“SOCAR Turkey”ə bağlı “Petkim”in mənfəəti 93,21 faiz azalıb

09:10 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“SOCAR Turkey”in qrup şirkətlərindən olan “Petkim” balans hesabatını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, şirkət ilin ilk 6 ayında 289 milyon 60 min lirə mənfəət əldə edib. Hansı ki, ötən ilin eyni dövründə şirkətin mənfəəti 4 milyard 262 milyon 853 min lirə olub. Beləliklə, şirkətin mənfəəti 93,21 faiz azalıb.

Şirkətin rüblük mənfəəti ötən ilin eyni dövründəki 2,5 milyard lirə ilə müqayisədə cəmi 134,4 milyon lirə olub.

Neft-kimya sənayesində mənfəət marjının azalmasına baxmayaraq, Petkim ili 6,5 milyard lirə xalis mənfəətlə bağlayıb.

Şirkətdən verilən açıqlamaya görə, “Petkim” ötən il ümumi satışlarını əvvəlki ilə nisbətən yüzdə 70 artıraraq 49 milyard lirəyə, pul vəsaitlərini isə 13 milyard lirəyə yüksəldib.

Açıqlamaya görə, ötən il “SOCAR Turkey”in SAP-la başlatdığı S4/HANA layihəsi olan “Project Earth” da “Petkim”də həyata keçirilib. Bu layihə sayəsində “SOCAR Turkey”lə qrup şirkətləri arasında mühasibat əməliyyatları və faktura təsdiqi kimi korporativ proseslər başdan-başa idarə oluna və məlumat axını həyata keçirilə bilər.

Digər tərəfdən, Petkim 2023-cü ilin yanvar ayında ödəməli olduğu 500 milyon dollarlıq avrobondu daxili resursları ilə həll edib və xaricdən 300 milyon dollarlıq uzunmüddətli yeni vəsait alıb. Beləliklə, 2023-cü ildə avrobond ödənişi uğurla həyata keçirilərkən, uzunmüddətli borc 200 milyon dollar azalıb. Həm də, “Petkim” dayanıqlı istehsal tələblərinin tətbiq olunduğunu təsdiqləyən Beynəlxalq Davamlılıq və Karbon Sertifikatı (ISCC) Plus sertifikatına layiq görülüb.