Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir. Məlumata görə, məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq. Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Layihədə haqsız rəqabətin formaları müəyyənləşdirilib. Həmin formalar aşağıdakılardır:
- müştərilərə qarşı aqressiv davranış;
- rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- müştərilərin çaşdırılması və aldadılması;
- kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
- bu Məcəllədə nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
Yuxarıda qeyd olunan formalarda haqsız rəqabətin aparılması qadağandır.
Layihəyə əsasən, sahibkarlıq fəaliyyətində təhdid, zor və ya digər qanunsuz təsir vasitələrinin tətbiqi ilə müştərilərin seçim hüququnun məhdudlaşdırılmasına və bununla da onların normal bazar şəraitində qəbul edəcəyi qərarlardan fərqli qərar qəbul etməsinə səbəb olan hərəkətlərə yol verilmir.
Həmçinin layihəyə əsasən, aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:
- məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması;
- məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
- müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması;
- məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi;
- məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Aşağıdakılar haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir:
- haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi;
- Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması;
- rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi;
- öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi;
- rəqibin təsərrüfat fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
- Haqsız rəqabətin formalarının digər şəxslər tərəfindən törədilməsi məqsədilə ödənişlərin sifariş və ya təşkil edilməsi.
Qeyd edək ki, Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçiriləcək. Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov qəzetimizə açıqlamasında deyib ki, Rəqabət Məcəlləsi 17 ilə yaxındır qəbul ediləcəyi günü gözləyir: “Düşünürəm ki, ölkədə iqtisadiyyatın təşəkkül tapması üçün mütləq şəkildə bu Məcəllənin qəbul edilməsinə böyük ehtiyac var. Təbii ki, istənilən uğur rəqabətdən başlayır. Hansı sahədə ki, rəqabət var, o sahədə inkişaf var. Rəqabətin olmadığı yerdə inkişafdan söhbət gedə bilməz. Rəqabətin olması üçün bu Məcəllənin qəbulu və real işlək mexanizmə gətirilməsi zəruridir”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, bu layihə ikinci oxunuşda Milli Məclisə daxil olur: “Birinci oxunuş 2008-ci ildə olub, daha sonra rəfə qalxıb. Müzakirələr dayandırıldı. İndi bildiyimiz qədəri ilə Avropa İttifaqı ilə qarşılıqlı strateji əməkdaşlıq haqqında yeni müqavilə müzakirə olunur və Azərbaycan tərəfi, hətta Avropa İttifaqı da etiraf etdi ki, 92-93 fazi müqavilə razılaşdırılıb. Onlardan biri də rəqabətlə, bazarın açılması ilə bağlı məsələdir ki, Azərbaycan hökuməti ilə danışıqlar gedir. Ola bilər ki, həm də bununla əlaqəli olsun. Nəhayət hökumət bu məcəlləni Milli Məclisə təqdim etdi. Amma çox məsələlər Rəqabət Məcəlləsinin necə qəbul olunacağından asılıdır. Azərbaycanda uzun müddətdir tənqidlərə məruz qalan rəqabətsiz mühit məsələsi ilə bağlı irəliləyiş ola bilər. Çox yaxşı olardı ki, indi parlament partiyaları, parlamentdən kənar olan ekspertlərin iştirakı ilə ciddi ictimai müzakirələr təşkil olunsun. Bu müzakirələr zamanı qanun layihəsinə doğru-düzgün dəyişikliklər təklif olunsun və qəbul olunsun”.
Rəqabət Məcəlləsinin qəbulunun iqtisadiyyata təsirləri haqqında danışan ekspert vurğulayıb ki, bu məcəllə qəbul olunsa, iqtisadiyyata ciddi təsir ola bilər: “Lakin Azərbaycanda elə qanunlar var ki, qəbul olunub, ancaq tam da işləmir. İşlək bir qanun və mexanizm qəbul olunsa, Azərbaycan üçün çox ciddi, müsbət dəyişikliyə yol aça bilər”.