Sahibə Qafarova: “Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək”

12:07 24.06.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli ordumuz şərəfli inkişaf yolu keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə ordunun kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş hazırlığının  yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilmişdir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

  S.Qafarova bildirib ki, Heydər Əliyev yolunun ordu quruculuğu sahəsində də layiqincə davam etdirən Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyyatında göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. 

“30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilmişdir.

Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin öz yerini tutması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış, ölümlə üz-üzə dayanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq. 

Bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin və suverenliyinin keşiyində sayıq dayanmışlar. Onlar işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri də layiqincə yerinə yetirirlər. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək.

Silahlı Qüvvələr Günü  münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə  onlara yeni uğurlar arzulayırıq”-spiker bildirib.