Son günlərdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı proses diplomatik müstəvidə sürətləndirilsə də, sərhəddə mütəmadi olaraq təxribatların şahidi oluruq. Erməni tərəfinin təxribatları hər dəfə layiqli cavabını alsa da, indi Fransa, Hindistan, İran kimi dövlətlər ErmƏnistan ordusunun yenidən formalaşdırılması, müasir hərbi texnika ilə təmin edilməsi üçün fəaliyyətə keçiblər. Belə bir şəraitdə Azərbaycanda hər kəsi yenidən Silahlı Qüvvələrimizin real gücü və imkanları maraqlandırır. Qeyd edək ki, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır. Bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalının 2023-cü illə bağlı reytinqində deyilir. Reytinqə görə, Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır. Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir. Bəs bu qiymətləndirmə reallığı nə dərəcədə əks etdirir?
Azərbaycan Ordusu sülhün bərpası və davamlılığının qarantı kimi qəbul olunmalıdır
Şair Ramaldanov, ehtiyatda olan polkovnik:
- Artıq 44 günlük müharibədən ötən iki il müddətində hərbi sahədə aparılan ciddi islahatlar Azərbaycan Ordusunun inkişafını daha da sürətləndirib. ABŞ-ın “Global Firepower” saytı ordularla bağlı statistik məlumat toplayan və təhlil edən çox nüfuzlu qurumdur. Belə statistik göstəricilər 60 əmsal üzərindən araşdırılaraq ortaya çıxarılır və hərtərəfli məlumatlar əsasında dünyada güclü orduların sıralanması aparılır. Bu gün Azərbaycan Ordusunda xüsusi təyinatlı dəstələrin, Komondo briqadalarının yaradılması və aparılan islahatlar Silahlı Qüvvələrimizin inkişafından xəbər verir. Azərbaycan Ordusunun şəxsi heyəti həm də müharibə təcrübəsindən çıxmış bir heyətdir. Zabit, komandir heyətinin, demək olar ki, 90 faizdən yuxarısı müharibə iştirakçısıdır. Bu da Azərbaycan Ordusunun peşəkarlığından xəbər verir. Nə qədər təlimlər, məşğələlər keçirilsə də, döyüş təcrübəsi ordunun inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda ordunun silahlandırılmasına, müasir silahlarla təchiz edilməsinə mühüm yer ayrılır. Orduda aparılan islahatlar müstəvisində Azərbaycan NATO bloku içərisində ən güclü ordular sırasında yer tutan Türkiyə Ordu modelini seçib. Ordumuz qabaqcıl islahatların nümunələrinin təcrübəsini alıb. Belə olduğu halda, Ordumuzun siyahıda aldığı yerin üstündə öz yüksək mövqeyini tutacağı şübhəsizdir. Bu həm bizim dostlarımız üçün, həm də düşmənlərimiz üçün bir mesajdır. Azərbaycana ən nüfuzlu inkişaf etmiş hərbi sənaye komplekslərinin məhsulları gətirilir. Bunların içərisində ilk sırada Türkiyə dayanır. Türkiyə hərbi sənaye kompleksinin bütün zirehli texnika istehsalı -tanklar, zirehli maşınlar, pilotsuz uçuş aparatları və sair elə bir sahə yoxdur ki, dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənayesi ilə rəqabət apara bilməsin. Bizim hərbi texniki əməkdaşlıq eyni zamanda İsrailin hərbi sənaye kompleksi ilə aparılır. Bundan başqa, 10-a yaxın ölkə ilə bu sahədə əməkdaşlıq qurulub. Ali Baş Komandanın Şuşada Ulu Öndərin 100 illiyi ilə bağlı xalqa müraciətində -“Azərbaycan Ordusuna nə lazımdırsa, onu da edəcəyik” söyləməsi Silahlı Qüvvələrimizin gücləndirilməsinin prioritet olduğunu göstərir. Ona görə də dostlarımız sevinir, düşmənlərimiz məyus olur. Azərbaycan Ordusunun inkişafının təmin edilməsi təhlükəsizliyin təminatı, bölgədə sülhün qoruyucusu olmaq əzmində olduğunu ifadə edir. Azərbaycanın yolu bölgədə sülhün yaradılması, iqtisadi potensialın yüksəlməsi, erməni işğalı, vandallığı nəticəsində dağıdılan ərazilərimizin bərpası, infrastrukturun yenidən qurulması yoludur. Azərbaycan Ordusunun inkişafı regionun təhlükəsizliyi baxımından əsas faktor kimi qəbul edilməlidir. Silahlı Qüvvələrimizin inkişafı heç bir ölkənin işğalı üçün nəzərdə tutulmayıb. Güclü Azərbaycan Ordusu sülhün bərpası və davamlılığının qarantı kimi qəbul olunmalıdır. Qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsini də nəzərə alsaq bu, Azərbaycanın gücünü qat-qat artırır.
