Taliban hökumətinin nazirləri və riyakar dünya siyasətçiləri (Araşdırma)

18:20 08.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çoxdandır gözlənilən qərar elan olundu – “Taliban” Əfqanıstanı idarə edəcək hökuməti elan elədi. İndi qalır bu hökumət Əfqanıstanı hara qədər aparacaq və xarici dünya Kabillə münasibətlərinin necə quracaq.

Maraqlı olar deyə, gəlin hökumətin tərkibini nəzərdən keçirək:

1. Əfqanıstan İslam Əmirliyinin əmiri Mövləvi Heybətullah Axundzadə:

1960-cı ildə Qəndəharın Pəncvay rayonunda, əslən peştun olan Nurzay tayfasında doğulub. Diyobənd mədrəsələrdə təhsil alan Axundzadə öncə Mövləvi, daha sonra isə Şeyxül Hadis tituluna yiyələnib.

Sovet işğalına qarşı savaşıb, 1994-cü ildən sonra “Taliban”da dini və hüquqi vəzifələri tutub. “Taliban”nın hərbi, hüquqi və social sferada yenilənməsində, ümumiyyətlə, hərəkatın bütün orqanlarının müasirləşdirilməsində ciddi rol oynayıb. 2016-cı ilin may ayında Molla Mansur ABŞ əsgərləri tərəfindən öldürüldükdən sonra “Taliban”ın lideri seçilib.

“Taliban” nümayəndələri onu “möminlərin lideri” və ya “Əmir əl-möminin” adlandırır.

Qeyd edək ki, Axundzadə 2016-cı ildən öncəki 15 il boyunca (2001-2016-cı illər) Pakistanın cənub-qərbində yerləşən kiçik Kuçlak qəsəbəsində yaşayıb və oradakı məsciddə öz dünyagörüşlərini, islami fikirlərini insanlara çatdırıb, uşaqlara dini dərslər verib və ardıyla da vaizlik yaradıb.

2. Əfqanıstanın Baş naziri Molla Məhəmməd Həsən Axund:

Molla Məhəmməd Həsən Axund 1954-cü ildə Qəndəharın Argandab rayonunda dünyaya göz açıb. Peştun millətindən olan Axund, təhsilini əvvəlcə öz rayonunda, daha sonra isə Pakistan mədrəsələrində alıb. SSRİ-yə qarşı savaşan Axund “Hizbi İslami Halis” təşkilatında fəaliyyət göstərib. Bu dövrdə “Taliban” lideri Molla Ömərlə yaxın münasibət qura bilib. “Taliban”ın hakimiyyəti illərində Qəndahar valise olub, daha sonra isə Xarici İşlər Nazirliyində və Baş nazirin yanında çalışıb.

3. Baş nazirin 1-ci müavini Molla Əbdülqani Biradər Axund:

Molla Biradər 1968-ci ildə doğulub. Dürrani peştunlarından olan Biradər, Popalzay tayfasının alt qanadı olan Sadozaylara mənsub ailədə böyüyüb. Qurucu lider Molla Məhəmməd Ömərdən sonra hərəkatda ən yüksək çinli isim olan Biradər ilk təhsilini Dyobənd mədrəsəsində alıb. Sovetlərə qarşı mübarizə aparıb. 2001-ci ildən sonra Pakistanda və Əfqanıstanda, Molla Ömərin təlimatıyla ABŞ və NATO-ya qarşı mübarizənin öndəri olub. 2010-cu ildə ABŞ-ın müraciətinə əsasən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 8 ildən sonra, yenə də ABŞ-ın istəyi əsasında Pakistan həbsxanasından azadlığa buraxılıb. O vaxtdan bu günədək “Taliban”ın siyasi heyətinə rəhbərlik edib.

