Qardaş ölkə Türkiyənin müdafiə sənayesinin dünənki növbəti uğuru – ilk ballistik raketi sınaqdan keçirməsi hər birimiz üçün qürurdur, eyni zamanda, təhlükəsizliyimizin təminatıdır. Qeyd edək ki, qurudan dənizə uzun məsafədən atışda "Tayfun" 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vurub.
Təbii ki, Türkiyədə bu cür dünyanı heyrətləndirən silahların sınağı tez-tez keçirilir, amma heç biri “Tayfun” qədər güvən verməyib insanlara. Niyə? Sualın cavabını məhz “Tayfun”un hədəfi dəqiqliklə vurduğu məsafədə axtarmaq lazımdır – 561 kilometrdə...
Ərköyün yunanlar
Bu gün Türkiyəyə başlıca təhlükə, əlbəttə, buna təhlükə demək mümkündürsə, Yunanıstandandır. Bu ölkə öz xoşuna deyil, açıq-aydın ABŞ və Fransanın təzyiqləri altında Türkiyəyə qarşı bitib-tükənməyən təxribatlar törətməkdədir. Çox qəribədir, ara-sıra iki ölkə arasında münasibətlər o qədər isinir ki, adama elə gəlir dost oldular. Aradan günlər keçməmiş rəsmi Afinadan hansısa mövzuda sərt bəyanatlar, kobud ittihamlar eşidilir. Bunun ən bariz nümunəsi olaraq, Yunanıstanın baş naziri Kiriakos Miçotakis Ankaraya rəsmi səfər etdi, tərəflər arasında xeyli xoş və inandırıcı münasibətlərin yarandığını göstərən ab-hava da yarandı. Yunan lider ölkəsinə dönər-dönməz Türkiyədən Vaşinqtona şikayət etdi, ardınca ABŞ Konqresində Türkiyəyə “F-16”ların satışına mane olmaq məqsədilə lobbi fəaliyyəti başlatdı və sair. Yəni Yunanıstan hər gün, hər saat Türkiyəyə qarşı qara piar siyasəti yürüdür. Bütün bunlar bir yana, Yunanıstan vaxtilə imzalanmış Lozan Sülh Müqaviləsinin şərtlərinə əsasən silahlandırılması yasaqlanan adalara ağır silah yığmağa başladı, onu təxribatlara sövq edən ABŞ isə Türkiyədən, Yaxın Şərqin digər bölgələrindən çıxardığı silah və hərbi texnikasını Yunanıstan ərazisinə köçürməkdədir. Xüsusilə də Türkiyənin quru sərhədlərinə yaxın yerləşən Dədəağacda, bu bölgədə “İncirlik”dən sonra ən iri hərbi bazasını qurdu ki, bu da hər bir türkdə haqlı olaraq sual yaradır.
ABŞ-dan söz düşmüşkən, Şərqi Aralıq dənizi bölgəsində yaranan gərginliyi səngiməyə qoymayan da məhz ABŞ-dır. Əlbəttə, Fransanın da rolu var, amma Fransa ABŞ-ın olduğu yerdə sadəcə sıravi oyunçudur. Türkiyənin “Mavi vətən” strategiyasına qarşı qurulmuş Şərqi Aralıq dənizi planı Liviya ilə imzalanmış sənəd başda olmaqla, bəzi ölkələrin Türkiyə ilə əlaqələri inkişaf etdirməyə meyillənməsi fonunda necə deyərlər, hələlik sadəcə bəyanatlar şəklində gündəmdə qalır. Misirin təzadlı siyasəti, İsrailin Ankara ilə əlaqələri sürətlə yaxşılaşdırması, Livanın Türkiyə ilə münasibətlərinin onsuz da yaxşı olması və digər amillər Yunanıstanı istədiyini etməyə imkan vermir. Yəni Türkiyəsiz qaz istehsal etmək və onu dünya bazarına çıxarmaq indiki şəraitdə və yaxın gələcəkdə Yunanıstan üçün imkansızdır. Bunu görən ABŞ nə etdi? Yunan Kiprinə qarşı tətbiq olunan silah embarqosunu aradan qaldırdı və beləliklə, adadakı yunanların da silahlanmasının önü açıldı. Təbii ki, bu da birbaşa və açıq şəkildə Türkiyənin maraqlarına qarşı atılan addımdır və sair. Nəticə isə Qərbin gözlədiyi kimidir: Yunanıstanın düşmənçiliyindən və xüsusən də Baş nazir Miçotakisin ikiüzlülüyündən bezən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Mənim üçün Miçotakis adlı adam yoxdur” deməklə, bir növ, iki ölkə arasında görüş və danışıqlara qapıları qapatdı. Tamam, amma bütün bunlar yunanları öz iddialarından çəkindirdimi? Az da olsun oturub düşünməyə, sağlam qərar qəbul etməyə sövq etdimi? Xeyr. Onları məhz ABŞ və Avropadakı digər güclər düşünməyə qoymurlar.
