Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələri Xocalı rayonu ərazisində artıq bir müddətdir hərbi təlimlər keçirirlər. Bu məsələyə rus hərbi kontingenti şərait yaradır və rəsmi Bakının etirazlarına rəğmən yaşananlara göz yummaqda davam edir.
“Qarabağ İqtisadi Zonasında Ermənistanın separatçı rəhbərliyinin tabeliyində olan 3 alay var. Bunlar Ağdərə, Qaladərəsi, Xocavənddə yerləşir. Xocalıda isə hərbi poliqonları, təmas xəttində ehtiyat qüvvələri var. Əgər erməni separatçılarının ərazimizdə hərbi hissələri varsa, bu o deməkdir ki, onlar təlimlərlə bərabər, atəş hazırlıqları tədbirləri də keçir və bu da ermənilərin sülhə qarşı hazırlığıdır”. Bunu «Həftə içi»nə hərbi ekspert Elxan Şıxəliyev bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində olan qeyri-qanuni erməni birləşmələri, təbii ki, mütləq sıfırlanmalı, yaxud məhv edilməlidir. Separatçı dəstələrin hamısı sıfırlandığı halda, ölkə daxilində bu cür terror yuvaları da dağılar və məlum hadisələrin heç biri baş verməz.
Hərbi ekspert qeyri-qanuni erməni silahlı birləşmələrinin ləğvini bir neçə variantla mümkün sayıb. Bildirib ki, silahlı quldur birləşmələri ya həmin ərazilərdə sülhməramlıların moderatorluğu ilə tərk-silah edilməli, yaxud Ermənistana göndərilməlidirlər. İkinci variant isə antiterror əməliyyatlarıdır.
“Nə qədər ki, ərazilərimizdə erməni separatçı rejimi və onların hərbi dəstələri qalır, həmin qüvvələrin tərk-silah edilməsi irəli sürdüyümüz təkliflərlə həyata keçirilməyəcəksə, bu kimi təlimlərin Rusiya sülhməramlılarının çətiri altında həyata keçiriləcəyini gözləməliyik. Biz nə qədər mesajlar versək ki, “erməni separatçıları burada olmamalıdır, silahsızlaşdırılmalıdır”, sülhməramlılar öz bildikləri kimi davranırlar”.
Hərbi ekspert belə bir şəraitdə Azərbaycanın ata biləcəyi addımlara diqqət çəkib. Bildirib ki, Azərbaycan məsələni qeyri-qanuni hərbi birləşmələrin fəaliyyətinin aktivləşməsi fonunda kökündən həll etməlidir: “Azərbaycan ərazilərində qeyri-qanuni silahlı birləşmələrin olması bizim qırmızı xəttimizdir. Xüsusən də mayın 28-də cənab Prezidentin Laçından separatçı rejimə etdiyi müraciətində bundan sonra ermənilərlə necə davranacağımızın yol xəritəsini göstərdi. Əgər indiyədək məsələlərə tək qeyri-qanuni birləşmələr üzərindən münasibət bildirirdiksə, indi yeni tələblər yaranıb. İndi qeyri-qanuni rejimin özünün buraxılması bir tələbdir. Erməni separatçılarının Prezidentin çağırışları ilə əlaqədar seçimləri doğru-düzgün olmasa, yenə də bizimlə revanşist dildə danışacaqlarsa, hərbi təlimlər keçirib, mühəndis istehkamları qurmaqda davam edəcəklərsə, “B” variantı – sərt gücün tətbiqi ilə rastlaşacaqlar”.
E.Şıxəliyev otuzillik işğal müddətinə baxanda ermənilərin hər zaman sərt gücün tətbiqi ilə üzləşməyi seçdiyini önə çəkib: “Bu gün də ermənilər Azərbaycanla güc, revanşist dillə danışırlar. Otuzillik işğal dövründə ermənilərə Qarabağ üzərindən ən yüksək təkliflər verilməsi ilə bağlı fikirlər səsləndirilsə də, olar ən pisini seçdilər. Bu, 30 il sonra Ermənistana nəyə başa gəldisə, eynisi separatçılarla bağlı baş verəcək. Görünən odur ki, ermənilər tarixdən nəticə çıxara bilmirlər. Əgər Prezidentin təkliflərini müsbət qarşılamayacaqlarsa, 44 günlük müharibə Ermənistana nə ilə nəticələndisə, eynisini separatçı rejim yaşayacaq. Azərbaycan Silahlı Qüvvələri 1 gün, maksimum 2 həftə ərzində Qarabağdakı separatçıların sıfırlanmasını həyata keçirə bilər. Ermənilər yenə də bu mesajları doğru-düzgün qiymətləndirsinlər ki, verəcəkləri qərarlar az itkiyə səbəb olsun. Bu, erməniləri məhvolma, əsirgötürülmədən sığortalamaqla, onlara bu yerlərdə yaşamaq imkanları verə bilər. Əks halda, müxtəlif formalarda Ermənistana getmələrini gözə almalıdırlar”.