4. Baş nazirin 2-ci müavini Mövləvi Molla Əbdüssəlam Hanəfi:

Mövləvi Əbdüssəlam Hanəfi ölkənin şimalında yerləşən Fəryab vilayətində doğulub. Milliyətcə özbək olan Hanəfi özbəklərlə yanaşı, digər türk xalqlarının da dilini yaxşı blir. Onun özbək, peştun, ingilis, fars, ərəb, urdu, qırğız, türkmən və türkcə bildiyi deyilir. “Taliban”ın 1996-2001-ci illərdə mövcud olan iqtidarında Fərah vilayəti təhsil idarəsinin müdiri olub, sonra Təhsil nazirinin müavini və nəhayət Cevzcan vilayətinin valise təyin olunub. O, islami elmlər və mədəniyyət sahəsndə peşəkarlaşmış mütəxəssisdir. Hanəfi eyni zamanda “Taliban”ın siyasi ofisinin liderinin köməkçisidir.

5. Müdafiə naziri Mövləvi Məhəmməd Yaqub Mücahid:

“Taliban”ın qurucu lideri Molla Məhəmməd Ömər Mücahidin böyük oğlu olan Yaqub Mücahid 1990-cı ildə doğulub. Müharibə illərində Diyobənd mədrəsələrində təhsil almış Yaqub, 2001-ci ildə hərəkata üzv olub. Dini təhsil almaqla yanaşı, döyüşlərdə iştirak edib. 2016-cı ildə “Taliban”ın güney bölgəsinə cavabdeh hərbi lider postuna yüksəlib. Əfqanıstanın keçmiş silahlı qüvvələri ilə baş vermis döyüşlərə məhz o rəhbərlik edib. Hətta 2015-ci ildə onun ölməsi haqda xəbərlər də yayılmış, amma sonradan təkzib edilmişdi.

Yerli mətbuatın yazdığına görə,  təxminən 31 yaşlı Molla Məhəmməd Yaqubun hətta, Ahtar Mansur 2016-cı ildə öldürüləndən sonra “Taliban”ın yeni lideri seçilməsi təklifi səsləndirilib. Amma Mansurun hələfinin seçildiyi toplantıda “Taliban” komandanlarından biri, Molla Yaqubun çox gənc olmasını və döyüş təcrübəsinin olmamasını səbəb göstərərək liderlik üçün Axundzadənin namizədliyini təklif edib.

“Taliban” liderləri arasında daha gənc və mülayim insan olan Yaqub, bir az da aatsına görə çox sevilir, hörmət göstərilir. Amma Pakistanda doğulub-böyüməsi, orada təhsil alıb, həyata addım atmasından dolayısı “Taliban”ın daxilində belə özünə qarşı  mövqe tutanları var. Hakimiyyət devrilmədən öncə Əfqanıstanın kəşfiyyat orqanları Yaqubu "özünü haqq sahibi görən” və "Əfqanıstanın reallıqlarından xəbərsiz" biri kimi təqdim edirdi.

6. Daxili İşlər naziri Molla Siracəddin Hakkani:

Siracəddin Hakkani “Taliban”ın məşhur komandirlərindən Mövləvi Cəlaləddin Hakkaninin oğludur. 1990-cı illərdən “Taliban”da hərbi vəzifələr tutmaqdadır. Xüsusilə də 2001-ci ildən sonra ABŞ-a qarşı döyüşlərin idarə olunmasında fəal iştirak edib. ABŞ tərəfindən başına 10 milyon dollar mükafat qoyulmuş bu şəxsin 4 qardaşı amerikalılar tərəfindən qətlə yetirilib. Əfqanıstan - Pakistan sərhədinin hər iki tərəfində həyata keçirilmiş silahlı hücumların təşkilatçısı kimi tanınır.

Mücahidlərin məşhur komandiri, vaxtilə “Əl-Qaida” terror təşkilatının lideri Üsamə bin Ladenlə yaxından dostluq etmiş Cəlaləddin Hakkaninin oğlu olan Siracuddin, “Taliban”ın Pakistan - Əfqanıstan sərhədindəki maliyyə və hərbi varlıqlarını idarə edən “Hakkani dəstəsi”nin lideri idi. Məhz bu təşkilat Kabildəki məşhur otellərdən birinə silahlı basqın düzənlənməsində, eyni zamanda keçmiş dövlət başçısı Həmin Kərzaiyə sui-qəsd cəhdində və Hindistanın Kabildəki səfirliyinə intihar hücumunda günahkar bilinir.

