"Akıncı" SİHA-nı idarəetmə kursu"nun növbəti buraxılışı olub

22:35 21.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş "Akıncı" silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Hafta.az-ın yazdığına görə, buraxılış mərasimi Türkiyə Respublikası Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Səlçuk Bayraktar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Apparatının əməkdaşlarının iştirakı ilə keçirilib.

Kursun məzunlarına öz səmimi arzularını çatdıran Səlçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.

Səfir Rəşad Məmmədov isə artıq bütün dünyada türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan Bayraktar Silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı danılmaz rolundan bəhs edib. O, "Baykar" Müdafiə Sənayesi şirkətinin istehsalı olan "Akıncı" Silahlı Pilotsuz Uçuş Aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyə, Azərbaycan və Pakistanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.

Siyasət rubrikasından digər xəbərlər