Milli Məclisin deputatı Elman Məmmədov isə bildirir ki, Xocalı hələ də separatçıların “işğalı” altındadır: «Xocalıda soyqırımı törədən ermənilər hələ də Xocalıda yaşayır. Bu, azmış kimi, əxlaqsızcasına rus hərbçilərinin müşayiəti ilə Xocalı aeroportunda öz qərargahlarını qurub, bazalarını yerləşdirib, hərbi poliqonlarda təlimlər keçirlər. Hesab edirəm, bu özbaşınalığın da bir sonu olacaq. Laçınla sərhəddə buraxılış məntəqəsinin qoyulması və Prezidentin Laçından vediyi mesajlar suverenliyimizin təminatı ilə bağlı yol xəritəsinin növbəti marşrutunu hər kəs üçün müəyyən etdi. Görünən budur ki, daha çox ölkə daxilində fəaliyyətdə olan rus sühməramlılarının öz missiyasını düzgün icra etməsi tələbi qoyulmalıdır”.
E.Məmmədov Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqlarımızı azad edəndən sonra Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli bəyanata və bu bəyanatda əks olunan öhdəliklərin Ermənistan, eləcə də Rusiya tərəfindən yerinə yetirilmədiyinə diqqət çəkib. Deputat məlum bəyanata görə Rusiya sülhməramlılarının bölgəyə daxil olmasından dərhal sonra erməni hərbi birləşmələrinin ərazidən çıxarılmasının nəinki baş verdiyini, əksinə separatçı rejimin sülhməramlıların missiyasına daxil olan ərazilərdə - Xocalıda, Xocavənd, Ağdərə, Xankəndidə daha da möhkəmlənmək məqsədilə Laçın dəhlizindən silah-sursat daşıdığını, nəzarətimizdə olmayan ərazilərdə mühəndis istehkamları tikdirdiyini, üstəlik, Azərbaycanın yeraltı, yerüstü sərvətini talayaraq apardığını və hərbi təxribatlara davam etdiyini bir daha xatırladıb. Onun fikrincə, bütün bunların rus hərbçilərinin missiyası daxilində olan ərazilərdə baş verməsi hərbi kontingentin fəaliyyəti ilə bağlı şübhələri, etimadsızlığı təbii ki, doğurmalı idi və doğurdu.
“44 günlük müharibədən sonra kapitulyasiyaya imza atan Ermənistanın sərhəddə və ölkəmiz daxilində davam edən hərbi təxribatları Azərbaycanın daha qətiyyətli cavabları ilə nəticələndi. Hər dəfə də Azərbaycan Prezidenti Ermənistanı və Qarabağda qalan separatrçı rejimə xəbərdarlıq edir, sülhə dəvət edir və nəhayətdə son olaraq amnistiya olunmaları üçün onlara şansın verildiyini bəyan edib. 2023-cü il Ermənistana son şans ili kimi tanınıb. Laçın-Xankəndi yolunda buraxılış məntəqəsinin qoyulmasından sonra, Azərbaycan addım-addım öz məqsədlərinə yaxınlaşır. Ermənistan və Qarabağda özünün “hakimiyyət”ini formalaşdıran separatçı rejim müharibə ritorikasından əl çəkmirsə və vasitəçi dövlət, eyni zamanda, özünün sülhməramlı adlı missiyası ilə Qarabağda təmas xətti yaradan Rusiya hərbi kontingentinə missiyasının sərhədini bildirməlidir”.
E.Məmmədov müharibədən sonra sərhəddə və bölgə daxilində keçirilən əməliyyatların təcrübəsinə əsaslanaraq bildirib ki, Ermənistanın separatçı dəstəsi ilə Azərbaycan ərazisi daxilində təxribatçı, revanşizmi alovlandıran əməlləri növbəti dəfə, bizə son dəfə erməni terrorunun başını əzmək imkanı yaradacaq.
E.Məmmədov bu gün erməni hərbi dəstələrinin Xocalıda qurduqları hərbi poliqonlarda təlimlər keçməsini erməni revanşizminin davamı, onları dəstəkləyən havadarlarının əsas qara məqsədlərinin göstəricisi kimi önə çəkib. Onun fikrincə, müharibədə məğlub olan erməni hərbi dəstələri Azərbaycan daxilində belə hazırlıqlar keçirmək cürətini, rus hərbi kontingentinin məsuliyyətsiz, ermənini dəstəkləyən hərəkətlərindən alır. O, bunu üstəlik, beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində bir vasitəçi olaraq ortaya düşən ABŞ, Avropa İttifaqı, həmin birlikdə əsas dövlət olan Fransanın regiona daxil olmaq üçün Ermənistanı himayə etməsi və separatçı rejimə qarşı sərt çıxışlar etməmələri ilə də əlaqələndirib. Deputat hesab edir ki, əgər erməni hərbçiləri təlimlərini məhz rus sülhməramlılarının missiyasına daxil olan ərazilərdə aparırlarsa, bunun ən böyük məsuliyyəti elə Rusiyanın üzərindədir və “sülhməramlılar” öz fəaliyyətlərini düzgün icra etməlidirlər. Əks halda, sülhməramlıların vaxtından əvvəl ərazilərdən çıxarılması ilə bağlı rus hərbi komandanlığı qarşısında məsələ qaldırılmalıdır.
