Rusiyanın 8 aylıq büdcə kəsiri ÜDM-in 1,5 faizini keçdi

12:30 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin səkkiz ayında Rusiyanın federal büdcə kəsiri ÜDM-in 1,5 faizi və ya 2,361 trilyon rubl təşkil edib.

Hafta.az-ın Rusiya Maliyyə Nazirliyinin açıqlamasına istinadən yazdığına görə, 2022-ci ilin eyni dövründə kəsir ÜDM-in 0,3 faizi olub. Proqnozlara görə, ilin sonunda büdcə kəsiri ÜDM-in 2 faizi və ya 2,925 trilyon rubl təşkil edəcək.

İlin əvvəlindən büdcə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 19,351 trilyon rubla çatıb.

Səkkiz ay ərzində büdcə gəlirlərinin həcmi 16,990 trilyon rubl təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır.

Səkkiz ayda qeyri-neft və qaz gəlirləri 12,155 trilyon rubl, neft və qaz gəlirləri isə 4,836 trilyon rubl təşkil edib.

Maliyyə Nazirliyi qeyd edib ki, qeyri-neft və qazdan əhəmiyyətli gəlirlərin əldə edilməsində “sabit müsbət dinamika müşahidə olunur”.

Baş nazir Mixail Mişustin büdcənin icrasına dair ilkin nəticələri təqdim etdiyi hökumətin iclasında bildirib ki, avqustda neft və qaz istisna olmaqla büdcə gəlirləri 1,82 trilyon rublu ötüb. Bu göstərici bir il əvvəllə müqayisədə 56,5 faiz çoxdur. Bunun sayəsində federal büdcəni təxminən 230 milyard rubl profisitlə idarə etmək mümkün olub.

Maliyyə Nazirliyi vurğulayıb ki, büdcə xərcləri büdcə qanunvericiliyinə uyğun olaraq maksimum təxsisat məbləğindən, habelə büdcə qaydalarına uyğun olaraq neft və qaz istisna olmaqla, əlavə gəlirlərin məbləğindən ibarət olacaq.

Xatırladaq ki, büdcənin böyük hissəsini təşkil edən Rusiyanın qaz və neft gəlirləri embarqo və sanksiyalardan mənfi təsirlənib. Müharibə səbəbilə müdafiə xərclərinin rekord səviyyədə artması büdcə kəsirinin yaranmasına səbəb olur.