“Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin inkişafında bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.
Bunu Hafta.az-a politoloq Rəşad Bayramov bildirib. Politoloq zaman-zaman münasibətlərdə bəzi problemlərin yarandığını və Avropa İttifaqının ölkəmizə qarşı mövqeyində yanlış yol seçdiyinin qeyd edərək, bu səfərlə müəyyən dəyişikliyin ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əgər bu gün Avropa İttifaqının ali nümayəndəsinin ölkəmizə səfərinə Avropa Parlamentində olan ayrı-ayrı qruplar etiraz edirsə, deməli səfər Azərbaycan-Avropa İttifaqı arasında keçmişdə olan problemlərin aradan qaldırılması və münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real imkanlar açır.
“Kallasın Prezident İlham Əliyevlə keçirdiyi görüş və səslənən fikirlər əslində gələcək əməkdaşlıqlar üçün geniş imkanların olduğunu göstərdi. Görüşdə, xüsusilə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığı və təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələrin aparılması təbiidir. Azərbaycan hazırda Avropanın 10 ölkəsinə qaz verir və Avropada qaz təhcizatının coğrafiyasına görə də birinci yerdə dayanır. İndiyə qədər olan tədarükçülər arasında bu qədər dövləti əhatə edən ikinci dövlət yoxdur. Kallasın səfəri Avropa İttifaqının nəhayət ki, Azərbaycanın regional və geosiyasi əhəmiyyətini anlamağa başladığını göstərir. Bu, Aİ-nin illərdir mövcud olan bəzi stereotiplərdən və birtərəfli yanaşmalardan geri çəkildiyini və Azərbaycanın potensialını daha düzgün dəyərləndirdiyini ortaya qoyur. Bu səfərdən sonra Azərbaycanla Avropa İttifaqı təkcə enerji sahəsində deyil, həm də nəqliyyat və təhlükəsizlik məsələsində də tərəfdaşlıq əlaqələrinin qurulmasına şahidlik edəcəyik”.