Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Heydər Əliyv Fondu tərəfindən ağacəkmə aksiyaları təşkil edilir, paytaxda, eləcə də regionlarda çoxlu sayda ağac əkilir, yaşıllıq salınır. Belə bir aksiyada keçən il 9 noyabr-Dövlət Bayraq Günün də Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivi “Daş bazarı”na çatmamış Əmircana gedən mərkəzi yolun sağ tərəfində, “Suraxanı Oyl”un ərazisində təşkil edilmişdir.
Qeyd edək ki, ağacların mövcud durumu ilə bağlı “Həftə içi” qəzetinin 5 iyun 2020-ci il tarix nönrəsində “Qaraçuxurda Heydər Əliyev Fondunun əkdiyi ağaclar quruyur” başlığı altında yazı dərc olunmuşdur.Həmin yazıda göstərilir ki, “Regional İnkişaf” İcyimai Birliyinin təşkilatçılığı ilə keçən il 9 noyabr- Dövlət Bayraq Günü ilə əlaqədar “Təbiət naminə birləş”, “Həyat naminə birləş” layihəsi üzrə keçirilən ekoloji aksiyada təxminən 5 minə qədər kiparis və şam ağacları əkilmişdi. Təzə əkilmiş ağaclara qulluq edilmədiyindən və baxımsız qaldığından ağaclar alaq otları və qanqal kolları içərisində görünməz olub. Eyni zamanda suvarılmadığına görə tələf olurlar.
Məqalənin çapından sonra “Həftə içi”nin əməkdaşı olaraq təkrarən həmin ünvanda olduq. Həqiqətən də tənqidi yazıdan sonra sözü gedən ərazidə “DOST” MMC -nin təxminən 10 nəfərə yaxın fəhlə briqadası işə cəlb olunmuşdur. Onlar təzə əkilmiş ağacların alaq otlarını vururdular. Amma ağaclar isə suvarılmırdı. Su verilmədiyindən ərazidə quruyan ağacların da sayı da artıb.
Vilayət İsmayılov briqadir işlədiyini, “DOST” MMC tərəfindən işə götürüldüklərini və Qaraçuxur Bələdiyyəsinin nəzdində fəaliyyət göstərdiklərini dedi. Onun sözlərinə görə mətbuatda gedən tənqidi yazıdan sonra onları bura işləməyə göndəriblər:”10 gündür ki, burda zülm çəkirik. Təzə əkilmiş ağacların alaq otlarını vurmaqla məşğul oluruq. Artıq anormal isiti havalar keçir. Hələ də su yoxdur. Ağacları alaq otlarından təmizləməklə iş bitmir. Əgər su verilməsə 40-42 dərəcə isti havada bütün ağaclar məhv ola bilər. “Suraxanı OYL”un ərazisidir. Su xətti çəkilib. Amma xətdə su yoxdur. “Suraxanı Oyl” gələn suyu kəsib vermir. Yalvar –yapışla iki dəfə ağacları suvarmışıq. Yeri gəlmişkən deyim ki, ağacları suvarmaq üçün bizə şlanq nədir, onu da alıb vermirlər. Dəfələrlə “Suraxanı Oyl”un məsul işçilərinə xahiş etmişik ki, suyu buraxsınlar, heç olmasa həftədə bir dəfə bu ağaclara su verək”.
Qaraçuxur Bələdiyyəsində də olduq. Sözügedən qurumdan dedilər ki, bələdiyyə tərəfindən parlklarda təmir-bərpa işləri aparılır:”Eləcə də yolqırağında əkilmiş ağaclara qulluq edilir. Eyni zamanda siz deyən əraziyə işçi qüvvəsi göndərmişik. Hazırda bir briqada orada əkilmiş ağaclara xidmət göstərir. Ərazi alaq otlarından təmizlənib. Hazırda su problemi yaranıb”. Görəsən, Qaraçuxur Bələdiyyəsinin və Qaraçuxur Qəsəbə Nümayəndəliyinin həqiqətənmi imkanları yoxdur 20-30 metr rezin şlank alıb işçilərə versinlər ki, onlar ağacları suvara bilsinlər.
Bizə elə gəlir ki, məqalənin çapından sonra “Suraxanı OYL”un rəhbərliyi və , eləcə də Suraxanı RİH sözügedən ərazilərdə təzə əkilmiş ağacların qirumasına yol verməyəcək və onların suvarılmasında öz nəzarətlərini gücləndirəcəklər. Qeyd edək ki, adıçəkilən rayonun ərazisində yaşıllıqlara göstərilən xidmətlə bağlı yazılarımızı davam etdirəcəyik.