Məlumdur ki hazırda Azərbaycan və Rusiya arasında irihəcmli qarşılıqlı ticarət əlaqələri mövcuddur. Əvvəllər ticarət mübadiləsi dollar vasitəsilə həyata keçirilirdisə, artıq Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bu qeyri mümkündür.
Bəs görəsən gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi zamanı manat və rubldan istifadə edilməsi nə qədər realdır? Dollara alternativ olaraq başqa hansı xarici valyutadan istifadə etmək olar? Hazırda Rusiya ilə ticarət əlaqələri yaradan sahibkarlarımız valyuta ilə bağlı hansı çətinliklərlə üzləşir?
Hafta.az məsələnin müzakirəsini mütəxəssislərlə apardı. İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bir neçə il öncə iki ölkə arasında ticarət dövriyyəsinin milli valyutalara keçirilməsi ilə bağlı dövlətlərarası müqavilə var idi. Lakin bunun reallaşdırılması çox çətindir:
“Problem Rusiyadan qaynaqlanır. Çünki rublun məzənnəsi çox tez-tez dəyişir. Son bir ayda isə ümumiyyətlə bu dalğalanmalar xeyli artıb. Bundan başqa Rusiyada valyuta əməliyyatlarına müəyyən qadağalar var. Məsələn, azərbaycanlı iş adamları hətta rublla belə satış həyata keçirsə, Rusiya ərazisində onu dollara, yaxud da digər valyutalara çevirmək çətin olur. Ona görə hazırda qarşılıqlı ticarət dövriyyəsində müəyyən problemlər var. Bunun çox asanlıqla həlledilməsi o qədər də real görünmür”.
Ekspert bildirir ki, Rusiya xarici ticarət zamanı tərəfdaşlarına dollar əvəzinə Çinin pul vahidi olan yuanı təklif edir:
“Hazırda Çin sanksiyalara qoşulmayıb və Çin bankları ilə Rusiya bankları arasında sivil sistemdən kənar lokal pulköçürmə sistemləri mövcuddur. Çin valyutasından istifadə edərək gələcəkdə puulköçürmələr həyata keçirmək mümkündür”.
N.Cəfərli onu da söylədi ki, hazırda azərbaycanlı sahibkarlar Rusiya ilə ticarət əlaqəsi zamanı qiymətqoymalarla bağlı müəyyən çətinliklər yaşayırlar:
“Bir neçə gün öncə qara bazarda 1 dollar 180 rubla qədər qalxmışdı. Hazırda isə deyilənə görə bu rəqəm 100-110 rubl arasında dəyişir. Lakin bilmək olmaz sabah rublun məzənnəsi hansı formada dəyişəcək”.
Növbəti həmsöhbətimiz isə maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov oldu. Ekspert söylədi ki, indi dünyanın ehtiyat valyutaları var. Bunlar dollar, avro, funtsterlinq və s.dır. Ölkələrin qeyri rəsmi valyutalardan beynəlxalq müqavilələrdə istifadə edirlər:
“Dünyada o valyutalardan istifadə edirlər ki onlara etimad daha çoxdur və həmin valyutalarda kimlərsə öz ehtiyatını saxlayır. Bizim vətəndaşlar özləri əllərində olan vəsaiti manatla saxlayırlarmı? Əlbəttə ki yox. Elə Rusiyada da vəziyyət eynidir. Bu baxımdan Rusiya məcburdur ki, başqa valyutadan istifadə etsin. Təbii ki bütün hallarda tərəflər öz aralarında müəyyən etməlidir. Mən Rusiyaya nə isə satıramsa, qarşılığında rubl almaq istəməyəcəm”.
Dövlətlərarası hesablaşmalara gəldikdə isə Ə.Həsənov güman edir ki, proses rublla həyata keçiriləcək:
“Yüksək ehtimalla Rusiya öz böyüklüyündən sui istifadə edərək hamını rublla ödəniş etməyə vadar edəcək”.
Maliyyə mütəxəssisi, yerli sahibkalara ticarət ödənişləri zamanı manata üstünlük vermələrini tövsiyyə edir:
“Qarşılıqlı ticarət dövriyyəsi zamanı ödənişlərin rublla həyata keçirilməsi azərbaycanlı sahibkarları qane etməyəcək. Ona görə bizim sahibkarlar ticarət zamanı çalışmalıdırlar ki, Azərbaycan manatı ilə ödəniş tələb etsinlər”.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,342 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.