Ukraynayönlü rus legionları Rusiya əsgərlərini əsir götürüb

10:02 06.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusu ilə çiyin-çiyinə Rusiyaya qarşı döyüşən rus könüllülər Belqoroda hücum edərkən rusiyalı əsgərləri girov götürdüklərini bildiriblər.

Hafta.az-ın “Ukrainskaya Pravda”ya istinadən yazdığına görə, Rusiya Könüllüləri Briqadası (RDK), eləcə də Rusiya ordusundan qaçan əsgər və könüllülərdən ibarət Azad Rus Legionu (LSR) öz Telegram hesablarında verdikləri açıqlamalarda ən azı 10 əsgəri əsir saxladıqlarını iddia ediblər.

Kreml əleyhdarı döyüşçülər Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovla görüş tələb edib və bildiriblər ki, bu baş verərsə, rus əsgərləri təhvil verəcəklər.

Döyüşçülər daha əvvəl də iki rus əsgəri əsir götürdüklərini, Qladkovla yenidən görüşmək istədiklərini, qubernatorun təklifi qəbul etməsinə baxmayaraq görüş yerinə gəlmədiyini iddia ediblər.

Rus könüllülər deyiblər ki, Qladkov bu dəfə gəlməsə, girov götürdükləri rus əsgərləri Kiyev rəhbərliyinə təslim edəcəklər.

“Reuters” rus döyüşçülərlə Qladkov arasında başqa danışıqların olub-olmamasının bilinmədiyini yazıb.

Digər tərəfdən, ukraynalılarla birlikdə döyüşən rus döyüşçülər, əsgərləri əsir götürərkən Polşa Könüllülər Briqadası adlı başqa bir qrup könüllünün onlara dəstək verdiyini bildiriblər.

LSR və RDK mayın 22-23-də Rusiyanın Belqorod vilayətinin Qrayvoron şəhərinə hücumlara görə də məsuliyyəti öz üzərinə götürüb. Təşkilatlar sərhəddəki bir neçə yaşayış məntəqəsini nəzarətə götürdüklərini iddia edib, Rusiya isə bu iddiaları yalanlayıb.

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinə son qoymağı qarşısına məqsəd qoyan LSR ötən ilin martında Ukraynada, RDK isə avqustda yaradılıb. Qruplarda ümumilikdə 2 minə yaxın döyüşçünün olduğu düşünülür.

Oxunma sayı 222
Siyasət rubrikasından digər xəbərlər