Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür

11:35 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq yazıçısı Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, dəyərli əsərləri ilə ədəbiyyatımıza böyük xidmət göstərib və neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Onun əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Ədəbiyyatımız qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən ədibə "Azərbaycan Respublikasının Xalq yazıçısı" və "Əməkdar incəsənət xadimi" fəxri adları verilib.

Hafta.az xəbər verir ki, bu gün görkəmli yazıçı Sabir Əhmədlinin anadan olmasının 96-cı ildönümü tamam olur.

Sabir Əhmədli ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Sabir Əhmədli ötən əsrin 50-ci illərinin sonu - 60-cı illərin əvvəllərində yazdığı hekayələr və “Aran” romanı ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intellektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illərdəki yaradıcılığı isə onun milli azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı.

Ədibin 1990-1991-ci illərdə yazdığı “Yanvar hekayələri” nəsrimizdə 20 Yanvar faciəsinə həsr olunan ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib. Öz azadlığı naminə meydanlara axışan xalq, silahsız xalqa hücum edən sovet ordusu, qana boğulan insanların fəryadı hekayələrin əsas təsvir predmetini təşkil edir.

Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında dərin iz qoyub, yazıçının müharibə amilinə çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olub.

Qardaşını İkinci Dünya müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda savaşda oğlu Məhəmmədi də itirib. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapıb.

2009-cu il aprelin 17-də vəfat edən görkəmli yazıçının işıqlı xatirəsi oxucularının qəlbində daim yaşayacaq.