SOCAR Şərqi Anadoluda 4 neft quyusu qazmağa hazırlaşır – Vaqif Əliyev

10:15 04.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə Azərbaycan arasında son illər sürətlə inkişaf edən hərtərəfli əlaqələr iqtisadi əməkdaşlıqda da öz təsirini göstərir. Azərbaycanın dövlət şirkəti SOCAR-la TPAO arasında Cənub-Şərqi Anadoluda neftin kəşfiyyatı üzrə qazma müqaviləsi imzalanıb.

Hafta.az-ın “Dünya” qəzetinə istinadən yazdığına görə, son iki ildə Türkiyə ilə Azərbaycan arasında mühüm investisiyalar və əməkdaşlıq müqavilələri imzalanıb. O cümlədən, 44 günlük müharibənin sonunda Qarabağ yenidən Azərbaycan ərazisinə çevrildikdən sonra sürətlə artan siyasi münasibətlər iqtisadiyyatda yeni layihələrin yaranmasına səbəb olur.

Türkiyənin ən böyük xarici sərmayədarı olan və bu ilin iyun ayında Qara dənizdə təbii qaz kəşfiyyatı fəaliyyətləri üçün addım atan SOCAR-ın Türkiyə üzrə sədr müavini Vaqif Əliyev Türkiyənin Qara dənizdə qaz kəşflərinin strateji əhəmiyyət daşıdığını bildirib. O, TPAO ilə birlikdə işləməyin mümkünlüyünə işarə edərək yeni addımların atılacağını dilə gətirib.

TPAO-nun Azərbaycanda fəaliyyət göstərən SOCAR Qazma Mühəndislik şirkəti ilə bağladığı müqavilə ilə SOCAR Türkiyənin cənub-şərq regionunda 4 neft quyusu qazacaq. Razılaşmanın Türkiyənin neft hasilatına dəstək verəcəyi və bölgədə məşğulluğu artıracağı gözlənilir.

Qeyd edək ki, bölgədəki neft axtarış fəaliyyətləri ötən həftə "Rəsmi Qəzet"də açıqlanıb. Açıqlamada TPAO-nun Siirtdə 5 illik neft kəşfiyyatı lisenziyası aldığı bildirilib.

Enerji və Təbii Sərvətlər Nazirliyi Mədən və Neft İşləri Ümumi Müdirliyinin neft hüququ ilə bağlı Rəsmi Qəzetdə dərc olunan qərarına əsasən, Türkiyə Neft Şirkəti də Şırnak, Amasya və Samsunda 5 sahədə neft kəşfiyyatı aparacaq.

Qəzet öz məqaləsində bildirib ki, PETKİM-i almaqla Türkiyəyə addım atan SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub.

İzmir Aliağadakı 1453 hektarlıq istehsal müəssisəsində illik 11 milyon ton xam neft emal edən SOCAR Türkiyənin cari hesab kəsirinə 1 milyard dollara yaxın töhfə verir. Şirkət həmçinin 17 külək turbini ilə 51 meqavat enerji istehsal edir.