Qərbin ifşa edilən “5-ci kolon” üzvlərinin anti-Azərbaycan fəaliyyəti - TƏHLİL

18:26 22.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tarix boyu müxtəlif mərkəzlər hansısa dövlətin ərazisində istədikləri şəraiti yaratmaq, öz maraqlarını təmin etmək üçün özlərinə gizli dayaqlar tapmağa çalışıblar. "5-ci kolon" adını alan bu şəbəkələr üçün əslində dövlət və milli maraqlar hər zaman şəxsi maraqlardan sonra gəlib.

Azərbaycan müstəqillik qazandığı vaxtdan yerləşdiyi geosiyasi mövqe və sahib olduğu resurslar baxımından daim "5-ci kolon" təhlükəsi ilə üz-üzə qalıb. Zaman keçdikcə bu şəbəkələr ifşa edilərək zərərsizləşdirilsə də, son zamanlar müşahidə etdiklərimiz bu mübarizənin davamlı olmasını şərtləndirir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsi Bakıya təzyiq rıçaqlarını minimuma endirib. Belə bir şəraitdə öz şərtlərini diqtə edən Azərbaycana qarşı yenidən "5-ci kolon" kartı işə salınır.

Lakin mövcud təhdidlərə qaşı həyata keçirilən tədbirlər göstərir ki, ölkəmizdə xalq-iqtidar birliyini zədələməyə, dövlətin özülünü sarsıtmağa yönələn cəhdlərə qarşı nə qədər effektiv mübarizə aparılsa da, qarşı tərəf də məlum fəaliyyətini təkmilləşdirir. "Demokratiya, insan hüquq və azadlıqları" adı altında davam etdirdikləri məkrli fəaliyyəti pərdələmək üçün yeni üsullardan istifadə edir.

Dəyişməyən isə, hər dəfə ölkəmizdə bu şəbəkələrin ifşasına qarşı həyata keçirilən tədbirlər zamanı saxlanılanlar olduqda "siyasi məhbus", "söz və ifadə azadlığının boğulması" kimi ənənəvi tezislərin işə düşməsidir.

Bir müddət əvvəl Qubad İbadoğlu və digərlərinin saxlanılması zamanı bu ənənəvi böhtanlar yenidən işə salınıb. İstintaq prosesinin hələ davam etdiyi bir zamanda özlərinin əməllərinin ifşa ediləcəyini anlayan "5-ci kolon"un sahibləri bu üsullar vasitəsi ilə Azərbaycanı beynəlxalq səviyyədə qaralama kampaniyasına start veriblər. Lakin istintaqın gedişi ilə bağlı açıqlanan məlumatlardan da görünür ki, saxlanılan şəxslərin fəaliyyəti heç də iddia edildiyi kimi şəffaf və açıq deyil. Müxtəlif mərkəzlərdən alınan təlimatlar vasitəsi ilə ölkədə iç qarışıqlığa yol açmaq, bununla da xaricdən aldıqları qrantların haqqını vermək cəhdləridir. Hətta, Azərbaycan daxilində müəyyən qüvvələri şəbəkə halında vahid bir mərkəzdə birləşdirmək missiyası da mövcud olub.

Son günlərdə "Toplum TV" ətrafında yaşanan olaylar da söylədiklərimizi bir daha təsdiqləyir. Bu şəbəkənin əsas maliyyə qaynağı rolunda çıxış edən beynəlxalq mənbələr hər zaman ölkəmizə qarşı layihələrin, təbliğat kampaniyalarının maliyyələşdirilməsi ilə ad çıxarıb. 

Diqqət çəkən məqam ondan ibarətdir ki, istintaqın gedişi nəticəsində saxlanılan və ya istintaqa cəlb edilən şəxslərdən bəziləri əvvəllər də analoji fəaliyyətə görə saxlanılıblar. Lakin Azərbaycan dövlətinin, ali əhbərliyinin humanist siasəti nəticəsində azadlığı çıxıblar, əfv ediliblər. Bununla belə, yenidən öz əməli fəaliyyətlərindən əl çəkməyiblər.

Əksinə, daha peşəkar səviyyədə  Azərbğaycan əleyhinə aparılan kampaniyaları planlaşdıranların oyuncağına çevriliblər. Təbii ki, hansısa maliyyə qarşılığında. Bu maliyyəni isə ən müxtəlif üsullarla, hətta qonşu ölkələrin bank sistemləri vasitəsi ilə qeyri-qanuni yolla əldə ediblər. Reallaşdırılan layihələrin heç biri Ədliyyə Naziliyində qeydə aldırılmayıb.

Hər kəs yaxşı bilir ki, Azərbaycanda vicdan məhbusu və siyasi məhbus yoxdur. Azərbaycan hüquqi dövlətdir və müstəqil məhkəmə hakimiyyətinə malikdir. Hüququn aliliyi isə kimliyindən və tutduğu vəzifədən, cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəsə eyni qaydada tətbiq edilir. Qanun qarşısında heç kim digərindən üstün deyil və hamı bərabər səviyyədədir. Hansısa adlara, imkanlara malik olmaq xüsusi imtiyazlar kimi dəyərləndirilməməlidir.

Bu gün Qərb dövlətlərinin iç üzünü açan şəxslərin hansı iztirablara, mənəvi terrora və siyasi təqiblərə məruz qaldığı göz önündədir. Biz bunu Culian Assancın timsalında görürük. İllərdir "milli təhlükəsizlik maraqlarına zərbə vurmaq, vətənə xəyanət ittihamları" ilə təqib edilən Assanc xarici ölkə səfirliklərində həbs həyatı yaşayır. Əslində buna məcbur edilir. Ekstradisiya qorxusu isə domokl qılıncı kimi onun başının üzərindədir. Əslində istər ekstradisiya, istərsə də digər təqib üsulları Qərbin onun kimi söz azadlığından istifadə edərək ayrı-ayrı dövlətlərə qarşı qurulan kirli oyunları ifşa etmək istəyənlərə göz dağıdır. Yəni, bizim istədiyimizə qarşı çıxsanız sizi də bu aqibət gözləyəcək.

Bu fakt bir daha Azərbaycana qarşı Assancı təqib edən elə həmin mərkəzlər tərəfindən səsləndilirən ittihamların, böhtanların nə dərəcədə absurd olduğunu isbat edir.

Qərbin nə deməsindən asılı olmayaraq Azərbaycan milli təhlükəsizliyimizlə bağlı bütün addımları qətiyyətlə atacaq.

Hafta.az