Qanunsuz sahibkarlıq: Yeni şərtlər müəyyən olundu

12:17 10.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Hafta.az xəbər verir ki, bu məsələ parlamentin iyulun 10-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Təqdim olunan qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin layihəyə əsasən, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Qanun layihəsində "İnformasiya, informasiyalaşdırma va informasiyanın mühafizəsi haqqında" Qanunda da dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, Qanunun 13-2.3.5-13-2.3.9-cu və 13- 2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.