“YAŞAT” Fondunun fəaliyyəti rəqəmlərdə - ARAŞDIRMA

16:53 24.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsi dövlət siyasətinin tərkib hissəsi kimi daima diqqət mərkəzindədir. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına vətəndaş cəmiyyəti, ictimaiyyət də öz dəstəyini əsirgəmir.

Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması da ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Artıq Fond 1 il yarımdır ki, öz fəliyyətini uğurla davam etdirir və Azərbaycana xalqına Qələbəni Yaşadanlara, onların ailə üzvlərinə, doğmalarına hərtərəfli dəstək nümayiş etdirir.

Yeri gəlmişkən, bu ilin iyunun 23-nə olan məlumata görə, Fondun hesabına 73 781 435.79 vəsait mədaxil olub. İndiyədək ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə  görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848-dır. Xərclənmiş vəsaitin həcmi isə 61 114 757.86 AZN  təşkil edib. Qalıq vəsait 12 666 677.93 AZN-dir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə 36 892 200.00 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə 546 346.40 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına 6 336 540.51 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə17 339 670.95 AZN yönəldilib.

 

Ali məktəbə daxil olan 47 şəxsə birdəfəlik pul mükafatı verilib

 

Bundan başqa məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla ümumilikdə 2 001 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 637.99 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

23 iyun 2022-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi,  XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı “Dərs evi” tədris mərkəzi,  “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub.

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.

 

26 ağır yaralı və 2 şəhid ailəsi üzvünün Türkiyədə müalicəsi davam edir

 

“YAŞAT” Fondunun fəaliyyətinə daxil olan müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib. Ümumilikdə 176 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 148-i ölkəyə geri qayıtmışdır. Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib.

28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.

Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub.

Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunub. Komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin iki əməkdaşı daxildir.

Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası (beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu) ölkəmizə gəliblər. Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 yaralı və bir şəhid övladını müayinə ediblər. 2022-ci il 20 may tarixində “YAŞAT” Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə Respublikasında müalicəsi davam edən bəzi şəxslərin ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harda davam etdirmələri barədə müzakirələr aparılıb.

 

Asudə vaxtın səmərəli təşkili diqqət mərkəzindədir

 

Fond bu kateqoriyadan olan insanların asudə vaxtlarının təşkili məsələsini də mütəmadi oalaraq diqqət mərkəzində saxlayır. Məsələn, “Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. Şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş düşərgənin açılış mərasimi 2021-ci il 14 iyun tarixində baş tutub. “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün  Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib. “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı  ilə 2022-ci ilin 27 may-30 may tarixlərində Qəbələdə “YAŞAT” idman düşərgəsi keçirilib. Layihədə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib. Layihə çərçivəsində 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunublar. Eyni zamanda onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxmışdırlar. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, idmana marağı artırmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.

“YAŞAT” Fondunun və “Neftçi" Peşəkar Futbol Klubu (PFK) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün "IV Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə 2022-ci ilin 16 iyun tarixində start verilib. 2022-ci ilin 25 iyun tarixinədək davam edəcək layihədə 6-12 yaş aralığındakı 104 şəhid övladının iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində iştirakçılar qruplara bölünürlər. Onlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, onlara peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilir, kino saatları təşkil olunur. Düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər. Layihənin media dəstəkçiləri “ASAN Radio” və “Neftçi TV”dir.

Bundan başqa10 mart – 13 mart 2021-ci il tarixdə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmiş, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.

“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə 17 mart – 18 mart 2021-ci il tarixdə 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak edib.

18 mart - 21 mart 2021- ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.

16 aprel 20201-ci il tarixində  Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

 

“YAŞAT” Marafonundan Fondun hesabına 1 miyon manatdan çox vəsait daxil olub

 

25 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib. Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı  dünyanın müxtəlif olkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 AZN, 10 180.00 USD, 6 395.86 EUR, 34 117.32 TRY, 2 844.07 RUB, 2 975.00 GBP vəsait olmaqla ümumilikdə 1 042 609.29 AZN vəsait daxil olub. Sms ianə vasitəsi ilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 AZN vəsait toplanılıb.

1 iyun 2021-ci il “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası ilə birgə təşkil olunan, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə “Hədiyyə Karvanı” layihəsi çərçivəsində Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağcabədi, Ağdam, Füzuli, İmişli, Kürdəmir, Mingəçevir, Şəki və Balakən olmaqla 15 yaşadək olan şəhid və qazi övladlarına hədiyyələrin paylanması həyata keçirilib. 2000-dək uşağa hədiyyələr təhvil verilərək öncədən müəyyən edilən siyahı üzrə hədiyyələrin paylanılması yekunlaşıb.

