"İran işğaldan azad edilən ərazilərin bərpasında iştirak etmək istəyir" - Həsən Ruhani

15:38 09.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran prezidenti Həsən Ruhani bildirib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasına sevinirlər və gələcəkdə Dağlıq Qarabağda atəşkəsin daha da gücləndirilməsinə dəstək verməyə hazırdırlar. 

Hafta.az-ın yazdığına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan İran üçün dost və qardaş ölkədir: "İranın iradəsi Azərbaycanla münasibətləri maksimum inkişaf etdirməkdir. İki ölkə arasındakə mövcud əlaqələri daha da genişləndirmək üçün hazırda yeni beynəlxalq şərtlərin yaratdığı fürsətlərdən yararlanmağı düşünürük".

İqtisadi-ticarət əlaqələri artırmaq üçün İranla Azərbaycan arasında mövcud olan sərhəd xəttindən istifadə etməyin önəmini vurğulayan prezident Ruhani deyib ki, ABŞ-da Tramp dönəminin sona yetməsi, bu ölkədə yeni iqtidarın fəaliyyətə başlaması ilə dövlətlər arasında daha yaxşı əməkdaşlıq atmosferinin yaranacağına ümid edirlər. 

H.Ruhani Azərbaycanın işğaldan azad edilən torpaqlarında tikinti-quruculuq işlərində yaxından iştirak etmək istədiklərini də diqqətə çatdırıb. "Ölkələrimizin qonşu olmasını və mövcud imkanlarımızı nəzərə aldıqda, İranın Dağlıq Qarabağ müharibəsi zamanı ziyan çəkən bölgələrinin yenidən inşasına qatılımı həm Tehrana, həm də Bakıya böyük faydalar verə bilər", - prezident Ruhani deyib.

Dövlət başçısı Azərbaycanla İranı dəmir yolu ilə bir-birinə bağlayacaq Rəşt-Astara Dəmir Yolu layihəsi başda olmaqla, iki ölkə arasında imzalanmış anlaşmalara da toxunub. O, bildirib ki, Xudafərin su anbarı üzərində bir elektrik stansiyasının inşası da daxil olmzaqla, iki ölkə arasında razılaşdırılmış birgə layihələrin icrası üçün şərtlər hazırlanıb. Azərbaycan və İran sənaye, elm, tibb və digər sahələrdəki əməkdaşlıqlarını daha da inkişaf etdirə bilərlər.