Türkiyə Çindən iri nüvə reaktorları alacaq

09:15 16.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə nüvə enerjisinə investisiyalarını sürətləndirir. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bu məqsədlə səfər etdiyi Çində bu ölkənin aparıcı nüvə şirkətlərindən biri olan CNOS-da görüşlər keçirib.

Hafta.az-ın yazdığına görə, Akkuyu, Sinop və Trakyada qurulacaq 3 nüvə obyekti üçün alınacaq 12 irimiqyaslı reactor və modul tipli nüvə reaktoru ilə bağlı danışıqlar aparıb.

Türkiyə həm irimiqyaslı, həm də modul tipli nüvə reaktorları almağı planlaşdırır. Bayraktarın Çinə səfəri bu müstəvidə çox vacibdir.

Görüşləri dəyərləndirən nazir Bayraktar, nüvə reaktorları ilə bağlı mümkün əməkdaşlıq imkanlarını müzakirə etdiklərini açıqlayıb. Nazir Alparslan Bayrkatar paylaşımında yazıb: “Çinin aparıcı nüvə şirkətlərindən olan CNOS-un vitse-prezidenti Qiao Gangla Pekində görüşdük. Enerji təchizatı təhlükəsizliyi, xarici asılılığın azaldılması və karbon neytral hədəfimizə uyğun olaraq 2050-ci ilə qədər ölkəmizdə 20 min meqavatlıq nüvə gücü yaratmağı planlaşdırırıq. Akkuyu, Sinop və Trakyada quracağımız ümumi gücü 15 min meqavat olan 12 reaktorla yanaşı, nüvə enerjisi səbətinə 5 min meqavatlıq kiçik modul reaktorları da əlavə etmək istəyirik. CNOS rəhbərliyi ilə görüşümüzdə ölkəmizdə tikilə biləcək həm irimiqyaslı, həm də kiçik modul reaktorlarla bağlı mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik”.