə, hətta eyni ölçüdə olub 2 manata belə satılanları var. Tərkibləri isə əsasən, buğda unu, kəpək, çovdar unu, quru süd və mineral sudan ibarətdir.

İri ticarət obyektlərinin birində çörək satışı ilə məşğul olan satıcı deyir ki, əksər hallarda müştərilər onlardan pəhriz çörəyi soruşanda cavab olaraq “qara çörək” gözləyirlər:

“İndi elə bir düşüncə formalaşıb ki, guya qara çörək daha dietikdir. Bu fikirlə  özümüz də razıyıq, lakin elə ağ çörəklər var ki, sırf diet üçün hazırlanır. Belə çörəklərin öz alıcı kütləsi var. Sağlam qidalanmağa üstünlük verən insanlar, adətən, pəhriz çörəkləri alırlar”.

Alıcıları isə seçim edən zaman narahat edən əsas məqamlardan biri çörəyə rəngləndirici maddələrin əlavə edilməsidir. Belə ki, hazırda bir çox müştəri qara çörəyə rəng verən maddənin un deyil, digər kənar qatqılar olduğunu düşünür.

Bu gün yerli bazarlarda mövcud olan pəhriz çörəklərinin keyfiyyəti ilə bağlı mütəxəssis yanaşmasını öyrəndik.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə çörəklərlə bağlı vəziyyətin ildən-ilə yaxşılaşdığını söylədi. O bildirdi ki,  çörək biznesi qırmızı xəttin üzərindədir. Pəhriz çörəkləri və digər çörəklər istehsal edən müəssisələr dövlət orqanları tərəfindən qiyməti sabit saxlamaq üçün müəyyən təzyiqlərə məruz qalır:

Bəzi pəhriz çörəklərində bir sutka keçməmiş yapışqanlıq əmələ gəlir ki, bu da unu xəmirə çevirən avadanlığın "kartof" xəstəliyinə bulaşması deməkdir

“Hökumətin  vəzifəsi odur ki, ölkədə rahat bazar mühiti yaratsın, rəqabət olsun və qiymət aşağı düşsün. Həmişə görmüşük ki, dünya bazarında unun, taxılın qiyməti daim qalxsa da, ölkədə çörəyin qiyməti sabit qalır. Bunun müqabilində istehsalçılar çörəyin çəkisini və keyfiyyətini aşağı salırlar”.

Mütəxəssis bir məqamı da xüsusi vurğuladı ki, pəhriz çörəklərinə rəng vurulması məsələsi olduqca səhvdir. Belə çörəklər təmiz undan, müəyyən sanitar-texniki qaydalara əməl edilməklə hazırlanır. Həmçinin ekspertin sözlərinə görə, 1 gün ərzində üzərində yapışqanlıq yaranmış çörək insan orqanizmində müxtəlif fəsadlara yol aça bilər:

“Bu da həqiqətdir ki, bəzi pəhriz çörəkləri alınır, üzərindən bir sutka keçməmiş çörəkdə yapışqanlıq əmələ gəlir. Bu da o deməkdir ki, unu xəmirə çevirən avadanlıq "kartof" xəstəliyinə bulaşıb. Belə məhsulu insan istehlak etdikdə mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Çörəklərin saxlanma müddəti ortalama 72 saatdır.  Bu müddətdən tez və gec xarab olan məhsul narahatlıq doğurur. Bütün hallarda istehlakçılara çörəyin keyfiyyəti ilə bağlı problemlə üzləşdikdə, 1003 qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələrini məsləhət görürəm”.

Sonda elə biz də alıcıları diqqətli olmağa çağırırıq.

Oxunma sayı 1241