Xüsusi Tribunal yaradılsın - PUTİNİ MÜHAKİMƏ ETMƏK ÜÇÜN

09:30 17.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək, Aİ-ni beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynaya Rusiya Federasiyasının ali rəhbərliyini mühakimə edəcək xüsusi tribunal yaratmağa kömək etməyə çağırıblar.

Hafta.az-ın yazdığına görə, nazirlərin birgə bəyanatının mətni müvafiq nazirliklərin saytlarında dərc olunub.

“Hamımızın qorumağa çalışdığımız qaydalara əsaslanan beynəlxalq nizam, onu pozan ən açıq-aşkar əməllər - soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və təcavüz cinayətləri cəzasız qaldıqda yaşaya bilməz. Ukraynanın hər yerində mülki əhalinin evlərinə, məktəblərə və uşaq meydançalarına, eləcə də mülki infrastruktura qəsdən edilən son hücumlar Rusiyanın Ukrayna xalqına qarşı əsassız terror kampaniyasının son epizodudur. Rusiyanın Ukraynaya qarşı qəddar hücumları davam etdiyi üçün Avropa İttifaqı elə hərəkət etməlidir ki, ədalət axtarışı və Rusiyanın Ukraynada törətdiyi dəhşətli cinayətlərə görə məsuliyyət bizim siyasətimizin mərkəzində olsun”, - nazirlər yazır.

Onlar Ukrayna və bir sıra digər dövlətlər, eləcə də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən aparılan araşdırmalara davamlı dəstək verməyə çağırırlar. Çünki bu, Ukraynada sübutların toplanmasında, müharibə cinayətləri, soyqırım və insanlıq əleyhinə cinayətlərdə günahkarların müəyyən edilməsi və cəzalandırılmasında əsas rol oynayır.

Bununla belə, nazirlər qeyd edirlər ki, bu kifayət deyil, çünki hazırda Rusiyanın ən yüksək siyasi və hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayəti törətdiyinə görə məsuliyyətə cəlb edə biləcək beynəlxalq məhkəmə və ya tribunal yoxdur.

"Bu hüquqi boşluğunu doldurmaq məqsədilə Ukraynaya qarşı təcavüz cinayətini cəzalandırmaq üçün Xüsusi Tribunal yaratmaq lazımdır. Hesab edirik ki, Avropa İttifaqı tərəfdaşlarımızla birlikdə bu səylərin mərkəzində olmalıdır", - mətndə deyilir.

Siyasət rubrikasından digər xəbərlər