Sahil qəsəbəsində sakinlərin problemləri müzakirə olunub

15:37 27.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qəsəbə aylığı” görüşləri çərçivəsində Qaradağ rayonu Sahil qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilib.

Hafta.az yazır ki, Sahil qəsəbə sakinlərinin iştirakı ilə təşkil olunan görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi Nüsrət Sadıqov, Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

“Açıq mikrofon” formatında keçən görüşdə çıxış edən sakinlər Bakı şəhərində, eyni zamanda, Sahil qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qəbula gələn sakinlər ötən dəfəki görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdirildiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayıblar.

Sakinlərin verdiyi sualları ətraflı cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu deyib.

Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Daha sonra sakinlərdən 8 nəfəri fərdi qaydada dinlənilib, bəzi problemlər yerindəcə aradan qaldırılıb, həlli vaxt tələb edən müraciətlərə baxılması üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.