Tədris müddəti dəyişdirilir?! - AKTUAL

15:39 25.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə tədris müddətinin dəyişdirilməsi ilə bağlı suallara cavab verib. Onun tədris müddətinin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləməsi geniş müzakirələrə səbəb olub. Nazir ümumilikdə tədris müddətinin azalmasının tərəfdarı olmadığını bildirib: "Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam".

E. Əmrullayevin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla uşaqların gələcəyi üçün daha yaxşı addımdır: "İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".

Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə 2015-ci ildən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib.

Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir. Amma dərs ilinin müddəti 9 ildir ki, dəyişdirilməsinə baxmayaraq, məsələ ilə bağlı narazılıqlar bitmir. Belə ki, dəfələrlə dərs ilinin yenidən sentyabrın 1-də başlaması müzakirə olunub və bu qaydanın yenidən tətbiq edilməsi təklif edilib. Bununla belə, bu təklif ictimaiyyət arasında fikir müxtəlifliyinə səbəb olub. Belə ki, bir qisim mütəxəssis dərs ilinin sentyabrın 1-də başlamasının tərəfdarı olsa da, bəziləri buna qarşı çıxır.

Bəs, görəsən, tədris ilinin başlanılma müddətinin dəyişdirilməsi nə qədər məqsədəuyğundur? Bu addım təhsil sektoruna necə təsir göstərə bilər?

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində bildirib ki, Azərbaycanda dərs ilinin sentyabrın 1-dən başlanılıb mayın 31-də başa çatması bir ənənə olub: “Əslində dərs ilinin müddətinin dəyişdirilməsi, bu dəyişiklik edilən vaxtda da xeyli müzakirələrə səbəb olub. Xatırlayırsınızsa, hətta bununla bağlı petisiya da imzalanıb. Nazirin bunu yenidən gündəmə gətirməsi isə ona əsas verir ki, bu məsələ yaddan çıxmayıb. Hesab edirəm, tədris ilinin başlanma və başaçatma müddətini sovet ənənəsindən uzaqlaşmaq üçün dəyişmək düzgün deyildi. İndi nazirin bu məsələni dilə gətirilməsi müsbət haldır. Amma onun fikri cəmiyyət tərəfindən də düzgün anlaşılmayıb. Nazir çıxışında əslində tədris müddətinin qısaldılmasını yox, daha da uzadılmasını nəzərdə tuturdu. Azərbaycanda tədris müddəti həftədə 34-35 saatdır. Dünya ölkələrində isə bu rəqəm 40 saata yaxındır. Nazirin dediyindən belə anlaşılır ki, biz dünya standartlarına çatmaq üçün tədris ilini uzatmalıyıq. Yəni, dərsləri sentyabrın 1-də başlayıb iyun ayının 14-də başa çatdırmalıyıq".

N.İsrafilov vurğulayıb ki, amma bu müddətin dəyişməsinin tədrisin keyfiyyətinə heç bir təsiri yoxdur: "Təcrübə göstərdi ki, tədris müddətinin müddətinin dəyişdirilməsi Dövlət İmtahan Mərkəzinin də imtahan müddətini dəyişməsinə səbəb oldu. Yəni əlavə problemlər yaratdı. Mənim fikrimcə, tədris ilinin dəyişdirilməsi təhlil edilməlidir ki, biz bu dəyişiklikdən nə qazandıq? Nazirliyin Təhsil İnstitutu bunu araşdırmalıdır. Mənim şəxsi qənaətimə görə, biz heç nə qazanmadıq. Bu məsələ ictimai müzakirəyə çıxardılarsa, dərslərin sentyabrın 1-dən başlanılmasını daha çox insan dəstəkləyəcək. Ona görə nazirlik təklifləri ümumiləşdirib öz mövqeyini də əlavə edib hökumətə təqdim edə bilər".

N.İsrafilov həmçinin qeyd edir ki, may ayı başlayandan məktəblərdə uşaqların davamiyyəti aşağı düşür: “Bilirik ki, bu ərəfədə Dövlət İmtahan Mərkəzi imtahanları keçirir, bundan sonra şagirdlərin dərsə getməyə bir marağı qalmır. Ona görə də fikrimcə, dərslər sentyabrın 1-də başlayıb mayın sonunda başa çatsa daha yaxşıdır".

