“Ukraynada müharibənin dondurulmuş münaqişəyə çevrilməsi riski artır” - Ekspert

09:05 16.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbuldakı Dolmabahçə sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri görüş oldu. Amma əvvəldən tərəddüdlə söylənildiyi kimi, nə Rusya prezidenti Vladimir Putun gəldi, nə də ABŞ prezidenti Donald Tramp. Hələ bu azmış kimi, Ağ Evin başçısı “Putinlə mən bir araya gəlməyincə müsbət nəticə olacağına inanmıram” deməklə bəri başdan danılşıqların nəticəsinə kölgə salıb.

Hafta.az-ın yazdığına görə, bütün bulara aydınlıq gətirməyə çalışan İstanbul Aydın Universitetinin şöbə müdiri, doktor Murtəza Ocaklı bildirib ki, Rusiya prezidentinin İstanbul danışıqlarına qatılmaması, öz yerinə aşağı profilli heyət göndərməsi Kremlin danışıqlara dair strateji mövqe tutduğunu göstərir.

"2022-ci ildə uğursuz danışıqlara rəhbərlik edən Vladimir Medinskinin nümayəndə heyətinin başında olması Moskvanın indiki mövqeyini qorumaq niyyətini ortaya qoyur. Bu vəziyyəti son üç ildə Qərbin Rusiyaya qarşı güclü təzyiq və sanksiyalar tətbiq etməsinə baxmayaraq, Kremlin dözümlü mövqeyindən qaynaqlanan özünəinamın əksi kimi dəyərləndirilə bilər” deyən M.Ocaklıya görə, Trampın da danışıqlarda iştirak etməməsi ABŞ-ın birbaşa müdaxilədən qaçdığını göstərir. Ekspert deyib ki, Trampın "Putin gəlməsə, mən də gəlməyəcəyəm" ifadələri onun diplomatiyanı şəxsi münasibətlər səviyyəsinə endirdiyini və strateji ardıcıllıq göstərməkdə çətinlik çəkdiyini göstərir.

Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən görüşə gəlincə, Ocaklı, "Bu, birbaşa Türkiyənin vasitəçilik rolunu yenidən gücləndirmək səyləri ilə bağlıdır. Ukrayna Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin olmadığını vurğulasa da, Türkiyənin atəşkəs və taxıl dəhlizi kimi konkret təşəbbüsləri yenidən Zelenskinin tələblərinə qaytarması gözlənilir. “Rusiyanın qərarını verən şəxs Putindir” ifadəsi danışıqlarda liderlər səviyyəsində təmasların kritik əhəmiyyətini bir daha ortaya qoyur” deyib.

Ocaklı bildirib ki, Ukrayna 30 günlük qeyd-şərtsiz atəşkəs, işğal edilən ərazilərin geri qaytarılmasını, NATO-ya üzvlük və təhlükəsizlik zəmanəti tələb edir. “Bu yandan da, Rusiya danışıqların başlanmasını atəşkəs üçün ilkin şərt kimi qoyur, Qərbin sanksiyalarının götürülməsini istəyir. Qərbin bütün dəstəyinə baxmayaraq, Rusiyanın cəbhədəki hərbi irəliləyişləri Ukraynanın danışıqlar masası arxasında sövdələşmə gücünü zəiflədir” deyən ekspert onu da qeyd edib ki, Trampın İstanbula gəlməməsinə baxmayaraq, dövlət katibi Marko Rubionun və bəzi xüsusi nümayəndələrin İstanbula səfəri Vaşinqtonun dolayısı ilə bu danışıqlarda diplomatik rol oynayacağını göstərir.

"Görüşdən qalıcı sülhdən çox simvolik addımların çıxması mümkündür" deyən Ocaklı əlavə edib: "Tərəflərin məhbus mübadiləsi və ya humanitar dəhlizlər kimi məhdud sahələr üzrə razılığa gəlməsi mümkün görünür. Bununla belə, fikrimcə, Krım, Donbas və NATO-ya üzvlük kimi fundamental məsələlər masada həll olunmamış qalacaq. Baxmayaraq ki, Ukrayna protokolunda 30 günlük atəşkəs var. Rusiyanın cəbhədəki hərbi üstünlüyü səbəbindən bu təklifin həyata keçirilməsi şübhəlidir, Türkiyənin taxıl sazişini canlandırmaq cəhdləri və ya yeni diplomatik kanallar açmaq diqqəti cəlb edəcək, lakin bu təşəbbüslər daha çox Rusiyanın mövqeyindən asılı olacaq. NATO və Avropa İttifaqı ölkələri Rusiyanı aşağı profilli nümayəndə heyəti göndərdiyinə görə tənqid etsə də, Ukraynaya hərbi dəstək vermək öhdəliyini bir daha bəyan edir. Yekun olaraq qeyd edək ki, İstanbul danışıqları tərəflərin sülhə real ümid deyil, beynəlxalq ictimaiyyətə öz mövqelərini əks etdirmələri üçün platforma kimi formalaşır. Putin və Trampın yoxluğu siyasi iradənin olmamasından xəbər verərkən, Türkiyənin vasitəçilik təşəbbüsləri regional diplomatiyada öz təsirini yoxlamaq imkanı verir. Bu məqamda Ukraynada müharibənin dondurulmuş münaqişəyə çevrilməsi riski artır. Bu kontekstdə beynəlxalq ictimaiyyətin təzyiqi həmişəkindən daha vacibdir”.