“Bu gün Çin və Mərkəzi Asiyadan gələn malların 80 faizdən çoxu Qazaxıstan vasitəsilə Avropaya daşınır. Bu prosesdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kontinental ticarət xəritəsində getdikcə daha mühüm rol oynayır”.
Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, bu sözləri Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar deyib. Hökumət başçısının müavini Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialından söz açıarkən bildirib ki, mövcud geosiyasi vəziyyət kontekstində qarşılıqlı tədarük zəncirlərinin və istehsalın şaxələndirilməsi, etibarlılığının təmin edilməsi üçün yeni nəqliyyat və logistika marşrutlarının yaradılması böyük strateji əhəmiyyət kəsb edir.
O, Transxəzər marşrutu üzrə yüklərin həcmində müsbət dinamikanın olduğunə diqqət çəkib.
“Ötən il yüklərin daşınması 2 dəfə artaraq 1,7 milyon ton təşkil edib, bu ilin 5 ayı ərzində isə yükdaşımaları 64 faiz artıb. Bu il biz ortamüddətli perspektivdə bu marşrut üzrə yükdaşımaların həcmini 10 milyon tona çatdırmaqda maraqlıyıq. Qazaxıstan öz növbəsində alman və avropalı tərəfdaşların artan ehtiyaclarını ödəmək üçün liman qurğuları təqdim etməyə hazırdır”, - cənab Sklyar vurğulayıb.
“Bundan əlavə, biz xarici logistik terminalların tikintisi və rəqəmsal intellektual nəqliyyat sistemlərinin inkişafı üzərində işləyirik. Bu kontekstdə Almaniya limanları bu ölkənin istiqamətində multimodal nəqliyyatın inkişafında əsas rol oynaya bilər”, - deyə R.Sklar əlavə edib.