Ümumiyyətlə, Türkiyənin Yunanıstana qarşı aqressiv davranış sərgiləməsi ehtimalı az görünür. Yunanıstan Türkiyəni qıcıqlandıracaq davranışlardan əl çəkməyincə, bu yanaşmanın davam edəcəyini söyləmək mümkün deyil. Bu nöqtədə Yunanıstanın həlli son dərəcə çətin görünən problemlər topunu necə ələ alacağına baxmaq faydalı olardı.
Adalara silah yığmaq olmaz
İlk ağla gələn problemlərdən biri adaların silahlanmaması məsələsidir. Yunanıstanın bu məsələyə münasibətinin Türkiyənin tezislərindən çox fərqli olduğu açıq-aydın görünür. İş o yerə çatıb ki, Afina administrasiyası Türkiyənin 1947-ci il Paris razılaşmasında tərəfsizliyini və sonradan Sovet İttifaqının parçalanmasını əsas gətirərək, burada göstərilən adaları silahlandırmamaq siyasətindən vaz keçmək haqda düşünür və bunu açıq şəkildə ifadə etməkdən çəkinmir.
Digər məsələ isə Yunanıstanın ərazi sularını 6 mildən 12 milədək artırmaq üçün güclü motivasiyaya sahib olmasıdır. Bu məqamda Türkiyə ilə Yunanıstan arasında hüquqi arqumentlər baxımından çətin bağlanan uçurum var. Ərazi suları ilə bağlı tezislərin avtomatik olaraq Yunanıstan tezislərini hava məkanına bağlaması da Türkiyə ilə Yunanıstan arasında başqa bir potensial münaqişə oxu yaradır.
Yunanıstanın iki ölkə arasında qarşıdurma ehtimalını gücləndirən yuxarıdakı dinamikaya necə münasibət göstərəcəyi çox vacibdir. Yunanıstan adaların silahlanmasında indiki mövqeyini qoruyub saxlasa, Türkiyənin cavabsız qalması ağlasığmazdır. Ona görə də bu məqamda geri addım atmalı olan tərəfin Yunanıstan olduğu aydındır. Əks halda, bu, münaqişə riskini və ya Türkiyənin cavabvermə ehtimalını daha da artıracaq. Ərazi suları nöqtəsində isə Yunanıstanın öz ərazi sularını 12 milə qədər genişləndirmək cəhdi Türkiyə üçün “hər cür hərbi tədbirlərin görülməsi” qərarının qüvvəyə minəcəyindən münaqişə riski artacaq. Qalan hava məkanlarının pozulması məsələsi iki ölkəni daha tez-tez bir-birinə qarşı çıxaracaq.
