"Menyu” rubrikasının bugünkü mövzusu italyanların dünya miqyasında çox sevilən və əvəzsiz yeməyi olan pizzaya həsr edilib.
“Pizza” termini latın dilindən tərcümədə əzmək və üyütmək mənasını verən "pinsere" sözündən götürülmüşdür. Mozzarella pendiri və pomidorun qarışığı olan pizza yüzillər boyu kasıb italyan xalqının vazkeçilməz dadı olaraq istehlak edilib. Onun dünya şöhrətinin hekayəsi 1889-cu ildə Kraliça Margherita mozzarella pendiri, pomidor və reyhan ilə bəzədilmiş pizzanın dadına baxdıqdan sonra başladı. Bu tarixə qədər kasıbların yediyi pizza kraliçanın ona təklif edilən pizzanı bəyənməsi və aşpaz Espositoya təşəkkür məktubu göndərməsi ilə zənginlərin süfrəsinə girməyə başlayıb. Nəzərinizə çatdıraq ki, bu məktub indi də “Pizzeria Brandi” adlanan pizza mağazasının vitrinində nümayiş etdirilir.
Qida mütəxəssisi Ağa Salamov pizza ilə bağlı hafta.az-a məlumat verərkən bildirdi ki, pizzaların evdə hazırlanması, yaxud restoranlarda yeyilməsi evə sifariş edilməsindən faydalıdır:
“Buna səbəb pizzalar hazırlanan zaman üzərlərinə pendir vurulur. Həmin pendirlərin də ərimək kimi bir xüsusiyyətləri var. Elə kəsən zaman da pendirin dartılmasını görürük. Bunu evə sifariş çatana qədər bərkiyir. Bu da yerində yeyilən pizzadan dadsız olur. Bundan başqa, pizza alan zaman mütləq şəkildə hazırlandığı yerə fikir vermək lazımdır. Bəzən hazırlanmasında istifadə olunan sosis və digər məhsullar köhnə ola bilir. Ona görə də güvənilən bir yerdən sifariş edilsə daha yaxşıdır. Ən etibarlısı isə yerində istehlakıdır”.
Bütün hallarda mütəxəssis ən yaxşı üsulun evdə hazırlanan olduğunu bildirdi:
“Təbii ki, pizzanın evdə hazırlanması digər sadaladığım yolların daha üstünüdür. Xüsusilə də uşaqlar üçün ev pizzası sağlamlıq baxımından çox faydalıdır”.
Ev şəraitində pizza hazırlamaq üçün lazım olan məhsullar:
Un – 1 kq
Duru yağ – 80-90 qr
Maya – 10 qr
Su – aparana qədər
Öncə xəmir hazırlanır. Ardınca təxmini 1 saata qədər dinləndirilir. Daha sonra xəmirdən 100 qramlıq kündələr hazırlanır.
Tamat sousu üçün:
Pomidor soğan və yağla qovrulur, üzərinə az miqdarda su əlavə olunub qaynamağa qoyulur. Suyun əvəzinə yaxşı olardı ki, tomat şirəsindən istifadə edilsin. Qaynayana yaxın blenderdən keçirilir və qaymaq əlavə edilir. Ardınca duz və istiot qatılaraq xəmirin üzərinə yayılır.
Xəmirin üzərinə zövqə görə, toyuq, sosis, müxtəlif tərəvəzlər, qiymə, yaxud göbələk düzülə bilər. Ən son mərhələdə isə holland pendiri vurularaq sobaya verilir. 200 dərəcədə, 10 dəqiqə sonra pizza ən sağlam şəkildə istehlakçıların yeməsi üçün hazır olur.
Sonda A.Salamov bir məqamı xüsusi vurğuladı. Bu da əksər hallarda “termoboks”ların yuyulmaması məsələsidir:
“Əslində, onlar gün ərzində hər çatdırılmadan sonra dezinfeksiya olunmalıdır. Təəssüflər olsun ki, yolboyu toz və çirki üzərinə çəkən termobokslar təmizlənmədən yemək daşınması üçün istifadə edilir”.