“Xəzərdə suyun azalması probleminin həlli üçün işçi qrupu yaradılsın”

09:37 23.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Ətraf Mühit Konqresində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edən İran prezidentin köməkçisi və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari Xəzər dənizində suyun səviyyəsinin azalması prosesinə toxunaraq, bu prosesi idarə etmək üçün praktiki plan hazırlamaq məqsədilə bütün sahilyanı ölkələrin iştirakı ilə xüsusi regional işçi qrupunun yaradılmasını istəyib.

Hafta.az-ın yazdığına görə, Şina Ənsari deyib: “Yaradılacaq işçi qrupu birgə layihələrin həyata keçirilməsi üçün lazımi koordinasiyanı təmin edə bilər”.

“Ekoturizm və balıq ehtiyatlarının bərpası kimi alternativ davamlı dolanışıq proqramlarının hazırlanması da Xəzər ekosisteminə təzyiqi azaltmağa kömək edə bilər. Bataqlıqların bərpası layihələrinin həyata keçirilməsi və qurumuş sahil ərazilərində yerli bitki örtüyünün əkilməsi də mühüm tədbirlərdir” - deyə, xanım Ənsari qeyd edib.

O, Rusiyanın sammitə ev sahibliyi etməsini təqdir edərək deyib ki, əsrlər boyu region üçün həyat və kimlik mənbəyi olan Xəzər dənizi bu gün görünməmiş təhlükə altındadır. Onun sözlərinə görə, iqlim dəyişikliyi və qeyri-davamlı insan fəaliyyətinin ölümcül birləşməsi bu qiymətli su yolunu ekoloji fəlakətə doğru itələyib.

“Statistika göstərir ki, Xəzər dənizinin suyunun səviyyəsi qorxulu sürətlə azalır. Belə ki, 2050-ci ilə qədər onun dərinliyinin daha 18 metr azala biləcəyi proqnozlaşdırılır. Bu böhran özü ilə dağıdıcı nəticələr zəncirini gətirib. Milyonlarla insanın dolanışığının asılı olduğu balıqçılıq və turizm sənayesinə dəyən zərərdən tutmuş, nəsli kəsilmək ərəfəsində olan nərə balıqları və Xəzər suitiləri kimi nadir növlərin təhlükəsinə qədər. Dəniz dibinin tədricən quruması əhalinin sağlamlığını və kənd təsərrüfatı torpaqlarının münbitliyini təhdid edən yeni toz mərkəzləri yaradıb. Ənzəli və Miyanqala kimi dəyərli beynəlxalq bataqlıq ərazilər də ciddi şəkildə məhv olmaq təhlükəsi altındadır", - o deyib.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri qeyd edib ki, bu çağırışların da regional əməkdaşlıq və həmrəylik yolu ilə həll oluna biləcək həll yolları var. Tehran Konvensiyası regional ekoloji əməkdaşlığın çərçivəsi kimi praktiki fəaliyyət üçün güclü alət ola bilər və olmalıdır.

“Bu məqsədlə İran gələn ilin yayında Tehran Konvensiyasının yeddinci iclasına ev sahibliyi etməyə hazır olduğunu bəyan edir ki, bu böhranla mübarizə üçün üzv ölkələrin ətraf mühit nazirləri səviyyəsində lazımi qərarlar qəbul olunsun. Bu çağırış qarşısında bizim ümumi taleyimizi siyasi sərhədlər müəyyən edə bilməz. Xəzərin xilası uşaqlarımızın ümumi gələcəyini xilas etmək və regionun tarixi-mədəni kimliyini qoruyub saxlamaq deməkdir. Bu gün əminliklə bəyan edək ki, bizim nəsil Xəzər dənizinin əzəmətini və bərəkətini görən sonuncu nəsil olmayacaq”, - xanım Ənsari bildirib.