Ötən oktyabr ayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı malikanəsi Mar-a-Laqoda kompüter serverləri olan otağın su basması ilə bağlı dəlillərin qaralmasına dair şübhələr ortaya çıxıb.
Hafta.az-ın yazdığına görə, mövzu ilə bağlı CNN-ə danışan mənbə, iqamətgahda işləyən bir şəxsin malikanənin hovuzunu boşaltdığını, daha sonra isə təhlükəsizlik kamerası görüntülərinin saxlandığı kompüter otağını su basdığını bildirib.
Trampın Floridadakı iqamətgahına ötən ilin yayında FTB əməkdaşları basqın edib və orada 300-ə yaxın dövlət məxfi sənədi aşkar edilib. Prokurorluq sənədlərin iqamətgaha necə daşındığını araşdırarkən, təhlükəsizlik kamerasının görüntülərinin saxlandığı otağı su basdığı məlum olub.
Hadisə zamanı otaqdakı kompüter sistemlərinə zərər dəyməsə də, məsələni şübhəli hesab edən federal prokurorluğun kompüter otağında su basması ilə bağlı bir şəxsi sorğu-sual etdiyi bildirilib.
Subasmanın qəsdən və ya səhv nəticəsində baş verdiyi məlum deyil.
Bildirilib ki, FTB-nin ötən avqust reydindən əvvəl səlahiyyətlilər Mar-a-Laqonun təhlükəsizlik kamerası görüntülərinə giriş istəyib, prokurorluq isə gözləniləndən çoxlu məxfi sənədlər tapdıqdan sonra daha çox görüntüyə çıxış axtarıb.
ABŞ-ın 76 yaşlı keçmiş prezidenti Donald Trampa qarşı aparılan məxfi sənəd araşdırmasının son mərhələdə olduğu məlum olub. Təhqiqata rəhbərlik edən xüsusi müşavir Cek Smit də Trampın və əməkdaşlarının istintaqa mane olmaq üçün addımlar atıb-atmadığını araşdırır.
CNN-in məlumatına görə, Trampın işçisi Uolt Nauta təhqiqatın diqqətindədir. O, keçənilki reyddən əvvəl məxfi sənədlər olan qutuları iqamətgahdan çıxarmağa kömək edən texniki işçidir.
Üzgüçülük hovuzunu qurudan və kompüter otağını su basmasına səbəb olan daha bir işçinin olduğu da bildirilir.