İndi sual edirlər ki, müharibə başlasa bu ölkələrdən hansı qalib gələcək? Türkiyənin gücü-qüvvəsi çox böyükdür və müharibə başladığı təqdirdə Qərbin Türkiyə ordusuna sanksiya yolu ilə təzyiq etmə imkanları da xeyli zəifləyib. Bu gün Türkiyənin cəbbəxanasında yerli və milli müdafiə sənayesinin rolu 80 faizə çatıb. Bütün yüngül silahları, haubitsaları, minaatanları, İHA-ları, SİHA-ları, TİHA-ları ixrac etmək səviyyəsinə çatan Türkiyə yaxın vaxtlarda artıq istifadəyə verilməsinə az qalan insansız qırıcılar, ən müasir döyüş təyyarələri, təyyarədaşıyan gəmi, müasir sualtı qayıqlar və sairi ordunun arsenalına qatacaq. Türkiyə artıq hansısa vilayətindən daha kiçik olan ökələrdən bomba, raket, adi avtomat almır ki, sabah onlar “biz bunu satmırıq” desinlər. Bu mənada Qərbin Ankaraya təsir imkanları çox məhdudlaşıb. Amma əlbəttə, müharibə başlayarsa müttəfiqlərin niyyətindən çox şey asılı olacaq. Bunu Ukrayna savaşının gedişatı dövründə dünyanın supegücü olan Rusiyanın timsalında açıq görürük. Bu mənada, türkiyə hərbi və iqtisadi qüdrətini artırmaqla yanaşı, mütləq xaricdəki müttəfiqlərini, özü də səmimi və sadiq müttəfiqlərini seçməlidir...
ABŞ narahatdır...
Beynəlxalq hüquq eksperti, professor Hüseyn Pazarcı Afina ilə Ankara arasında yaranmış vəziyyətdən söz açarkən, ilk növbədə, diqqəti Yunanıstanın Lesbos və Samosa silah göndərməsinə çəkir. Bildirir ki, Yunanıstan Lozan müqaviləsinə uyğun olaraq bu adalarda ağır silah saxlaya bilməz. Keçmişdə Türkiyə ilə Yunanıstan arasında Egey adaları ilə bağlı danışıqlara qatılan Pazarcının sözlərinə görə, Yunanıstan Şərqi Egey adalarında ictimai təhlükəsizliyi təmin etmək üçün ümumilikdə 3500 nəfərlik məhdud təhlükəsizlik qüvvəsi saxlaya bilər.
"Lozan müqaviləsinin müddəaları çərçivəsində, şərtlərdən asılı olmayaraq, tank, artilleriya və zirehli texnika kimi ağır təyinatlı silahların adalarda saxlanılmasından söz açıla bilməz. Yunanıstanın bunu etməsi beynəlxalq hüquqa ziddir. Hər iki ölkə NATO-nun üzvüdür və ABŞ-ın Yunanıstana adaları silahlandırmasına imkan verməsi tamamilə yanlış və beynəlxalq hüquqa ziddir”, – Pazarcı deyib.
Amerikalı ekspert Nikolas Danforx ABŞ-ın son illər ərzində Yunanıstanla hərbi əməkdaşlığını gücləndirməsinin mənbəyinin Türkiyə ilə özü arasında dərinləşən etimad böhranı olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Vaşinqton Ankaranın xarici siyasət istiqaməti ilə bağlı narahatlıqlar və Türkiyədəki bazalardan istifadə ilə bağlı şübhələri var. Elə bu səbəbdən də Yunanıstandakı hərbi bazalarını gücləndirməyə başlayıb.
İstanbul Universitetinin doktoru Pınar Erkəmin fikrincə, Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliyin hər iki ölkənin seçki dövrünə təsadüf etməsi təhlükəlidir və iki ölkə arasında böhranın yaranması millətçi əhval-ruhiyyə mühiti yarada bilər.
“Prezident Ərdoğan və Yunanıstanın Baş naziri Miçotakisin son zamanlar verdiyi açıqlamalara nəzər saldıqda görürük ki, heç biri güzəştə getmək istəmir. Hər iki ölkədə seçkilərin yaxınlaşdığı bir şəraitdə iki ölkə arasında böhran yarana bilər. Türkiyə ilə Yunanıstan arasında son münasibətlərə nəzər salsaq görərik ki, hər iki tərəfdə millətçilik müəyyənedici amil kimi önə çıxır. Əgər belə gedərsə, qarşıda Kardak qayalıqları böhranına bənzər bir qarşıdurmanın şahidi ola bilərik”, - deyib P.Erkəm.
