“Sabitliyi qoruyub saxlamalı, heç bir təxribata yol verməməliyik” - Elşad Musayev

15:41 19.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Putinin verdiyi müsahibədə Azərbaycan-Ermənistan müharibəsi zamanı balansı saxlamaq üçün Ermənistana silah-sursat da daxil hər cür kömək göstərdiklərini etiraf etdi.  Eyni zamanda müsahibənin gedişində Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu deyərək, Türkiyə barədə ölçülü-biçili danışır. Amma, onun bu müsahibəsində bizi diqqətli davranmağa sövq edən məqamlar da var”.

Hafta.az xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının sədri  Elşad Musayev sülhməramlılarla bağlı açıqlamasında deyib.    

Partiya sədri Rusiya prezidentinin Gürcüstan və onun subyekti olan Cənubi Osetiya arasında Rusiyanın sülhməramlı qoşunlarının olduğu dövrdə münaqişənin baş verməsini xatırladan nüanslara diqqət çəkib.

“Putin müsahibədə Gürcüstanın hərəkətlərindən razı qalmadıqları üçün Cənubi Osetiyanın "müstəqilliy"ini tanıdıqlarını bildirir. Bu qayda ilə Abxaziyanın da "müstəqilliy"inin Rusiya tərəfindən tanındığını, Krımın Rusiya tərəfindən ilhaq olunduğunu yada salır. Düzdür, Ukraynadan, Gürcüstandan fərqli olaraq Azərbaycanın qardaş Türkiyə kimi müttəfiqi var”.

E.Musayev hesab edir ki, bunlara  baxmayaraq, bütün hallarda daha ehtiyatlı, daha qərarlı və tədbirli olmalıyıq. Onun sözlərinə görə, indiki halda bu faktların böyük qələbəmizə heç bir kölgə salınmasına imkan verməməli, xüsusən dekabr ayının 1-ə kimi bütün dünyaya birlik-bərabərliyimizi nümayiş etdirməli, sabitliyi qoruyub saxlamalı, heç bir təxribata yol verməməliyik. Nə qədər ki, düşmən, erməni tör-töküntüləri ərazimizdən çıxmayıb müharibəni bitmiş saya bilmərik.

 “Ermənistanın  əsas vəzifəsi qrafikə uyğun olaraq erməni silahlılarının və ərazilərimizdə qanunsuz məskunlaşdırılmış ermənilərin torpaqlarımızdan çıxarılmasıdır. Rusiya sülhməramlılarının da əsas vəzifəsi bu işə təkan vermək və asayışı qorumaqdır. Erməniləri Ermənistandan Xankəndinə, digər yerlərə geri qaytarmaq, digər idarəçilik işləri sülhməramlıların görəvi deyil.

Biz bu acı təcrübəni həm özümüzün, həm başqalarının timsalında yaxşı bilirik. Odur ki, səhv buraxmağa yerimiz yoxdur. Səbirlə, təmkinlə və ağılla bu problemin də öhdəsindən  gələcəyimizə inanıram.  Hər şeyin zamana ehtiyacı var”.