Zelenski və Poroşenkonun Krımdakı əmlakı hərraca çıxarılacaq

10:45 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda Ukrayna lideri Vladimir Zelenski, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Arseni Yatsenyuka məxsus mülklər hərraca çıxarılacaq.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Krımın qubernatoru Sergey Aksyonov deyib ki, Poroşenkonun əmlakının satılmasının hüquqi əsası Rusiya dövlətinə qarşı “sübut edilmiş təxribat fəaliyyətidir”.

“Hərracda çoxlu maraqlı əşyalar, o cümlədən Poroşenko, Yatsenyuk və başqalarına məxsus kurortlar və istehsalat obyektləri satışa çıxarılacaq”, - Aksyonov “Rossiya 24” telekanalına bildirib.

Krım qubernatoru Ukrayna prezidenti Zelenskiyə məxsus penthausun da satışa çıxarılacağını təsdiqləyib. Aksyonov bildirib ki, satışın hərrac üsulunda yalnız Rusiya və Krımın maraqları nəzərə alınıb.

Ukraynanın ən varlı adamlarından biri olan Petro Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub. Poroşenkonun gəmiqayırma şirkətinə məxsus Sevastopol Gəmiqayırma Zavodu Krımın ilhaqından sonra Rusiya tərəfindən müsadirə edilib.

Krım rəsmilərinin dediyinə görə, Zelenskilər ailəsinin Yaltada lüks mənzili, Yatsenyukun isə şəhərdə kinoteatrı var. Hər iki mülk ötən il Rusiya hakimiyyəti tərəfindən müsadirə edilib.

Ukrayna Parlamenti ötən il də analoji təşəbbüs imzalayıb və ölkədəki Rusiya mülklərinin müsadirə edilməsinə yol açan qanun qəbul edib. Parlament qanuna bəraət qazandıran səbəb kimi Rusiyanın həyata keçirdiyi işğal əməliyyatını göstərib.

Siyasət rubrikasından digər xəbərlər