Xəbər verildiyi kimi, mayın 25-də Moskvada Rusiya lideri V.Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan başçılarının növbəti görüşü gözlənilir. Görəsən, Putin Qərbin moderatorluğuyla iyunun 1-də Kişinyovdakı görüşün baş tutmaması üçün ölkə başçılarına hansısa təzyiqlər edə bilərmi?
Mövzu ilə bağlı hafta.az-a açıqlama verən Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov bunları söyləyib:
“Putinin hansısa ölkəyə təzyiq göstərmək imkanları kifayət qədər məhdudlaşıb. O, öz başının hayındadır. Moskva görüşündə də təzyiq olunası tərəf yalnız Ermənistan ola bilər. O da Zəngəzur dəhlizi ilə bağlı... Çünki bu, hazırkı durumunda Rusiyaya çox lazımdır. Azərbaycana isə Kremlin təzyiq imkanları bu gün, demək olar ki, yoxdur. Və təbii ki, Moskva Ermənistanı şirniklənidrmək üçün yenə də Qarabağın statusu məsələsini ortalığa ata bilər. Ancaq İrəvan da artıq Azərbaycanın ərazi bütövlüyünü keçmiş Dağlıq Qarabağ da daxil olmaqla tanımasıyla bağlı mövqeyini qətiləşdirməkdədir. Sadəcə, ortalıqda yalnız Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsi qalır. Onu da həll eləmək, buna da təminat vermək Azərbaycan üçün bir problem olmayacaq. Yəni əsas məsələ Ermənistan hakimiyyətinə daxildəki müxalifət vasitəsilə təzyiq edə bilər ki, Paşinyanın vəziyyəti gərginləşsin. Lakin məsələ, demək olar ki, həll olunub. Moskva görüşündə də təxminən əvvəlki görüşlərə uyğun bəyanatlar gözlənilir. Və növbəti mərhələdə Kişinyovda da eyni məzmunlu danışıqlar davam edəcək. Yəni fərqli bir şey gözlənilmir”.