“ABŞ və İsrail İrana müdaxilə etməsə belə, vəziyyət getdikcə ağırlaşacaq. İqtisadiyyat çökür. ABŞ-ın İranı demək olar ki, mühasirəyə alması nəticəsində müharibəyə hazır vəziyyətdə qalmağa məcbur olan rejim bütün gəlirləri mümkün hücum və müdafiəyə yönəldib. Prezident Pezeşkiyan bəyan edib ki, onun aylıq maaşı 1000 dollara enib. Bu durum davam edərsə, əhalinin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşacaq və bu, son həlledici ölüm-dirim üsyanına səbəb ola bilər. Mollalar ölkəni siyasət və ədalətlə deyil, kin-küdurət, nifrət, təkəbbür və qəzəblə idarə edirlər ki, bu da xalqın məhvinə gətirib çıxarır”.
Bu fikirləri Hafta.az-a siyasi şərhçi Tural İrfan bildirib. Ekspert prezident Məsud Pezeşkiyanın təşəbbüslərinin və rejim rəhbərliyinə ünvanladığı çağırışların hələ ki, nəticə vermədiyini qeyd edib.
Onun sözlərinə görə, əhalinin etirazlarında günahın hakimiyyətdə olduğunu açıq şəkildə bəyan edən prezidentə faktiki olaraq yetərli səlahiyyət verilmir:
“Belə ki, ötən günlərdə dövlət televiziyası onun çıxışını yarımçıq kəsdi. Jurnalistlər ona “cənab prezident” əvəzinə “ağayı doktor” (cənab həkim) deyə müraciət etməyə başlayıblar. Prezident qonşu ölkələrə təşəkkür edərək onlara qarşı söyüş, təhqir və böhtan kampaniyası aparmamağa çağırsa da, mollalar əksinə, yenə də Azərbaycanı və Türkiyəni ittiham etməyə davam edirlər. Görünür, pərdə arxasındakı müəyyən dini dairələr mollalara onun çağırışlarına məhəl qoymamağı tövsiyə edirlər. Şübhəsiz ki, prezidenti nüfuzdan salmağa yönəlmiş addımlar Sepah və radikal-mühafizəkar çevrələr tərəfindən atılır.
Yeganə çıxış yolu ali dini liderin səlahiyyətlərini prezidentə dövr etməsi və ölkənin bütün güc strukturlarının ona tabe etdirilməsidir. Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. Mövcud molla rejimi artıq rasional qərarvermə qabiliyyətini, sanki, itirib. Əgər vəziyyəti düzgün qiymətləndirə bilsələr, idarəetmə strukturlarında islahatlar aparmaq və hətta referendum keçirmək mümkündür. Hazırkı sistemin qalması və ya dəyişməsi xalqın iradəsi ilə müəyyənləşdirilə bilər”.
T.İrfan bildirib ki, əgər prezident Pezeşkiyana geniş səlahiyyətlər verilsə, o, İranı böhrandan çıxara bilər. Onun fikrincə, hakimiyyət hər hansı real islahat addımı atmasa, iqtisadi vəziyyət yaxın zamanda dözülməz həddə çatacaq və yenidən xalq etirazları baş qaldıracaq. Bu halda isə xarici müdaxilə ehtimalı da arta bilər ki, nəticədə ölkədə vəziyyət tam nəzarətdən çıxa bilər.
“Hazırkı rejim elə bir sistemdir ki, əgər hakimiyyətin Pezeşkiyana keçəcəyini görsələr, son anda buna da mane olmağa çalışa bilərlər. Çünki rejimin bəzi qapalı dairələri onun islahatçı mövqeyinə və region ölkələri ilə münasibətləri normallaşdırmaq istəyinə mənfi yanaşırlar. Xüsusilə Azərbaycan və Türkiyəyə rəğbət bəsləməsi bu dairələrdə narazılıq doğurur. Prezident açıq şəkildə mövcud idarəetmə modelində dəyişikliklərin zəruri olduğunu bildirir, köklü islahatların vacibliyini vurğulayır. Lakin rejim bu istiqamətdə real addımlar atmaq əvəzinə, həm daxili ictimaiyyəti, həm də beynəlxalq aləmi müəyyən manevrlərlə sakitləşdirməyə çalışır. Kənar müdaxilə olmasa belə, ölkəni uzun müddət müharibə vəziyyətində saxlamaq mümkün deyil. Siyasi gərginlik hakimiyyət daxilində parçalanmaya gətirib çıxara və nəticədə xalqın yenidən ayağa qalxmasına səbəb ola bilər”, – deyə T.İrfan qeyd edib.
Tahirə Qafarlı