P.Erkəm deyib ki, iki NATO üzvü ölkə arasında qarşıdurma onların heç birinə xeyir gətirməyəcək.
“Kipr oyunun bir hissəsidir”
Bəykənt Universitetinin doktoru, siyasi analist Kamal Olçar isə Yunanıstan-Türkiyə münasibətlərində Kipr faktoruna toxunaraq, ABŞ-ın ada ilə son əlaqələrinə diqqət çəkir. Deyir ki, ABŞ, xüsusilə Avropanın və digər bölgələrin Rusiyanın enerji qaynaqlarından asılılığını azaltmaq üçün Aralıq dənizindəki qaz resursunun Avropaya transferinə çalışır. Buna görə də Aralıq dənizini oyun meydançasına çevirib. Kipr də məhz bu oyunun bir hissəsidir.
Bu arada, Türkiyə cəmi 71 kilometr məsafədə yerləşən Kiprdə (Şimali Kipr Türk Respublikası - V.T.) 40 min əsgərdən ibarət ordu saxlayır ki, onların ixtiyarında yüzlərlə tank, haubitsa, hava hücumundan müdafiə sistemləri, son üç ildir ki, PUA və SİHA-lar var.
Bundan əlavə, məsafə baxımından Türkiyə adaya ən qısa vaxtda silahlı qüvvə çıxara bilər, amma Yunanıstanla Kipr arasında məsafə 900 kilometr olduğu üçün, Afinanın adaya çıxma imkanları Türkiyəninkindən 13 dəfə aşağıdır.
“Yunanıstanın Türkiyə ilə silahlanma yarışına girməsinin müsbət nəticəsi olmayacaq. Məsələn, Yunanıstan Kiprə “S-300” yerləşdirə bilər, hansı ki, buna 97 dəfə səy göstərib, qarşılığında Türkiyə “S-400”ləri aktivləşdirəcək. Türkiyənin çox inkişaf etmiş SİHA və İHA-ları var. Türk hava gücünün isə dərhal Kiprə müdaxilə edəcək strukturu mövcuddur. Türkiyənin hərbi dəniz donanması çox güclüdür. “Mavi vətən” dediyimiz dənizlərdə suveren hüquqlarımızı qorumağa çox qadir bir donanmamız var. Yunanıstan bunu bilmirmi, əlbəttə bilir. Dəniz donanmasını bilir, hava gücünü bilir, ən son texnologiyamızı bilir. Bir tərəfdən Türkiyə quru gücünün nə olduğunu artıq sınaqdan keçirib. İndi çalışır ki, müttəfiq yığsın başına, xeyri yoxdur, bu cür hərbi yarış tərəflərə, xüsusilə də Yunanıstana fayda verməyəcək”, - cənab Olçar deyir.
Sonda yenə qayıdaq əvvələ - “Tayfun” raketlərinə. Raketin sınağının məhz indi keçirilməsinin səbəbi Yunanıstana və onun havadarlarına mesaj ötürməkdir. Nəzərə alaq ki, İzmir şəhərindən Yunanıstanın paytaxtı Afinaya hava məsafəsi 303 kilometrdir. Yəni Türkiyənin Egey sahillərindən atılan “Tayfun” raketləri nəinki Afinanı və digər yunan şəhərlərini, hətta Yunanıstanın qərb sahillərindəki ən ucqar yerləri belə vurmağa qadirdir (mütəxəssislər “Tayfun” raketinin maksimum vurma qabiliyyətinin 1300 kilometr olduğunu bildirirlər). Qısası, Yunanıstan özündən 8 dəfə böyük Türkiyə ilə münasibətlərinin gələcəyini müəyyənləşdirmək üçün üç dəfə fikirləşib, sonra qərar verməldiir.