Şərif-Sanaullah birliyi İmran Xandan nəyin qisasını alır?

12:50 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanda baş nazir Şahbaz Şərif hökuməti keçən həftə saxlanılan keçmiş baş nazir İmran Xanın siyasətdə qalmasına qadağa qoymağa çalışır. Daxili işlər naziri Rana Sanaullah, “Ölkədə böhrana son qoymağın yeganə həlli Pakistan Ədalət Hərəkatı Partiyasını (PTI) bağlamaqdır. Çünki Xanın yeganə məqsədi ölkədə xaos və anarxiya yaymaqdır”, - deyə bildirib.

Hafta.az-ın yazdığına görə, Pakistanda aprelin 9-da orduya bağlı yarımhərbi qüvvələr tərəfindən saxlanılan keçmiş baş nazir İmrah Xanın tərəfdarlarının etirazı hökuməti çox narahat edib.

Baş nazir Şahbaz Şərifin hökuməti İmran Xanın partiyasını bağlamaq və ona siyasi qadağa qoymaq planları hazırlayır. Ötən apreldə ABŞ-ın dəstəklədiyi parlament çevrilişi ilə İmran Xanı devirən Şərif hökumətinin daxili işlər naziri Rana Sanaullah Xanın keçən həftə həbsindən sonra keçirilən etirazlardan sonra Ədalət Hərəkatı Partiyasını (PTI) qadağan etməkdən başqa çarə olmadığını bildirib.

İmran Xanın həbsindən sonra başlayan şiddətli etirazlara toxunan Sanaullah, PTI-nin bağlanmasının ölkənin gələcəyi üçün düzgün qərar olacağını bildirib.

PTI tərəfdarlarının dövlət əmlakına və hərbi qurumlara ziyan vurduğunu ifadə edən Sənaullah, bu şəxslərin terror qanunlarına görə məsuliyyətə cəlb ediləcəyini və cəzalandırılacağını bildirib.

Sanaullah həmçinin onu Xanın partiyası PTI vasitəsilə on il ərzində ölkə daxilində minlərlə “pis adamı” işə götürməkdə, öyrətməkdə və silahlandırmaqda ittihamlayıb. Nazir Sanaullah Pakistan Konstitusiya Məhkəməsini və İslamabad Ali Məhkəməsini bir neçə işdə PTI rəhbərinə "fövqəladə rahatlıq" təmin etdiyinə görə tənqid edərək, qanunun Xana şamil edilmədiyini bildirib.

Sanaullahın qadağasını bir çox nazirlər, o cümlədən İqlim naziri Şerri Rəhman və müdafiə naziri Xvaca Asif dəstəkləyib.

Xarici işlər naziri Bilaval Bhutto-Zardari partiyaların bağlanmasının tərəfdarı olmadığını bəyan edərkən, daxili işlər naziri Sanaullah isə “Zərdarinin əslində dediyi odur ki, o, siyasi partiyaların qadağan edilməsini sevmir, amma İmran Xanın cəhdlərinə qarşıdır. Çünki o, xalqı küçələrə çıxarıb xaosa sövq edir. Əgər buna son qoyulmasa, Bhutto-Zardari də PTI-nin bağlanmasını dəstəkləyəcək” deyib.

Siyasət rubrikasından digər xəbərlər