Türkiyədə xarici ticarət kəsiri 30 milyard dollar azaldı

09:05 29.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı 2024-cü ilin oktyabr ayı üçün xarici ticarət məlumatlarını açıqlayıb. Buna görə 2024-cü ilin ilk 10 ayında ixrac 216 milyard dollar, idxal isə 282 milyard dollar olub. Xarici ticarət kəsiri keçən ilin ilk 10 ayı ilə müqayisədə təxminən 30 milyard dollar azalaraq 65,8 milyard dollara düşüb.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin oktyabr ayında ixrac əvvəlki ilin eyni ayına görə 3,1 faiz artaraq 23 milyard 500 milyon dollara, idxal isə dəyişməz qalaraq 29 milyard 409 milyon dollara çatıb.

Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, ixrac bu ilin oktyabr ayında 7,2 faiz artaraq 20 milyard 565 milyon dollardan 22 milyard 55 milyon dollara yüksəlib.

Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla idxal 2,4 faiz artaraq 22 milyard 151 milyon dollardan 22 milyard 682 milyon dollara yüksəlib.

Oktyabrda xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 10,5 faiz azalaraq 6 milyard 603 milyon dollardan 5 milyard 909 milyon dollara geriləyib.

Yanvar-oktyabr dövründə ixrac 3,1 faiz artaraq 216 milyard 195 milyon dollar olub. İdxalda 7,2 faiz azalma olub və ümumi rəqəm 282 milyard dollara düşüb.

Bu rəqəmlərdən sonra xarici ticarət kəsiri 30 faiz azalaraq 65,8 milyard dollar olub. Ötən ilin ilk 10 ayında xarici ticarət kəsiri 94 milyard dollar idi. Yəni ötən illə müqayisədə xarici ticarət kəsirində 30 milyard lirəyə yaxın azalma olub.