Şəhidlik zirvəsinə ucalan hərbi həkim Adil Əfəndiyev

10:58 12.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

44 gün davam edən və ölkəmizin tarixi zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Neçə-neçə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Elə bir azdan haqqında bəhs edəcəyimiz qəhrəmanımız, tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biridir.

Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1 ci sinifə başlayır.  2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra, hərbi həkim işi ixtisasına daxil olur. 2018-ci ildə isə universiteti bitirib təyinatla Naxçıvan Muxtar respublikasının Culfa rayonuna göndərilir.  Burada tibb xidməti rəisi vəzifəsində çalışır. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 22 oktyabr tarixində, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Hafta.az şəhidimizin anası Afət xanımla həmsöhbət oldu.

Afət xanım deyir ki, oğlu həkim olsa da, özünü hər zaman əsgər kimi hiss edirdi. Şəhidlik zirvəsi onun üçün ən müqəddəs məqam olub:

"Adil Naxçıvanda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Müharibə başlayandan sonra, 18 oktyabrda onlar döyüş bölgəsinə, Füzuli rayonuna gətirilir. O, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən şəhidliyə ucalır. Adilə əmr ediblər ki, həkimlər irəli getməsin, yaralı əsgərləri sanitarlar döyüş bölgəsindən çıxarsın. O da deyib ki, "Mən komandirimi özüm xilas etməliyəm".  Oğlum hər zaman özünü tibb işçisi kimi yox, döyüşçü kimi aparırdı. O, heç vaxt arxada gözləyə bilməzdi. Əsgərlərlə yan-yana xidmət edib, sonra da şəhidliyə ucaldı. Döyüş yoldaşlarının dediyinə görə, yaxınlaşıb yaralının vəziyyəti ilə maraqlanıb, yaralarını sarıyıb, həmin an təkrar atılan minaatan atəşi nəticəsində özü də qəlpə yarası alıb".

Həm özü, həm də xilas etmək üçün canından keçdiyi komandiri şəhidlik zirvəsinə ucalır. Vətən müharibəsini şəhid hərbi həkimi Adil Əfəndiyev 3 gün sonra, 25 oktyabrda doğulub böyüdüyü Qazax rayonunda torpağa tapşırılır.

Şəhid anası söyləyir ki, oğlumun gələcəklə bağlı çoxlu arzuları, xəyalları var idi:

"Rezidenturaya hazırlaşırdı. Deyirdi, "Hələ evlənmək üçün tezdir, öncə təhsilimi davam etdirməliyəm". Sonuncu dəfə keçən il dekabr ayında məzuniyyətə gəlmişdi, onda görüşə bildik. Bu il avqust ayında məzuniyyət götürsə də, pandemiya ilə bağlı Naxçıvandan gələ bilmədi. Görüş üçün gün sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı...".

Ana oğlunun müharibəyə getdiyindən xəbərsiz olub. Anası nigaran qalmasın deyə, Adil cəbhəyə aparıldığını təkcə atasına deyir. Dönə-dönə tapşırır ki, anam bilməsin:

"Oktyabr ayının 18-nə kimi telefonla danışırdıq, sonra əlaqəmiz kəsildi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi üçün tez-tez dağa qalxırdılar. Sonuncu dəfə mənə dedi ki, "Ana, dağa çıxırıq yenə, zəng çatmasa narahat olma". Mən də ağladım. Dedi, niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir, narahat olma, gələcəyəm...".

Ata isə oğlunun müharibədə olduğunu bilirdi.

- Oğlum, diqqətli ol, özünü qoru.

- Narahat olma, mən həkiməm, həm burada, həm də ön cəbhədə döyüşən əsgərlər məndən də artıqdırlar.

- Anana de, qoy heç olmasa o da bilsin cəbhədə olduğunu.

- Yox, demə harada olduğumu, nigaran qalacaq, elə bilsin Naxçıvandayam...

Ana titrək, lakin bir o qədər də məğrur səsi ilə bildirir ki, oğlumun canında, qanında Vətən sevgisi uşaqlıqdan var idi. O, Xüsusi Təyinatlı olması ilə daim fəxr edib:

"İlk şəhid hərbi həkimTurqut Xəlilbəyli ilə qrup yoldaşıydılar. "Status"larına qoyurdu tez-tez. Görüb tanıdım, bildim ki həmin Turqutdur. Ana ürəyidir, dözə bilməyib ağladım. Mənə dedi ki, "Ay ana, niyə ağlayırsan, hər adama qismət olmur o zirvə, təki mən də ucala biləm...".

Qeyd edək ki, 25 yaşlı qəhrəman şəhidimiz, tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”,  "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Canı bahasına neçə-neçə əsgərin həyatını xilas edən qəhrəman həkim, bu xalq səni heç zaman unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin!

 

Oxunma sayı 527