“Türkmənistanın Neft və Qazı-2024” 51 ölkəni Aşqabadda bir araya gətirəcək

09:05 21.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

23-25​​oktyabr tarixlərində Aşqabadda “Türkmənistanın Neft və Qazı - 2024” (OGT 2024) adlı 29-cu Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir “Türkmənqaz” və “Türkmənneft” Dövlət Konsernləri, Türkmənistanın Ticarət və Sənaye Palatası və “Türkməngeologiya” Dövlət Korporasiyası tərəfindən təşkil olunacaq.

Hafta.az-ın yazdığına görə, konfrans 51 ölkədən 830-dan çox nümayəndəni bir araya gətirərək, neft-qaz sənayesinin inkişafı üçün əsas məsələlərin və perspektivlərin müzakirəsi üçün platforma yaradacaq.

OGT-2024-ün işində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCARda iştirak edəcək və şirkətin prezidenti Rövşən Nəcəfin məruzəçi kimi çıxış edəcəyi gözlənilir.

Tədbirin əsas təşkilatçılarından olan “Petronas”ın törəmə şirkəti Petronas Carigali (Türkmənistan) Sdn Bhd (PC(T)SB) Türkmənistanın neft-qaz sektorunda fəaliyyətə iyirmi ildən artıqdır ki, başlayıb və özünü ölkənin ən böyük neft-qaz istehsalçılarından biri kimi təsdiqləyib. 2009-cu ildə “Diyarbəkir” yatağından kommersiya məqsədli neft və 2011-ci ildə “Maqtımqulu” yatağından təbii qaz hasilatına başlanandan bəri PC(T)SB ölkədə neft və qazın aparıcı istehsalçısı və tədarükçüsü kimi öz nüfuzunu möhkəmləndirib.

Bu il “Petronas” 50 illik yubileyini qeyd edərək, enerjinin inkişafı və davamlılığına qlobal öhdəliyini vurğulayır. Şirkət 2030-cu ilədək atmosferə karbon buraxılışını kəskin azaltmaqla, Türkmənistanın karbon emissiyalarını azaltmaq səylərinə fəal şəkildə dəstək verəcək. Bu baxış PC(T)SB-nin mənalı sosial proqramlar vasitəsilə Türkmənistan cəmiyyətinin inkişafına verdiyi davamlı töhfədə öz əksini tapır.

“Petronas” 100-dən çox ölkədə fəaliyyət göstərir. Qlobal enerji bazarında əsas oyunçu kimi şirkət Türkmənistanın beynəlxalq tələbatı ödəmək üçün enerji portfelini gücləndirmək və diversifikasiya etmək səylərini dəstəkləməyə davam edir.