Azərbaycanda əcnəbi şəxslərlə nikaha daxil olma məsələsi həmişə müzakirə predmeti olub. Ötən həftə məşhur kino ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın həmyerlimiz Suadə Hacızadə ilə ailə qurması xəbəri isə bu istiqamətdə gedən müzakirələri yenidən “alovlandırdı”. Nəticədə bu hadisə ötən həftə sosial platformaların Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzuya çevrildi.
Yeri gəlmişkən, statistik məlumatlara görə, təkcə 2017-2019-cu illər ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə ailə quranların sayı 6955 nəfər olub. Belə ki, 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2270 nikah bağlanıb. 2018-ci ildə belə nikahların sayı 2256, 2017-ci ildə 2429 olub. Eyni zamanda, 2019-cu ildə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikah bağlayanların 1160-ı qadın, 1110-u kişi olub.2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.
Statistik məlumatlara əsasən, Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olurlar.
Qeyd edək ki, əslində, qloballaşan dünyada qarışıq nikahların olması qanunauyğun hal hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, bütün hallarda, yenə də müəyyən məqamlar nəzərə alınmalıdır. Çünki, əcnəbi ilə ailə həyatı qurmaq - dəyərləri, mədəniyyətləri, düşüncə tərzləri fərqli olan insanların izdivacı, bir araya gəlməsidır. Elə qloballaşan dünyada da dəyərlərin, düşüncə tərzlərinin, mədəniyyətlərin toqquşmasının şahidi olur. Bu baxımdan kiçik dövlət sayılan ailə də bu toqquşmalardan xali deyil. Digər narahatedici məsələ isə milli genefondun sıradan çıxması, nəsil cılızlaşması ilə bağlıdır. Bəzi mütəxəssislər hesab edirlər ki, qarışıq nikahlar qohum evlilikləri qədər təhlükəlidir. Hər iki nikahların genefonda mənfi təsir etdiyi qənaətində olan ekspertlər hesab edirlər ki, bununla bağlı cəmiyyətdə mütəmadi olaraq maarifləndirmə işləri aparılmadır.
Maraqlıdır, görəsən, qarışıq nikahların sayının son illər artması nədən xəbər verir? Qarışıq nikahlar genefondumuzu korlayıb, nəsili cılızlaşdırırmı, yoxsa əks proses baş verir?
Mövzunu hafta.az-a dəyərləndirən həkim-genetik İlahə Musayeva bildirib ki, milli genefonda qarışıq nikahların təsiri bəzi hallarda fəsadlı ola bilər:
“Bəzi millətlərlə bağlanan nikahlarda genetik xəstəliklərin ortaya çıxma riski yüksəkdir. Məsələn, yəhudi toplumunda Tay-Sachs xəstəliyi var və ya türk toplumunda bəzi əzələ xəstəlikləri var və s. Yəni, qarışıq nikahlar sadəcə xəstəliyin çeşidlənməsini artıra bilər. Hesab edirəm ki, qarışıq nikahdan çox qohum nikahlar daha təhlükəlidir. Biz bu məsələnin üzərində daha çox dayanmalıyıq”.
Genetika mütəxəssisi Ağa Rza Ağayev də qarışıq nikahları təhlükəli hesab etmir. Mütəxəssisin fikrincə, insanların 99,9 faizinin geni eyni olduğundan bu məsələdə müzakirə açmaq doğru deyil: “Hamımız insanıq. Nə fərq edər ki, azərbaycanlıyıq, ya qeyri-millətdənik. Cəmiyyət üçün qarışıq nikahlar deyil, qohum evlilikləri aktual olmalıdır. Qohum evliliyi genetik xəstəliklərin tezliyinə təsir edən əhəmiyyətli vəziyyətlərdən biridir”.
