Türkiyə təbii qaz idxalını azaltdı

10:00 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun iyun ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”na əsasən, boru kəmərləri və 462 milyon 4 min kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) obyektləri vasitəsilə təqribən 1 milyard 870 milyon 38 min kubmetr idxal edilib.

Hafta.az-ın yazdığına görə, boru kəmərləri ilə təbii qaz idxalı iyunda əvvəlki ilin eyni ayına görə yüzdə 42,9, LNG idxalı isə yüzdə 17,7 azalıb. Ümumi təbii qaz idxalı bu dövrdə 39,2 faiz azalaraq təxminən 2 milyard 332 milyon 420 min kubmetr olub.

İyun ayında ən çox təbii qaz idxalı 743680 min kubmetrlə Azərbaycandan olarkən, bu ölkəni 707520 min kubmetrlə Rusiya və 419 milyon kubmetrlə İran izləyib.

Rusiyadan təbii qaz idxalı 58,1 faiz, İrandan idxal isə 50,9 faiz azalıb, Azərbaycandan təbii qaz idxalı isə təxminən 2 faiz artıb.

“Dünya” qəzetinin xəbərinə görə, sözügedən dövrdə ölkədə təbii qaz istehlakı yüzdə 15,5 azalaraq təxminən 2 milyard 571 milyon kubmetr olub. Sənaye sektorunda təbii qaz istehlakı 20,3 faiz azalaraq, təxminən 911 milyon kubmetr təşkil edib. Elektrik stansiyalarında təbii qaz istehlakı 60,2 faiz azalaraq 377 milyon 870 min kubmetr olub.

Bu dövrdə yaşayış məntəqələrində təbii qaz istehlakı 78,1 faiz artaraq 687 milyon 680 min kubmetrə çatıb.

Türkiyədə təbii qaz ehtiyatının miqdarı iyunda əvvəlki ilin eyni ayına görə yüzdə 80,1 artaraq təxminən 4 milyard 908 milyon kubmetrə çatıb.

Təbii qaz ehtiyatının 4 milyard 503 milyon kubmetri (91,7 faizi) yeraltı anbarlarda, 404,7 milyon kubmetri (8,2 faizi) LNG terminallarındadır.