Tezhazırlanan süni qidalar - Menyu

11:19 21.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ənənəvi olaraq hər çərşənbə “Menyu” rubrikamızın müxtəlif mövzuları olur. Budəfəki müzakirə obyektimiz el arasında “Rolton” kimi tanınan tezhazırlanan qidalardır.

Nəzərinizə çatdıraq ki, belə yeməklərdən indi daha çox gənclər, xüsusən də tələbələr istifadə edirlər. Qiymətləri də olduqca münasibdir – 40-80 qəpikdən başlayaraq dəyişir. İştahgətirən qoxu və dadı ilə sevilən bu şorbaları istehlak edənlərin yaş həddi gün-gündən azalmaqdadır. Hətta onu quru-quru yeyən məktəblilərə də rast gəlmək mümkündür.

Mövzu ilə bağlı hafta.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova ilk baxışdan məsum görünən tezhazırlanan şorbaların qorxunc ziyanlarından bəhs etdi:

“Tezhazırlanan “rolton” və bu kimi digər qidaların insan orqanizminə çox zərəri var. Əslində, həmin yeməklər ilk baxışdan məsum görünür.  Az müddətdə suda qalan, un, duz və sudan hazırlanan bu xəmir sənaye üsulu ilə incə-incə doğranılır. Gözümüzə un kimi görünsə də, tərkibində həddindən artıq nişasta var. Bunun sayəsində qısa müddətdə suda şişir və yumşalır. Belə hallar mədədə qastritə və mədə xoralarına, həzm problemlərinə səbəb olur. Bundan başqa, belə yeməklərin ən böyük zərərlərindən biri də gözümüzə faydalı kimi görünən yanındakı əlavələridir. Hansı ki, biz onları göyərti və ədviyyat olaraq qəbul edirik. Həmin əlavələrin tərkibində ziyanlı kimyəvi qatqılar var. Həmçinin sözügedən qidaların yanında təqdim edilən yağların əksəriyyəti palma yağlardır. Düzgün istehsal edilən belə məhsulların üzərində həmin yağların palmamənşəli olduğu aydınca qeyd edilir. Bəzən istehsal qaydalarına məhəl qoymadan belə məhsullara əlavə məlumatlar qeyd olunmur”.

Ekspertin sözlərinə görə, bütün sadalanan amillər insan orqanizminə olduqca ziyanlıdır. Ən pisi isə odur ki, bu yeməklərdən daha çox gənclər, tələbələr istifadə edirlər. Təəssüflər olsun, bu yeməyin istehlakçıları ağır nəticələrindən xəbərsizdirlər:

“Gənclər indi bu yeməklərin fəsadlarını hiss etməsələr də, zaman keçdikcə mədə-bağırsaqlarında baş verəcək nasazlıqlar qaçılmazdır. Eyni zamanda onun tərkibində natrium-qlutomat, sodium-qlutomat kimi tanınan kimyəvi maddələrdən də istifadə edirlər. Təbii halda bu maddə zərərli olmasa da, bu cür yeməklərdə istifadə edilənlər sintetikmənşəlidir. Onlar birbaşa dad reseptorlarını pozur, orqanizmdən həzm edilmir. Gənclərin belə qidalardan davamlı istifadə etmələri gələcəkdə övladlarında alsheymer xəstəliyi riskini artırır. Başqa bir məqam isə belə qidaların boş karbohidratlarla zəngin olmasıdır. Ənənəvi üsullarla bişirilən makaronlar aralıqlı müddətdə istehlak edildikdə ziyanlı deyil. Tezhazırlanan makaronların ömrünü uzun saxlamaq üçün tərkiblərinə başqa kimyəvi qatqılar əlavə edilir. Bu da insan orqanizmi üçün böyük təhlükədir”.

M.Hüseynova sözügedən yeməklərin davamlı istifadə zamanı asılılıq yaratdığını da vurğuladı:

“Monosodium-qlutomat dad reseptorlarını pozduğu və asılılıq yaratdığı üçün insan ənənəvi qidalardan zövq ala bilmir. Nəticədə ziyanlı qidalara üstünlük verilir. Gənclər bu cür tezhazırlanan yeməklərdən istifadə edən zaman yaxşı olardı ki, əlavələrindən imtina etsinlər. Sonda isə onu deyə bilərəm ki, sağlamlığını düşünən insana bu tərz tezhazırlanan qidalardan uzaq durmaq tövsiyə edilir”.

Oxunma sayı 28