“Təxribatçı qüvvələr var. Bu təxribatçılar hər zaman olacaq. Nə qədər Ermənistan dövlətinin başında Paşinyan, Sarkisyan kimi terrorçu, təcavüzkar insanlar olacaqsa, Qarabağ bölgəsində həmişə fitnə-fəsad yatatmaq istəyən qüvvələr meydana çıxacaq”. Bunu hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib. O deyib:
“Bu bölgə 30 ildən yuxarı bir müddət ərzində sanki barıt çəlləyini xatırladırdı. Bəzən Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə adı verilirdi. Amma bu konfilikt dondurulmuş deyildi və zaman-zaman bölgədə alovlanma müşahidə olunurdu. Vətən müharibəsi başlayana qədər bölgədə Ermənistan tərəfindən çox təxribatlar törədildi. Aprel hadisələri, bu ilin iyulunda baş verən hadisələr buna əyani sübutdur. Yəni, bu münaqişə o qədər kövrək idi ki, istənilən vaxt alovlana bilərdi. Nəticədə nəinki Qafqaz, Avrasiya regionu üçün ciddi təhlükələr yaranacaqdı. Təbii ki, bunun da səbəbkarı təcavüzkar, terrorçu Ermənistan dövlətidir. Bu bölgəyə Ermənistan xaricdən PKK, PYD, YPG kimi terrorçu qüvvələr gətirmişdi. Onlar orada məşq edirdilər, silah qaçaqmalçılığı ilə, narkobizneslə məşğul idilər. Ona görə həmin bölgə olduqca təhlükəli idi. Əslində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman ordumuzun səyi ilə bölgədən terrorçuların təmizləməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması təkcə bu bölgə üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətli hadisədir və bu da xüsusi qiymətləndirilməlidir”.
Millət vəkili vurğulayıb ki, Rusiya sülhməramlıları erməni terrorçularının bütün niyyətlərini rədd etməli və öz missiyaları ilə məşğul olmalıdırlar: “Əslində hər kəsə məlumdur ki, Ermənistanı hər zaman Rusiya dəstəkləyib, onları silahla təmin edib. Rusiya olmasa Ermənistan heç nədir. Bunu demək olar ki, bilməyən yoxdur. İndi regionda yeni vəziyyət formalaşıb. Rusiya sülhməramlıları erməni terrorçularının bütün niyyətlərini rədd etməlidirlər. Çünki əks halda, Qarabağda sülhməramlıların fəaliyyəti təcavüzkarlığı yenidən başqa formada ört-basdır etmək, erməni terrorçularına şərait yaratmaq kimi başa düşüləcək. Bu da onların sülhməramlıdan çox başqa missiyaya xidmət etdikləri anlamına gələcək. Amma bu hal baş verərsə, Rusiyanın dünyadakı imici daha da zədələnəcək. Çünki hazırda Rusiya beynəlxalq təşkilatlar tərəfindən, Avropa Birliyi, ABŞ tərəfindən ciddi sanksiyalarla üzləşib. Məsələn, Krım məsələsində, Belarusiyada baş verən hadisələrdə Rusiya tərəfi ittiham olunur. Düğünürəm ki, rəsmi Moskva heç vaxt marağında olmaz ki, sülhməramlılarının adı yeni bir təcavüzkarlıq, hansısa işğal və yaxud da imitasiya ilə bağlı hallansın. Sözsüz ki, Rusiyanın dövlət qurumlarında, parlamentində, eləcə də orduda ermənilərin çox güclü dayaqları var. Ola bilər ki, sülhməramlıların daxilində müəyyən ermənipərəst qüvvələr var, hansısa cildə girərək Arayik kimi quldurlara, Ermənistan ordusunun qalıqlarına dəstək verirlər. Yəni, mən bu baş verənlərin rəsmi Rusiyanın mövqeyi olduğuna inanmaq istəmirəm. Çünki noyabrın 10-da imzalanan məlum məğlubiyyət sənədinə Paşinyanın qol çəkməsində Rusiyanın böyük rolu olub. Putin dəfələrlə rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı mövqeyini açıq bəyan edib və sonuncu çıxışlarında da bildirdi ki, artıq bu münaqişə tarixə qovuşub və yoxdur. Amma bir daha vurğulayıram ki, Qarabağ ərazisinə yerləşdirilən 2000 nəfərə yaxın sülhməramlı hərbi qulluqçuların arasında təxribatçılar, ermənipərəst qüvvələr, Arayik kimi quldurlara iş birliyinə gedənlər ola bilər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti tamamilə əmin ola bilər ki, dövlətimizin başçısı, möhtərəm Prezidentimiz və Azərbaycan ordusu Qarabağda hansısa oyunlara imkan verməyəcək. Elə bir neçə gün bundan əvvəl cənab Prezident ATƏT-in Minsk qrupunun həmsədlərinə sözün əsl mənasında dərs keçdi. Həmin görüşdə səslənən fikirləri yalnız haqlı, güclü və arxası möhkəm olan tərəf söyləyə bilərdi. Prezidentimiz həm güclüdür, həm haqlıdır,həm də arxasında möhkəm bir qüvvə, yəni xalq-ordu birliyi dayanır. Təbii ki, Rusiya sülhməramlılarının son addımlarından hər birimiz narahatıq. Çünki bizim igidlərin o torpaqların hər qarışında qanı tökülüb. İşğal altındakı torpaqlarımız Azərbaycan oğullarının canı-qanı bahasına azadlığına qovuşub. Biz bir qarış torpağımıza da güzəştə getməyəcəyik. Buna dövlətimiz, ordumuz heç vaxt imkan verməz. Cənab Prezidentin də vurğuladığı kimi istənilən təxribatçı cəhdlərin qarşısını almağa yetərincə gücümüz var və belə “fəaliyyətlər”ə adekvat cavab veriləcək”.