Qələbəmiz investorların ölkəmizə cəlbi baxımından müstəsna rol oynayır - Ekspert

14:54 08.11.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İşğalçı Ermənistan ordusunun hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində başladığı tarixi Vətən Müharibəsi və əldə olunan Zəfərdən 4 il ötür. Azərbaycan dövləti, xalqı 2020-ci ildə 44 gün ərzində düşmən üzərində əldə etdiyi qələbənin sevincini yaşayır, Zəfərini bayram edir. Onun əhəmiyyəti bütün istiqamətlərdə yenidən təhlil olunur, öyrənilir.

İqtisadçı Eldəniz Əmirov 44 günlük müharibənin Azərbaycanın suverenliyinin bərpa olunması, güclənməsi, torpaqlarının geri alınması və bütün sahələr üzrə zəfər qazanmasına böyük imkan yaratdığını deyib. O, bu qələbənin ölkə üçün çox böyük iqtisadi dvidentlər gətirdiyini önə çəkib.  İqtisadçı ekspert bu dividentlər arasında ilk növbədə Azərbaycanın haqq etdiyi torpaq, su, faydalı qazıntı resurslarına qovuşmasını mühüm amil kimi önə çəkib:

“Bu resurslar ölkə iqtisadiyyatının inkişafı üçün çox vacibdir. İşğaldan azad olunmuş ərazilər kifayət qədər faydalı qazıntılara malikdir. Ölkənin su ehtiyatlarının dörddəbiri bu ərazilərdə yerləşir.  Eyni zamanda, kənd təsərrüfatı üçün yararlı olan torpaq ehtiyatları özünün səmərəsini  verməkdədir. Bu ərazilərdə real sektorun, sahibkarlığın inkişaf etdirilməsinə əlavə fürsətlər yaradıldı. Bu ərazilər Azərbaycanın yaratdığı yaşıl enerji strategiyasının həyata keçirilməsi üçün prosesə əlavə stimul, güc qatdı. Bu zəfər investorların, yeni texnologiyaların ölkəmizə cəlb olunması baxımından müstəsna rol ynayır”.

E.Əmirov düşmən üzərindəki Zəfərimizin ölkənin ərzaq təhlkəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, ərzaq təhlükəsizliyi üçün əhəmiyyətli olan məhsulların istehsalı məhz bu ərazilərdə mümkün olmaqdadır və getdikcə də artacaq:

“Ölkədə məşğulluğun təmin olunmasında bu zəfərin böyük rolu var. Tikinti quruculuq işləri hələ uzun illər peşə ixtisası baxımdan daha aşağı səviyyədə olan insanların işlə təmin olunmasında müstəsna rol oynayır. Bu qəbildən olan insanların işlə təmin olunması olduqca vacibdir. Bu məsələdə tikinti sektoru böyük rola sahibdir. 44 günlük müharibədə qazanılan Zəfər ərazilərdə yeni idarəetmə vasitəsinin tətbiqi üçün də müstəsna əhəmiyyət daşıyır”.