Azərbaycan döbləti hər il orduya ayırdığı büdcəni artırır
Emin Həsənli, hərbi ekspert:
- Orduların gücü ilə bağlı ABŞ-da hazırlanan siyahının tərtib edilməsində müxtəlif amillər var. Burada ordunun maddi-texniki bazası, təchizatı, gücü, sayı, təlimlər və sair amillər mühüm rol oynayır. Hesab edirəm ki, Azərbaycan Ordusu tək bir amilə görə Türkiyə ilə bilikdə dünyanın ən güclü ordusudur. Bu, mənəvi-psixoloji hazırlıqla bağlıdır. II Qarabağ müharibəsindən sonra yeni hərbi hissələrin yaradılması, yenidən qurulan ərazilərdə hərbi infrastrukturun, yeni silahların alınması, komando birliklərinin yaradılması peşəkar orduya keçid baxımından əhəmiyyətlidir. Hərbi qulluqçuların əmək haqlarının artırılması, hərbi-texniki təhcizatın yüksəlməsi, müasir silahların alınması, yeni hərbi hissələr, xəstəxanaların tikilməsi vəsait tələb edir ki, bu da eyni zamanda büdcə artımını tələb edir. Hər bir müstəqil, güclü dövlət üçün ordu mühüm əhəmiyyət daşıyır və Azərbaycan dövləti hər il orduya ayırdığı büdcəni artırır. Ordumuzun güclü olması hər zaman vacibdir. ABŞ-ın ölkələrin hərbi gücünün statistik qiymətləndirməsi ilə bağlı tərtib etdiyi siyahıdan, eləcə də istər ABŞ, istər Rusiya, Çin, Böyük Britaniyanın və ayrı- ayrı ekspertlətin açıqlamasına əsasən Azərbaycan ordusu hər il irəlidədir. Azərbaycan əsgəri Vətən uğrunda öldürməyi və ölməyi bacarır. I-II Qarabağ müharibəsi bunu sübut etdi. Verdiyimiz şəhidlər, qazilərimiz bizim canlı muzeyimizdir, Allah hər birinə rəhmət eləsin. Nə ABŞ-ın, nə İngiltərənin belə bir ordusu yoxdur. Ukrayna ilə müharibədə rus əsgərinin döyüşdən necə yayındıqlarını gördük. İraq müharibəsində bir kola üçün döyüşə getməyən əsgərlər var idi. Bu faktlar hamısı o güclü dövlətlərin ordusunun Azərbaycanla müqayisəyə gəlmədiyini göstərir. Azərbaycan, Türkiyə orduları mənəvi-psixoloji hazırlığa görə dünyanın ilk yerlərini bölüşür. Orduda ən vacib amil insan amili, döyüşçünün Vətənə bağlığığı, döyüş ruhudur. İkinci və daha sonrakı amillər silah-sursatla təhcizat və sair məsələlərdir. Azərbaycan əsgərində inam var, ruh var, ölümün gözünə dik baxır. Mübahiz İbrahimov kimi yüzlərlə, minlərlə şəhidlər verdik. Biz ordumuzla qürur duyuruq və dünya orduları sırasında özünəməxsus yeri var.
Qafqazda Azərbaycan silahlı qüvvələri regionun ən güclü ordusu kimi qiymətləndirilir
Elxan Şıxəliyev, hərbi ekspert:
- Həmin siyahıda 11-ci yerdə Türkiyənin, 7 -ci yerdə Pakistanın, 18-ci yerdə yer alan İsrailin hərbi əməkdaş olaraq yanımızda durması Azərbaycanın gücünə güc qatır, silahlı qüvvələrimizi yeni mərhələyə çıxarmış olur. Bu yol xəritəsi uzun müddət həyata keçiriləcək. Ona görə ki, bu gün təhdid və təhlükələr azalmaq əvəzinə artmaqdadır. Yeni model, yeni vizionda yaradılacaq silahlı qüvvələrimiz bu təhdid və təhlükələri dəf edəcək ordu halına gələcək. Azərbaycanın həmin siyahıda Ermənistandan 37 pillə irəlidə olması onu göstərir ki, bizim ordu 60 kriteriya üzrə 27-nin 1-ə nisbətində güclüdür. Silahlı Qüvvələrimiz 44 günlük müharibəyə hazırlığı və nəticəsi üzərindən yeni mərhələyə keçib. Prezidentin də qeyd elədiyi kimi, müharibənin hər günü təhlil edilməklə əməliyyatların müsbət və mənfi yönləri üzərindən yeni ordunun yaradılmasına qərar verildi. Məhz Şuşa Bəyannaməsi ilə Türkiyənin mini modelinə keçidin həyata keçirilməsi uğurla həyata keçirildi. Orduların gücündə əsas kriteriya döyüş təcrübəsinin olub-olmaması, şəxsi heyətin döyüş hazırlığı və silahlanması ilə ölçülür. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələrinin komandir heyətinin 90 faizi və şəxsi heyətin 70 faizinin müharibə təcrübəsi var, bu faktor da ordumuzun gücünün göstəricisidir. Müharibədən sonra əlavə birliklər yarandı. Hər bir birliyin komandirinin sərəncamında komando briqadaları yarandı ki, həmin briqadaların şəxsi heyəti peşəkar hərbçilər olaraq birlik komandirlərimizin vurucu gücünə çevriləcək və hərbi qurumların özlərinin gələcək döyüş tapşırıqlarını yerinə yetirməsinə müsbət təsiri olacaq. Döyüş hazırlıqlarının yüksəldilməsi üçün təlimlərin keçirilməsi, yeni hərbi strukturların yaradılması, komlektləşməsi, modernləşməsi üçün çox böyük addımlar atılır. Bütün hərbi təlimlərdə Azərbaycan silahlı qüvvələrinin hərbçiləri qardaş Türkiyənin hərbçiləri ilə bərabər təcrübə mübadiləsini həyata keçirirlər. Bu da bizim silahlı qüvvələri irəli götürən əsas mərhələlərdən biri olub. Digər mühüm məsələ, başqa ölkələrin hərbi strukturları ilə, xüsusən Pakistan respublikasının hərbçiləri ilə qarşılıqlı təlimlərin keçirilməsidir. Silahlı qüvvələrimiz Gürcüstanda ikitərəfli, üçtərəfli təlimlərdə daim iştirak edirlər. Eləcə də Azərbaycan hərbi-texniki əməkdaşlıq çərçivəsində İsrail ilə əməkdaşlıq edir. Qafqazda Azərbaycan silahlı qüvələri regionun ən güclü ordusu kimi qiymətləndirilir.