“Ona görə də mən Xocalının indiki şəraitdə hələ də işğal altında qaldığını bildirirəm. Amma az qalıb, o torpaqların azad olunacağı, xocalılıların öz yurdlarına qayıdışının təmin edilməsi ilə bağlı şad günləri də yaşayacağıq. Ermənilər Azərbaycan dövlət başçısının sülh, təminatlı yaşamaq təkliflərinə bu cür təlimlərlə cavab verməklə, artıq diplomatik danışıqların yerini hərbi müstəviyə daşıyır. Buna baxmayaraq, Azərbaycan regionda sülhün danışıqlar yolu ilə həllində maraqlıdır və biz bunu ölkə başçısının çıxışlarında açıq-aydın görürük. Bunu dünya da görür. Azərbaycanın bu uğura tam olaraq imza atması üçün siyasi, hüquqi, hərbi imkanları, gücü var”.
Deputat qeyd edib ki, ermənilərin Xocalıda yerləşən hərbi poliqonlarda təlimlər keçib, mühəndis ehkamları qurması ermənilərin özlərinin zərərinədir.
“Ölkə başçısı Laçından, Kişinyov görüşündə hələ də ərazilərimizdə qalan separatçıların, terrorçuların təmizlənməsi məsələsini yenə də gündəmə gətirdi, mövqeyini bildirdi, sözünü dedi. Bir daha hər kəsə bəyan edildi ki, bütün separatçılar ərazilərimizdən təmizlənəcək, qalmaq istəyən qalacaq, gedən gedəcək. Lakin Xocalı soyqırmını törədənlər və digər yaşayış məntəqələrimizdə kütləvi qırğınlar törədənlər, ərazilərimizin işğalında xalqımıza, millətimnizə, dövlətimizə qarşı cinayət törədən kim varsa, hamısı Azərbaycan qanunları qarşısında cavab verməli, layiqli cəzalarını almalıdırlar”.
E.Məmmədov Azərbaycan torpaqlarının 30 il işğalda qaldığı müddətdə Avropanın, Qərbin beynəlxalq qurumlarının, eləcə də Birləşmiş Millətlər Təşkilatının Xocalı soyqırımına qarşı gördüyü, əslində, görmədiyi tədbirləri qeyd edərək, Azərbaycanın daxilində baş verən bütün məsələlərin yalnız onun öz gücü, birliyi ilə həll olunacağına əminliyini ifadə edib. O bildirib ki, həmin beynəlxalq təşkilatlar ermənilərin xarabazara çevirdiyi Azərbaycan torpaqlarında maddi-mədəni-mənəvi irsimizin, insanlarımızın necə vəhşicəsinə qətliama məruz qoyulduğunu faktlarla bilir. İnsan hüquq müdafiəçiləri, maddi-mənəvi irsin qoruyucuları, köçkünlərlə bağlı komissiyalar Azərbaycan xalqının tarixini məhv edənlərin barəsində hər hansı qəti qərarlar qəbul etmir, hətta dağıdılan ərazilərimizin monitorinqinin aparılaraq dəyən zərərin ödənilməsi ilə bağlı təşəbbüslər göstərmirlər.
E.Məmmədov Azərbaycana qarşı ikilistandartlı yanaşmaların bu gün özünü vasitəçi kim təqdim edən dövlətlər tərəaindən yenidən sərgiləndiyini bildirib. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazın sahibi olduğunu təsdiq etmək üçün yenə də bölgədə gərginliyin qalmasında maraqlıdır: “Ona görə də adı sülhməramlı olanlar hələ ki, Xocalıda hərbi poliqonlarda erməni silahlılarının hərbi təlimlər keçməsinə dəstək verirlər. Rus sülhməramlıları üçtərəfli sazişə əsasən erməni separatçılarını, quldurları ərazilərimizdən çıxarmaq əvəzinə, onların təlimlərinə tamaşa edir. Bu da təsadüfi deyil”.
Bütün bunlarla yanaşı deputat hesab edir ki, Azərbaycan dövlət başçısının Laçından verdiyi mesajlardan sonra, Kişinyovda Avropa siyasi birliyində iştirakı bir daha Azərbaycanın müstəqil dövlət olaraq regionun təhlükəsziliyinin qarantı olduğunu, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı olduğunu anlatdı və kimin yanında dayanması üçün onlara bir daha fürsət tanıdı. Lakin separatçı və havadarlarının başqasının torpağında bu cür “at oynatmaları” uzun müddət davam edə bilməz.