Peyğəmbərin hədislərinə görə yoluxucu xəstəliklər zamanı bir yerə toplaşmaq yasaqdır - İLAHİYYATÇI

13:46 25.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq Məhərrəmlik ayı çərçıvəsində qətl gününə sayılı günlər qalıb. Bu gün pandemiya dövrünə təsadüf etdiyi üçün toplaşma, yas mərasimləri təşkil etmək qadağan olunub.

Onu da xatırlatmaq yerinə düşər ki, aşura mərasimlərinin təşkili tək Azərbaycanda yox, hətta İranda da qadağan edilib. Səbəb isə koronavirus təhlükəsidir. 

İlahiyyatçı Tural İrfan da hafta.az-a bu barədə danışarkən dedi ki, Quran oxumaq, mərsiyə demək üçün toplaşmaq mühüm əhəmiyyət kəsb etmir:

“Məhərrəm ayında məlum olduğu kimi sonuncu Peyğəmbərin qız nəvəsi, əmisi oğlu Əbu Talıb oğlu Əlinin ikinci oğlu Əli oğlu Hüseyn dövrün zalım və müstəbid diktatoru Müaviyyə oğlu Yezid tərəfindən şəhadətə yetirilib. Belə ki, Yezid pozğun və əyyaş olduğu üçün İslam xilafətini öz şəxsi nəsil intiqamı üçün alətə çevirmişdi. Əli oğlu Hüseynin nüfuzundan və xilafətə daha çox layiq olmasından istifadə edən İraqın əsasən Kufə əhalisi ona çoxsaylı namələr yazaraq Məkkədən İraqa çağırdılar. İmam Hüseyn getməsə zülm qarşısında susaraq günaha batacağından qorxaraq hətta Həcc ziyarətini yarımçıq qoyub çox yaxın ətrafı və ailəsi ilə yola düşdü. Bundan xəbər tutan Yezid onun Kərbəla adlanan bir ərazidə mühasirə etdirib qılıncdan keçirdi. Bu zaman Hüseyni İraqa çağıran Kufə əhli də qılınc götürüb Hüseynə qarşı vuruşdular və ya susdular. Bu qətliamdan sonra sanki yuxudan ayılıb böyük günaha batdıqlarının fərqinə vararaq yığışıb Hüseynin və yaxınlarının məzarı üstündə 40 gün ağlayaraq peşmançılıq edərək əllərindəki qılıncla, zəncirlərlə başlarına, bellərinə döyməyə başladılar. Üzlərini cırdılar. Peşman olduqlarını dilə gətirib sonradan İmamın qisasını alacaqlarına and içdilər ki, bəlkə günahları bağışlana... Yəni, Aşurada, Məhərrəm ayının 10 da hər il baş verən özünü döymə, zəncir vurma ayini buradan yarandı. Habelə xristianlar da İsanın çarmıxa çəkilməsi kimi qeyd etdikləri gündə özlərini çarmıxa bağlayaraq əzab verməyə, zəncir vurmağa meylli idilər və İraq əhli bu adəti bir növü onlardan əxz etmiş oldu”.

İlahiyyatçı əlavə olaraq bildirdi ki,  İslam dininə görə, qan çıxarmaq, özünə işgəncə vermək günah hesab edilir:

“Hazırda isə pandemiya dünyada hələ bitməyib. Peyğəmbərdən nəql edilən hədislərə görə yoluxucu xəstəliklər zamanı toplaşmaq, bir yerdən başqa yerə səfər etmək, qonaq qəbul etmək yasaqlanıb. Hətta Peyğəmbərin yaxın səhabələri İslamda vacib sayılan cihad əmrinin icrasını o zaman Suriyada yayılmış vəba ucbatından təxirə salmışdılar. Qoşun rəhbərinə bir nəfər irad bildirmişdi ki, sən Allahın qəzavü qədərindənmi qaçırsan ki, xəstəliyə görə ordunu geri çəkirsən? Sərkərdə cavab vermişdi ki, mən Allahın bir qəzavü qədərindən başqa qəzavü qədərinə sığınıram. Yəni bu və bu kimi dəlillər isbat edir ki, istər Aşura olsun, istər digər mərasimlər olsun, belə hallarda insanlara təhlükə yaranarsa toplaşmaq yasaqdır. Hər bir müsəlman öz canını, başqalarının canını qorumağa bir növü məsuldur və borcludur. Odur ki, kim İmam Hüseynə yas saxlamaq, ağlamaq, du etmək istərsə bunu öz evində də edə bilər”.

Sosial rubrikasından digər xəbərlər