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov da tədris ilinin uzadılmasını, yəni sentyabr ayının 1-i başlayıb, iyunun 14-də bitməsinin daha doğru olacağını hesab edir: “Tədris ili müddəti ilə əlaqədar hər il müəyyən müzakirələr aparılır. Bu hal Azərbaycanda tədris ilinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlıdır. Beynəlxalq təcrübədə təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində tədris ili 34-36 həftədir. Bizdə isə tədris ilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarı ilə tənzimlənir. Azərbaycanda tədris ilinin müddəti 34 həftə olaraq təyin edilib. Lakin elm və təhsil nazirinin bir neçə gün öncə brifinqdə tədris ili müddəti ilə bağlı səsləndirdiyi fikir cəmiyyətdə və mətbuatda düzgün qarşılanmayıb. Nazir deyib ki, bu məsələnin dəyişdirilməsi müzakirə olunmur. Amma təhsildə işləyən şəxs kimi mən də, tədris ilinin sentyabr ayının 1-dən başlamasının tərəfdarıyam. Lakin mənim şəxsi fikrimə qalarsa, tədris ilinin müddəti 36 həftəyə çatdırılsa, daha məqsədəuyğun olar. Tədris ilinin sentyabrın 1-dən iyunun 14-nə qədər olması daha optimal variantdır. Bunun üçün tədbirlər görülməlidir. Hazırda tədris ilinin müddəti 34 həftədir və dərslərin başlaması 1 sentyabra təyin edilərsə, tədris ilinin müddəti 36 həftəyə çataraq beynəlxalq tələblərə uyğunlaşdırılmış olar. Hesab edirəm ki, belə addımın atılması daha yaxşıdır”.

Təhsil eksperti Elçin Efəndi də tətil müddətinin 8 həftə olmasının, tədris ilinin sentyabr ayının 1-də başlayıb, iyunun 30-da bitməsinin tərəfdarıdır. Onun sözlərinə görə, bəzi inkişaf etmiş ölkələrdə şagirdlərə verilən tətil müddəti qısa olur:“Mövcud tədris ili dövrü 15 sentyabr-14 iyun tarixlərini əhatə edir. Burada demək olar ki, şagirdlərə, eyni zamanda tələbələrə 3 aylıq istirahət dövrü var. Düşünürəm ki, biz dünyanın əksər ölkələrinə baxsaq, oradakı təhsil dövrü ilə bizim təhsil dövrü arasında böyük fərq olduğunu görə bilərik. Bəzi inkişaf etmiş ölkələrdə, məsələn, Yaponiya, Sinqapur, Avropa ölkələrindən bir çoxunda şagirdlərə verilən tətil müddəti qısa olur. Nəticə etibarilə tətil müddəti bizdə 12 həftəlik dövrü əhatə edirsə, orada 7-8, bəzilərində 4-5 həftəlik dövrü əhatə edir. Bu nöqteyi-nəzərdən tətil dövrünün qısaldılması şagirdlərin prosesə daha tez adaptasiya olmasına gətirib çıxara bilər. Sentyabr ayının 15-i dərslər başladıqda biz onu müşahidə edirik ki, hətta sentyabrın sonuna qədər davamiyyət tam qaydasına düşmür. Bəziləri istirahətdən geri qayıtmır, bəziləri isə 1 həftə gecikmə ilə qayıdır. Təbii ki, onların 15 gün ərzində prosesə qoşulmaları müəyyən qədər vaxt aparır. Bu da keyfiyyət göstəricilərinin aşağı olmasına gətirib çıxarır. Hesab edirəm ki, biz tədris ilinə sentyabr ayının 1-dən başlasaq və prosesi iyun ayının 30-da yekunlaşdırsaq, itirdiyimiz günləri bərpa edə bilərik. Fikrimcə, bu amili nəzərə alsaq, 7-8 həftəlik tətil dövrü abituriyentlər, şagirdlər, eyni zamanda tələbələr üçün kifayət qədər uyğun olar. Amma bununla paralel təhsilin keyfiyyət göstəricilərini də nəzərə almalıyıq. Dərs vəsaitləri şagirdlərin bilik və bacarıqları baxımından daha uyğun olmalıdır. Eyni zamanda müəllimlərin keyfiyyət göstəriciləri yüksək olmalıdır”.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı da bildirib ki, dərs ilinin sentyabr ayının 1-də başlayıb, mayın sonlarında bitməsi daha məqsədəuyğundur: “Heç kimə sirr deyil ki, tədris ili iyunun 15-də başa çatsa da, may ayının ortalarından sonra məktəblərin yuxarı siniflərində dərslər demək olar keçirilmir. Bunun da bəlli səbəbləri var. Ali məktəblərə imtahan vermiş abituriyentlər yenidən məktəbdə parta arxasına gəlmirlər. Belə vəziyyətdən çıxış yolu nədir? Hesab edirəm ki, ilk növbədə tədris ili 1 sentyabr tarixindən başlamalı və may ayının sonlarında başa çatmalıdır. Əgər bu qayda tətbiq olunarsa, şagirdlərimiz daha çox məktəbdə iştirak edər, nizam-intizam yaranar və dərslərin keyfiyyəti yaxşılaşar”.

Oxunma sayı 130