Düşənbədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Hafta.az-ın yazdığına görə, sazişi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Fayzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.
Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək. Eləcə də bu fəaliyyətin bir hissəsi kimi iki ölkənin görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

Bu arada, Tacikistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılış mərasimi də olub. Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizada Cumaxon, eləcə də hər iki ölkənin nazirlik və Milli Kitabxana nümayəndələri, elmi-ictimai xadimlər və media mənsubları iştirakı ilə açılan guşədə oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.