“Bu gün dünya miqyasında bir qlobal böhran yaşanır. Və bu əsasən iqtisadi böhran olsa da, bunun üzərində bir siyasi böhran da mövcuddur. Amma siyasi böhran idarə olunur, yəni müəyyən istiqamətə yönəldilir. Öncə Yaxın Şərqdə böyük böhran yaşandı, daha sonra Rusiya–Ukrayna müharibəsi başladıldı. Bununla yanaşı, müxtəlif ölkələr arasında donmuş münaqişələr var ki, bu “donmuş” konfliktləri yenidən aktivləşdirmək çox asandır. Söhbət Pakistan-Hindistan, Əfqanıstan-Pakistan, Pakistan-İran, Əfqanıstan-İran və s. kimi münaqişələrdən gedir”.
ADP sədri bu fikirləri hafta.az-a açıqlamasında Əfqanıstanla Pakistan arasında hələlik səngimiş son silahlı qarşıdurmanın mahiyyəti haqda danışarkən dilə gətirib.
“Bəhs etdiyimiz bu cür münaqişələr məqsədyönlü şəkildə idarə edilir və lazım gəldikdə aktivləşdirilir. Onlardan qlobal güclər arasında hər hansı başqa müstəvidə alver gedəndə istifadə olunur. Yəni bir-birinə, yaxud müəyyən bir ölkəyə mesaj vermək, onu təzyiq altına salmaq və ya müəyyən davranışa məcbur etmək üçün belə vasitələrdən yararlanırlar. Məsələn, “mən o bölgədə sabitliyə təminat verərəm, sən bu bölgədən barmağını çək” tipli mesajlar verilir. Yəni dünya hazırda güc mərkəzləri tərəfindən belə idarə olunur. Odur ki, Əfqanıstanla Pakistan arasındakı məsələyə də bu aspektdən yanaşmaq gərəkdir”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.
“Bundan əvvəl Kamboca ilə Tailand arasında bircə günlük savaş oldu, Hindistanla Pakistan arasında bir həftəlik müharibə baş verdi. Sual olunur ki, bir günlük, yaxud bir həftəlik müharibə olarmı? Necə olur ki, belə savaşlar gözlənilmədən başlayır və birdən də bitir? Bu o deməkdir ki, bunlar nəzarət olunan konfliktlərdir. İndiki halda bilirik ki, Amerika Əfqanıstandakı keçmiş Bağram hərbi bazasını bərpa etmək istəyir, amma Taliban hökuməti buna icazə vermək istəmir. Pakistanın isə ABŞ-la, demək olar ki, yaxın əlaqələri var. Bəhs etdiyimiz iki günlük silahlı konflikt də öz şərtlərini qəbul etdirmək üçün Amerikanın Əfqanıstana “Əgər mənim dediyimi etməsən, Pakistanı səninlə toqquşduraram” tipli bir mesajıdır. Əfqanıstanın isə Pakistanla belə qarşıdurmanı davam etdirmək imkanları, şansları yoxdur. Buna onun nə əhalisinin sayı, nə hərbi gücü, nə də iqtisadi, maliyyə potensialı imkan verir. Ona görə də yəqin ki, ABŞ başqa bir istiqamətdən Əfqanıstandan istədiyini qopara biləcək. Eyni siyasəti Çin də, Rusiya da aparır. Və indi baxmalıyıq, bu münaqişədən sonra Əfqanıstan hökuməti hansı ölkə istiqamətində addım atacaqsa, deməli, məntiqlə münaqişəni yaradan həmin ölkədir. Antik Yunanıstanın cinayətlərlə bağlı mühakimələrində belə bir aforizmləri var idi: “Hər hansı bir hadisənin nəticəsindən kim faydalanırsa, deməli, həmin olayın təşkilatçısı və ya təşviqedicisi odur”, -partiya sədri yekunlaşdırıb.
Sultan Laçın