Məsələnin sosioloji tərəfini dəyərləndirən sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə, əvvəllər qarışıq nikahları iqtisadi amillərə bağlayırdılar: "Müəyyən bir dövrdə belə fikir yaranmışdı ki, əcnəbilərin hamısı maddi baxımdan çox yaxşı vəziyyətdədir. Kimin əcnəbi qohumu var idisə, gələndə yaxşı hədiyyələr gətirirdi. Ona görə də belə ictimai rəy formalaşmışdı ki, əcnəbilər imkanlı olur. Əvvəlki dövrlərdə əcnəbilərlə ailə qurmağa əngəl olan bəzi mənəvi-psixoloji məqamlar var idi deyə, bu cür nikahlar elə də çox deyildi. 1990-cı illərdən sonra bu əngəllər ortadan götürülməyə başladı və nəticə etibarilə bu cür nikahların sayı artdı, hətta prestijli bir addım kimi qiymətləndirildi”.
Sosioloq hesab edir ki, qloballaşmanın belə sürətlə getdiyi vaxtda, xarici vətəndaşlarla nikaha girənlərin olması təbii haldır: "Əgər ailə qurulursa, bunu qanunla qadağan etmək olmaz. Amma faiz çoxalarsa, təhlükəli hal ala bilər. Bu həm genefonda təsir edir, həm də həmin əcnəbilər bir müddətdən sonra Azərbaycanda yaşayır və ölkə əhalisinin etnik tərkibi dəyişir, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yolla tənzimlənir. Xarici nikahların artması, ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici vətəndaşlarla nikaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz, dövlətimiz üçün faydalı olar. Burada "qırmızı xətt” var. Onlar tariximizə, dövlətçiliyimizə, azərbaycançılıq, türkçülük məfkurəsinə lazımi ehtiram göstərməli, qorumalıdırlar. Əks təqdirdə, xarici vətəndaşlarla çoxlu nikahlar etnik tərkibə təsir göstərdiyindən, təhlükəli ola bilər. Son bir neçə ildə xarici vətəndaşlar və vətəndaşlığı olmayanlarla on minə yaxın nikah bağlanılıb. Təbii ki, 10-20 ilin statistikası daha böyük olacaq. Ona görə də indiki vaxtda əcnəbilərlə nikahın əsas motivləri dəqiqləşdirilməlidir. Buna uyğun elə humanitar siyasət aparılmalıdır ki, biz o "qırmızı xəttə” yaxınlaşmayaq".
Mütəxəssis onu da vurğulayıb ki, adətən, qarışıq ailələrdə, yəni marginal tip ailələrdə olan uşaqların böyüyəndə bəzi psixoloji problemləri meydana çıxır: “Uşaq bilmir ki, özünü hansı etnik mənsubiyyətə aid eləsin. Bəzən mənsubiyyətlər arasında gərginlik yarananda uşaq üçün faciə olur. Bu baxımdan maarifləndirmə işinə də böyük ethiyac var. Problemdən çıxış yolu kimi, çalışmaq lazımdır ki, bizim ailə qurmaq yaşında olan gənclərimizin mənzil problemini hansısa vasitə ilə kömək edək. İpoteka var, amma hamı bunu ala bilmir. Ev məsələsini uzunmüddətli kreditlərlə tənzimləmək olar.Vətənpərvərliklə bağlı maarifləndirmə işləri çoxalmalıdır. Bir də, əcnəbilərlə ailə quranlar üçün KİV-də maarifləndirmə aparılmalıdır ki, hər ailə quran yağ-bal içərisində üzmür. Onların arasında sonradan çoxlu problemləri olanlar da olur. Bəzən əcnəbilərlə vətəndaşlıq almaq və ya digər məqsədlərini həyata keçirmək üçün saxta nikahlara da rast gəlinir. İnsanlar bilməlidirlər ki, evliliyə ciddi yanaşmaq lazımdır və onu oyuncaq hesab etmək olmaz. Hazırda bütün dünyada mənəvi dəyərlər maddi dəyərlərin basqısı altındadır. Ona görə də ailə dəyərlərini gücləndirmək, milli genefondu qorumaq lazımdır”.