Rusiyadan cavabı alınmayan suallar - Rəylər

12:46 15.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Kremlin “İskəndər-M”lə bağlı cavabı necə olacaq?

44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər M” və digər qadağan olunmuş silahların arxasından “sülh göyərçini” - Rusiyanın çıxması ölkə ictimaiyyətinin narahatlığına və etirazına səbəb olub. Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycanın öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana qayıdacağı və Rusiya istehsalı olan “İsgəndər M” raketi ilə bağlı Rusiyadan izahat istəməsi ölkə və beynəlxalq ictimaiyyətə ünvanlanan  və Azərbaycana qarşı iddiaların bitmədiyini ifadə edən məqam kimi də dəyərləndirilir. Prezidentin Rusiyaya və Ermənistana yönəlik bu çıxışları nəyi ifadə edir?

Politoloqlar “Həftə içi”nə şərhdə maraqlı məsələlərə diqqət çəkiblər.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Prezident İlham Əliyev ADA universitetində çıxışında müharibədən beş ay sonra problemlərin olduğunu və Rusiyanın fəaliyyətindən narazılığını aydın şəkildə vurğulayıb:

“İlk növbədə önə çəkilən məqamlar Qarabağa bağlı əsas problem erməni silahlı birləşmələrinin qalması, Rusiyanın sülhmərmlı missiyasından kənar işləri, separatizmi körükləməsi və Ermənistan ordusunu yenidən təchizatı ilə bağlıdır. Prezident Ermənistanla sərhəddə problemlərin olmadığının mesajını verdi. Amma Moskva əldə olunan razılaşamları yerinə yetirmir və digər problemlər yaradır”.

M.Əsədullazadə bildirir ki, Azərbaycan bir müddətdən sonra Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasını tələb edə bilər. Həmçinin "İsgəndər M" raketindən sonra Rusiyadan silah alışını dayandıra bilər:

“Aydın olur ki, Rusiya Qarabağda Azərbaycana qarşı probelmlər yaratamağa başlayıb. Ona görə də Prezident yüksək səviyyədə narahatlıqlarını ictimaiyyətlə bölüşür. Revanş cəhdlərinə qarşı Dəmir Yumruğu qeyd etməsi, “Müharibəyə hazıram” mesajıdır”.

Politoloq Elxan Şahinoğlu Prezdent İlham Əliyevin ADA Universitetindəki çıxışında ən vacib fikrin “İsgəndər” raketləriylə bağlı olduğunu önə çəkib. Onun sözlərinə görə, Prezident Rusiya ilə münasibətlərdə gərginliyin yarandığını etiraf etdi:

“Birincisi, Prezident dedi ki, Rusiya prezidenti Vladimir Putinlə “İsgəndər M” raketi ilə bağlı məsələni müzakirə edib. İkincisi, Prezident dedi ki, onun tapşırığı ilə Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb.

Bu o deməkdir ki, Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib. İlham Əliyev bu açıqlamadan bir gün əvvəl də Hərbi Qənimətlər Parkının açılışında Rusiyanı nəzərdə tutaraq bunları demişdi: “Şuşanı “İsgəndər M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?”.

İlham Əliyev “İsgəndər” raketləri ilə bağlı cümlələrini belə bitirmişdi: “Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq”. Fikrimcə, İlham Əliyevin iki gün ərzində ard-arda verdiyi bu açıqlamaları Kreml hansısa şəkildə cavablandırmağa çalışacaq. Kremldə anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib. İlham Əliyev həm də ona işarə edib ki, cavab gəlməsə bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək. Hansısa bəyanat formasında cavab verəcəkləri istisna deyil, ancaq cavabın bizi qane edib-etməyəcəyi də sual altındadır”.