7. Daxili İşlər nazirinin müavini Mövləvi Nur Cəlal:

Əfqanıstanın şərq vilayətlərindən birində doğulan, peştun əsilli Nur Cəlal 1990-cı illərdə “Taliban”ın Kunar vilayətində nümayəndəsi olub. Yüksək səviyyədə dini təhsil alıb. 2010-ci ildə və sonrakı dönəmdə Nanqarhar valisi və hərbi nümayəndə vəzifələrini icra edib. O, həm də təhlükəsizlik qüvvələrinin keçmiş agentidir.

8. Daxili İşlər nazirinin Narkotiklə mübarizə üzrə müavini Molla Əbdülhaq:

Əvvəllər Herat vilayətinin “Taliban”çı səlahiyyətlilərindən olan və yüksək səviyyədə dini təhsil görmüş Molla Əbdülhaq Axund, “Taliban”ın Səhiyyə İşləri Komissiyasının rəhbəri işləyib.

9. Xarici işlər naziri Mövləvi Əmirxan Müttəki:

1968-ci ildə Paktiya əyalətində doğulmuş Müttəki “Taliban”ın iqtidarı dövründə İnformasiya və Mədəniyyət naziri vəzifəsini tutub. “Taliban”ın media sahəsinin qurulmasında vacib addımlar atmış Müttəki, hərəkatın siyasi heyətinin öndə gələn nümayəndələrindən olub.

10. Xarici İşlər nazirinin müavini Şirməhəmməd Abbas Stanikzay:

1963-ci ildə doğulmuş Stanikzay 1970-ci illərdə Hindistanda hərbi təhsil alıb. Sovetlərə qarşı müharibədə əvəzsiz rol oynayan Stanikzay Taliban“da yeganə şəxsdir ki, mədrəsə təhsili almayıb. “Taliban”ın iqtidarında Xarici İşlər və Səhiyyə nazirliklərində müavin postu tutmuş Stanikzayın 5 dildə sərbəst danışdığı bildirilir.

2015-ci ildə “Taliban”ın Dohadakı siyasi ofisinin rəhbəri təyin edilən Şirməhəmməd Abbas Stanikzay, Əfqanıstan hökuməti ilə müzakirələrdə “Taliban” heyətinin ikinci əsas siması olaraq qatılıb. O, hətta “Taliban”ı bir sıra ölkələrə səfərlərdə təmsil də edib.

11. Maliyyə naziri Molla Hidayətullah Bədri:

1972-ci ildə Qəndaharda doğulmuş Bədri, təhsilini yerli mədrəsələrdə alıb. Uzun illər “Taliban”ın zəkat və vergi quruluşlarında işləyib. Eynı zamanda, Molla Ömərin maliyyə işləri üzrə köməkçisi olub. 2001-ci ildən sonra da yüksək vəzifələrdə çalışıb. 2013-cü ildə “Taliban”ın Maliyyə Komissiyasınını sədri seçilib.

12. Təhsil naziri Mövləvi Nurullah Munir:

Yerli Diyobənd mədrəsələrində yüksək dini təhsil alıb. “Taliban”ın ali səviyyəli hüquqi və dini mövqelərində post tutub. Onun haqqında daha geniş məlumat verilmir.

13. İnformasiya və mədəniyyət naziri Molla Heyrullah Heyrhva:

1967-ci il təvəllüdlü “Taliban” mənsubu Heyrhva İraq müharibəsi dönəmində amerikalıların istəyi əsasında Pakistan təhlükəsizlik qüvvələri tətəfindən həbs edilərək ABŞ-a təslim edilib, məşhur Quantanamo zindanına salınıb (12 il). “Taliban” iqtidarında hökumətin sözçüsü olub, Daxili İşlər Nazirliyində çalışıb, Kabil və Heratda vali işləyib, Məzari Şərifin hərbi komandiri postunu tutub. O, Haqqaniyyə Mədrəsəsini bitirib. “Taliban”ın qurucularından sayılan Heyrhva sovet ordusuna qarşı mübarizə aparıb.

