ABŞ-a doğru irəliləyən Rusiyanın hipersonik raket daşıyan gəmisi “Admiral Qorşkov” Atlantik okeanında “Zirkon” raket təlimi keçirib.
Hafta.az-ın Daily Mail-a istinadən yazdığına görə, Rusiya Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada, "Admiral Qorşkov"un ekipajı “900 kilometrdən çox məsafədə düşmən gəmisini imitasiya edən hədəfə “Zirkon” hipersonik raketi təlimi həyata keçirib.
“Admiral Qorşkov” və onu izləyən “Kama” tanker gəmisi yanvarın 4-də Rusiyanın Murmansk vilayətindəki Severomorsk şəhərindən yola düşüb.
"Qorşkov" və "Kama" Norveç dənizində təlimlər keçirdikdən sonra Britaniya və Fransa donanmasının müşayiəti ilə La-Manş boğazını keçiblər. Buradan onların Aralıq dənizi və Hind okeanı istiqamətində irəliləmələri gözlənilirdi.
Lakin Rusiyanın “Telegram” sosial şəbəkəsindəki “Navodka” adlı səhifəsinin paylaşımlarına görə, "Qorşkov" Biskay körfəzində "Kama"nı tərk edərək qərbə gedib.
Cənub istiqamətində davam edən "Kama", Azor adalarını keçərkən, ABŞ sahillərində "Admiral Qorşkov"un Bermud adaları istiqamətində irəliləyərək "Zirkon" raketləri üçün kompüter simulyasiyası təlimi keçirib.
Rusiya Müdafiə Nazirliyi "Admiral Qorşkov"un hazırda Atlantik okeanının qərbində olduğunu təsdiqləyib, lakin kursun dəyişməsi ilə bağlı açıqlama verməyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın "dünyada görünməmiş" adlandırdığı "Zirkon" raketləri ilə bağlı "Bunlar ABŞ-ı özünə gətirəcək" deyib.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, "Admiral Qorşkov" və "Kama" gələn ay Cənubi Afrika Respublikası sahillərində Çin Xalq Azadlıq Ordusunun donanmaları və Cənubi Afrika Respublikası ilə birgə təlimlər keçirəcəklər.