Yataq xəstəsi olan qazimizin problemləri ilə MARAQLANAN YOXDUR - FOTO

17:49 25.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Artıq 44 günlük  Vətən Müharibəsindən bir il ötür. Bu bir il ərzində qapısı bir dəfə də döyülməyən  qazimiz var. Üstəlik o, əlillik dərəcəsini də ala bilmir, buna baxmayaraq susur. Əslində, Qarabağ uğrunda döyüşən əsgərlərin igidliyindən ağızdolusu danışan yerli idarəedici orqanların nümayəndələri, özünü millətin vəkili adlandıranlar həmin o qazidən niyə xəbərsiz qalıb, maraqlı olan budur. Çox təəssüf doğuran bir mənzərədir. 

Hafta.az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, həmin qazi Lerik rayonunun Verə Küsəkəran kəndində yaşayan 20 yaşlı, bir ildir yataq xəstəsi olan Nizami Hüseynovdur. Qeyd edək ki, Nizami Hüseynov “Şücaətə görə” medalı ilə təltif olunub.

2001 təvəllüdlü Nizami Hüseynov  2019 iyunun 3-də həqiqi hərbi xidmətə yollanıb.  Murov, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da Suqovuşanda mərmi partlaması nəticəsində ağır xəsarət alıb.  Ona ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Gəncə xəstəxanasına aparılıb. Sol bud sümüyünün eksternal fiksatorla fiksasiyası cərrahi əməliyyatı icra edilib. 4-5 gün qaldıqdan sonra Yeni Klinikaya köçürülüb.  Orada bir neçə əməliyyar keçirib. Ona oturaq sinirin zədəsi stasionar cərrahi əməliyyatı  icra olunub. Düşük pəncə, sol aşağı ətrafda qısalıq diaqnozu verilib. 

Əslində Nizami Hüseynov faktiki parezdir, heç bir hərəkət də bilmir. 1 ayağında 5 sm qısalma var. Ayağına aparat qoyulub, sonra vaxtından qabaq çıxarılıb. Təzədən ayaq sınıb. İkinci dəfə mil qoyublar. Amma həkim komissiyası yazır ki, müşahidəçiyə ehtiyac yoxdur, özü sərbəst gəzə bilər.

Qeyd edək ki, Nizami Hüseynov haqqında bu məlumatları rayonun həkimlərindən biri məlumat verib.

Onu da öyrəndik ki, Nizaminin ailəsi 3 nəfərdən ibarətdir. Atası 1-ci Qarabağ döyüşlərinin iştirakçısı olub, sonra aldığı xəsarətlərdən, ürək ağrılarından rəhmətə gedib. Ailədə ən böyükləri Nizami Hüseynovdur və o da yataq xəstəsi. Ailə Nizaminin  kiçik qardaşının aldığı 200 manatlıq uşaq pulu ilə dolanır. Nizamiyə anası baxır. Ana özü də heç yerdə işləmir. Bir sözlə, qazinin ailəsində həyat çox ağırdır...  

Nizami nə deputatını, nə də yaşadığı rayonun icra başçısını tanımır. Əgər o adamalar vətən uğrunda sağlığını itirən qazimizə baş çəksəydilər yəqin ki, onları tanyardı.

Məsələ ilə bağlı Lerikin deputatı İqbal Məmmədovla bir neçə dəfə telefon əlaqəsi saxlamağa çalışdıq. Amma nə özü, nə də köməkçisi cavab vermədi.

Lerik Rayon İcra Hakimiyyətinin sədr müavini Cəlil Baxşəliyev telefon zəngimizə cavab verdi. Onun da bu qazi haqqında çox da məlumatlı olmadığını gördük.

Cəlil Baxşəliyev 1 il ərzində Nizami Hüseynova baş çəkə bilməmələrinin səbəbini belə izah etdi ki, rayonda 118 qazi var, hamısını diqqətdə saxlaya bilməzlər. O, qazinin özünün deyil, anasının icra hakimiyətinə gəldiyini dedi. Sonradan C.Baxşəliyev bildirdi ki, Nizami Hüseynovu 48 mənzilli yaşayış binasında 2 otaqlı evlə təmin eləyiblər.  Aprel ayında qospitalda yatanda  rayon icra hakimiyyəti tərəfindən ona 1 dəfə 200 manat yardım olunub.  Onun müalicəsinin bütün xərclərini Med-Era hospitalında Yaşat fondu aparıb. Amma qazi özü heç vaxt ora müraciət eləməyib.

Qazimiz Nizami Hüseynov bizə dedi ki, YAŞAT fondu onun xəstəxana xərclərini yalnız xəstəxanada əməliyyat olunan zaman ödəyib. Xəstəxanadan çıxandan sonra onun müalicəsi ilə heç kəs məşğul deyil.  Deyir ki, əlilliyin alınması ilə bağlı sənədlərini versələr də, bu gün-sabah deyib uzadırlar.

C.Baxşəliyev bizə bildirdi ki, qazi hələ 10 gün olar kəndə gəlib, artıq icra nümayəndəliyi maksimum onlardan nə asılıdırsa qaziyə köməklik göstərəcək...  

...Biz son olaraq Nizami Hüseynovdan istəklərini soruşduq. O isə, bizə “Bu gün Qubadlının işğaldan azad olunduğu gündür. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün mənim əsgər yoldaşım İmamverdiyev Elmirin Şəhid olduğu gündür”-dedi. 

Qazimiz öz döyüşkən ruhunu yataqda xəstəlikdən, maddi təminatsızlıqdan əziyyət çəkdiyi belə bir zamanda da demədi.  Sadəcə “Allah Şəhidlərimizə rəhmət eləsin” dedi.