“YAŞAT” Fondu ilə AFFA-nın Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində 6-18 yaş aralığında olan şəhid və yaralıların övladlarına UEFA 2020 Avropa çempionatının Bakıda keçirilən futbol oyunlarını izləmək üçün 1400 bilet təhvil verilib.

14 iyul tarixində Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Neftçi” – “Dinamo Tbilisi” oyununu izləmək üçün 60-dan çox şəhid övladlarına bilet təqdim olunub.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihə keçirilib. Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət 800-dən çox hədiyyə qutuları çatdırılıb.

25-26 sentyabr 2021-ci il tarixlərində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsi baş tutub. Layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub. Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə etmişdir. Şuşa şəhərində ağacəkmə aksiyası təşkil olunmuş və şəhidlərimizin övladları tərəfindən atalarının əziz xatirəsinə 100 ədəd eldar şamı ağacı əkilib.

2021-ci il 7 noyabr tarixində “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin  birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonu keçirilib. Marafon müddətində (20 oktyabr tarixindən 9 dekabr tarixinədək) 1 391 697.26 AZN vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib. “YAŞAT” Xeyriyyə Marafonu ilə əlaqədar İctimai Televiziyada 7 noyabr səhər saat 12:00-dan 18:00-a kimi efir saatı ayrılıb və canlı yayım zamanı sms vasitəsi ilə 4 041 AZN vəsait toplanılıb.

Dənizkənarı Milli Parkda 2021-ci il 29 oktyabr - 9 noyabr tarixlərində “Zəfər” Yarmarkası keçirilib. Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır. Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılmışdır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılılıb. Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları keçirilib. Ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanmış  64 558.58 AZN vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.

2021-ci il 6 dekabr tarixindən 2021-ci ilin 10 dekabr tarixindək “YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərlərinin ölkəmizdə səfəri baş tutub. Nümayəndə heyətinin tərkibində Türk Silahlı Qüvvələri Mehmetçik Fondunun rəhbəri ehtiyatda olan general-leytenant Engin Durak, Türk Silahlı Qüvvələri Elele Fondunun rəhbəri general-mayor Taci Kurul, Türk Silahlı Qüvvələri Eğitim Fondunun rəhbəri ehtiyatda olan general-leytenant Kemal Korkmaz və Türk Silahlı Qüvvələri Dayanışma Fondunun rəhbəri ehtiyatda olan polkovnik Mustafa Dündar daxil idi. Qonaqlara “YAŞAT” Fondunun yaradılması, məqsədləri və həyata keçirilən tədbirlər barədə məlumat verilib.  “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivlərinin inkişafı istiqamətində müzakirələr aparılıb.

 “YAŞAT” Fondu ilə Dövlət İmtahan Mərkəzi arasında keçirilən layihə çərçivəsində regionlarda silsilə tədbirlər keçirilərək şəhid övladlarına dərs vəsaitləri hədiyyə edilir. Bakı Bərdə, Naxçıvan, Gəncə, Tovuz, Lənkəran, Şirvan və Xaçmazda baş tutan tədbirlərdə şəhid övladlarına Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri təhvil verilib.

“YAŞAT” Fondunun təşəbbüsü, “AMO Group”-un sponsorluğu, "Azərbaycan Hava Yolları" QSC,  Azərbaycan Diasporuna Dəstək Fondu, “PAŞA Həyat Sığorta”, Azərbaycan Respublikasının İstanbul Şəhərindəki Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən 7  yaralı ailəsinin 19 ailə üzvünün 2021-ci ilin 26 dekabr – 2022-ci ilin 2 yanvar tarixində həmin ölkəyə səfəri təşkil olunub. Layihənin məqsədi 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə və Yeni il bayramında yaralıların ailə üzvləri və yaxınları ilə birlikdə olmalarını təmin etməkdir.

 “YAŞAT” Fondu, PAŞA Holding və “Bravo” marketlər şəbəkəsinin dəstəyi ilə şəhid ailələri və müharibə əlillərini Novruz bayramı münasibətilə təbrik edib. Bu məqsədlə 6800-dək Novruz sovqatı qutusu hazırlanıb və ailələrə təhvil verilib. Qutulara ərzaq məhsulları, bayram azuqələri yerləşdirilib. 

Oxunma sayı 657