Vaxtı keçmiş iynələr

20:11 22.05.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Çin Xalq Respublikasının “Shandong Qinkai Medical Industry Co. LTD” şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” adlı tibb vasitəsinin qablaşdırılmasında çapla bağlı nöqsanlar aşkar edilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14.09.2028-ci il kimi düzəldilib.

Şikayət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu problem bazarda yeni deyil: “Hələ 4 il bundan əvvəl biz mövcud bazarı araşdıran zaman xeyli saxta standartlara cavab verməyən şprislərin satıldığını aşkarlamışdıq. Ekspertiza nəticələrində məlum olmuşdu ki, şprislərin üzərində bölgülər doğru deyil. Standartlara görə şprislər 2 hissədən ibarət olmalıdır. Halbuki, əmtəə bazarında satılan və bazarı zəbt etmiş bu təhlükəli şprislər 3 hissədən ibarət idi və porşenin sonluğunda olan rezin ayrıla bilirdi. İynələrin ekspertizası zamanı məlum olmuşdu ki, bu iynələr insan damarlarında ciddi fəsadlar törədə, bəzən isə infeksiya daşıyıcıları ola bilərlər. Çox təəssüflər olsun ki, o vaxt Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi buna ciddi yanaşmadı. Bizə bildirildi ki, bunların ekspertizası aparılmır. Məni belə hallar təəccübləndirir. Digər dərman vasitələri kimi o cümlədən şprislər də Səhiyyə Nazirliyinin icazəsi ilə bazara idxal olunur. Düşünürəm ki, Analitik Ekspertiza Mərkəzi və digər dövlət orqanları bu işə ciddi yanaşmalıdırlar”.

Ekspert vurğulayıb ki, təhlükəli və standartlara cavab verməyən şprisləri Çindən və Türkiyədən idxal edib Azərbaycanın əmtəə bazarında satmaqla istehlakçı hüquqlarını, dövlətimizin qanunlarını pozurlar və vətəndaşların sağlamlığını təhlükə altında qoyurlar: “Əsas məsələlərdən biri də budur ki, dövlət vəsaiti və böyük investisiya hesabına yaradılmış yerli şirkət, standartlara uyğun şpris istehsal etdiyi halda, bazar 80 faiz standartlara cavab verməyən şprislərlə doludur. Yerli istehsalçının da bu məsələyə biganə qalması məni təəccübləndirir. Bəzi işbazlar da mövcud vəziyyətdən sui-istifadə edərək bazarı saxta məhsullarla doldururlar”.