14. İnformasiya və Mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid:

Zəbihullah Mücahid “Taliban”da kimliyi ən çox gizlədilən şəxsdir. Belə deyilir ki, onun həyatı hər zaman təhlükədə olub, ABŞ agentləri hər yerdə onu axtarıb. 15 ildən artıqdır “Taliban”ın sözçüsü olan Mücahid, üzünü ilk dəfə Kabil alındıqdan sonra göstərib. O, da digərləri kimi Diyobənd mədrəsələrində dini təhsil alıb.

15. İqtisadiyyat naziri Kariddin Məhəmməd Hanif:

Tacik əsilli Hanif 1955-ci il təvəllüdlüdür. “Taliban”ı Tokioda keçirilmiş beynəlxalq konfransda təmsil edib, Bədəxşan əsilli və hərəkatın məşhur tacik nümayəndələrindən olan Hanif, “Taliban”ın iqtidarı zamanında Planlaşdırma və Ali təhsil nazirləri vəzifəsində olub. “Taliban”ın siyasi ofisinin Türkiyə və Rusiya şöbəsinin rəhbəri işləyib.

16. Həcc və Vəqflər naziri Mövləvi Nur Məhəmməd Sakib:

1958-ci ildə Kabilin Bağrami rayonda doğulan, peştun əsilli Sakib Diyobənd mədrəsəsində təhsil alıb. “Taliban” iqtidarında Ali Məhkəmənin hakimi olub. Sonrakı illərdə “Taliban”ın fətva mərkəzi olan "Darül İfta"da çalışan Sakib, “Taliban”da bir çox din adamının yetişməsində rol oynayıb.

17. Ədliyyə naziri Mövləvi Əbdülhakim Şeri Hakkani:

1967-ci ildə Qəndəharda doğulan Hakkani də Diyobənd mədrəsələrində təhsil alıb. O, təhsil sahəsində mütəxəssisləşərək "Şeyxül Hədis" titulunu qazanıb. Bu şəxs “Taliban”ın keçmiş “Məhkəmə sədri” olub. İndiyədək təşkilatla hökumət arasında aparılan müzakirələrə məhz Hakkani rəhbərlik edib. Əbdül Həkim Hakkani eyni zamanda, Din Adamları Şurasının da sədri olub. Onun Axundzadənin ən etibarlı adamı olduğu deyilir.

18. Sərhədlər və Tayfalar naziri Molla Nurullah Nuri:

1958 və ya 1967-ci ildə doğulduğu deyilir. Molla Nurullah Nuri də vaxtilə Quantanamoda məhbus həyatı yaşayıb (12 il). Keçmiş “Taliban” iqtidarı dönəmində Bəlx, Lagman və Bəqlan vilayətlərində vali vəzifəsində çalışıb.

19. Regional inkişaf naziri Molla Məhəmməd Yunus Axundzadə:

Əvvəllər “Taliban”ın Zabul vilayətində vali olub. Diyobənd mədəsələrində dini təhsil almış Axundzadə haqqında detallı məlumat yoxdur.

20. Dəvət və İrşad, Yaxşılığı əmr edib, pislikdən qaçma naziri Şeyx Məhəmməd Xalid əl-Hanəfi:

Bölgədəki Diyobənd mədrəsələrində dini təhsil alıb. Uzun müddət “Taliban”ın Dəvət və İrşad Komissiyasının sədr müavini vəzifəsində çalışıb.

21. İctimai işlər naziri Molla Əbülmənnan Öməri:

Uruzqan vilayətində doğulub. Peştun əsilli Öməri “Taliban”ın qurucu lideri Molla Ömərin qardaşıdır. “Taliban” Ali Şurasının üzvü olan Öməri, ABŞ-la müzakirələrdə də iştirak edib. Öməri “Taliban”ın "Mülki itkilərin qarşısının alınması" komissiyasının üzün müddət rəhbəri olub.

