Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müxtəlif yerlərində uğurla icra olunan “Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini Şamaxıda davam etdirir.
Bu barədə hafta.az-a Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, “Gənclərlə, gənclər üçün” şüarı ilə təşkil olunan layihənin missiyası ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasıdır.
İyulun 27-31-ni əhatə edən Şamaxı dayanacağının açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxışlarında “Səyyar Gənclər Xidməti”nin region gənclərinin potensialının reallaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin gələcək karyera inkişafına töhfə verən mühüm layihə olduğunu vurğulayıblar.
Layihə müddətində Şamaxı rayonunun gəncləri üçün "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək, həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Eyni zamanda, iştirakçılar üçün Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar və sərgilər təşkil olunub.
Həmçinin gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak ediblər.
Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.
Xatırladaq ki, cari il üzrə Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağsuda keçirilən layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.