22. Mədən və Neft naziri Molla Məhəmməd İsa Axund:

“Taliban”ın önəmli nümayəndələrindən olan Axund, hərəkatın Paktika valisi və Qəndəharda hərbi nümayəndəsi olub. Qəndəharda doğulan, peştun əsilli Axund 1996-2001-ci illərdə də Mədənçilik və sənaye naziri işləyib.

23. Su və Enerji naziri Molla Əbdüllətif Mansur:

1968-ci ioldə Paktiya vilayətində doğulub. Peştun əsilli Mansur, ABŞ-a qarşı ciddi müqavimət göstərib. “Taliban”ın hakimiyyəti zamanı Kənd Təsərrüfatı naziri, Nanqarhar valisi kimi vəzifələri tutub.

24. Ali təhsil naziri Əbdülbaki Hakkani:

Hakkani 1961-ci ildə Nanqarhar vilayətində doğulub. “Taliban”ın iqtidarda olduğu dönəmdə  Host və Paktika vilayətlərinin valisi, İnformasiya və Mədəniyyət nazirinin müavini kimi vəzifələrdə işləyib. O, həm də Xarici İşlər Nazirliyində fərqli vəzifələrdə olub. Hakkani 2003, 2009 və 2012-ci illərdə Avropa Birliyi tərəfindən müxtəlif maliyyə sanksiyalarına məruz qalıb.

25. Mühacirlər naziri Xəlilürrəhman Hakkani:

1966-cı ildə Paktiya vilayətində doğulan Hakkani “Taliban”ın məşhur komandanı Cəlaləddin Hakkaninin qardaşıdır. O da Diyobəd mədrəsələrində təhsil alıb. Sovet İttifaqına, sonra da ABŞ-a qarşı vuruşub. ABŞ Hakkanini 2011-ci ildə "terrorçu" elan edərək başına 5 milyon dollar mükafat qoyub.

26. Kəşfiyyat İdarəsinin rəisi Əbdülhəq Vasik:

1971-ci ildə doğulan Vasik də Quantanamo məhkumu olub (12 il). “Taliban” iqtidarı dönəmində Kəşfiyyat nazirinin müavini işləyən Vasikin Əfqanıstandakı “Əl Qaidə” şəbəkəsi ilə yaxın münasibətləri olub.

27. Mərkəzi Bankın rəhbəri Hacı Məhəmməd İdris:

Cevzcan vilayətinin Havaca Dukoh rayonunda doğulan İdris uzun illər “Taliban”ın Maliyyə Komissiyasının sədri işləyib. Özbək əsilli İdrisin “Taliban”da maliyyə məsələsində əsas füqur olduğu deyilir.

28. Baş Qərargah rəisi Kari Fasihuddin:

Son zamanlar “Taliban”ın dünyada daha çox müzakirə edilməsinə səbəb verən məşhur komandir Kari Fasihuddin əslən tacikdir. O, Bədəxşan vilayətinin Varduc rayonunda doğulub. Ailəsi çox dindar olub, bölgədə sayılıb-seçilib. Fasihuddinin atası Mövləvi Seyfəddin, yerli xalqın imamlığını edərmiş. Yüksək dini təhsil alan Fasihuddin 2001-ci ildə “Taliban”a qoşulub. Onun Baş Qərargah rəisi təyin olunmasında, Pəncşir vilayətini cəmi bir həftəyə təslim etməsi böyük rol oynayıb…

…Belə-belə işlər, dünənədək terrorçu təşkilat adlandırılan “Taliban” artıq hakimiyyətdədir. Ölkəni idarə edən mollalar həm də dünya birliyi ilə əlaqələr quracaqlar, onları qəbul etməyən Qərb liderləri ilə eyni masada əyləşəcəklər. Gözləyək görək sonu nə olacaq, hər halda dünya riyakar dünyadır…

Oxunma sayı 5918
Siyasət rubrikasından digər xəbərlər